Məhkəmə qərarları › İş №2(105)-2125/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2125/2021

14.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2125/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il və 23 aprel 2021-ci il tarixli qərardadlarından maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim V.M.Seyidov) Quba Rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(027)-2743/2018 saylı qərardadından Azrəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Quba Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(027)-2743/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair iddiasına dair mülki iş üzrə tərəflər arasında 06 dekabr 2018-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Ərazi İdarəsi şikayət ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin 07 dekabr 2018ci il tarixli, 2(027)-2743/2018 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(027)-2743/2018 saylı qərardadı ilə Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Ərazi İdarəsinin şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-798/2021 saylı 09.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Ərazi İdarəsinin şikayəti qeyri-mümkün hesab edilmiş, şikayətin mümkünlüyü məsələsi yenidən müzakirə edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı tərəfin nümayəndəsi E.Hacıyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsini şikayət vermə hüququ və səlahiyyəti olmadığını vurğulayaraq qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxmadan təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qəbul olunmuş məhkəmə qətnaməsi onların hüquq və vəzifələrinə toxunur. Quba Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(027)- 2743/2018 saylı və Quba Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadlarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi X.M.Aydınbəyov şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək bildirmişdir ki, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Vətəndaşlar bu aktı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslarla əldə edə bilərlər. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu tələblərə riayət edilmədikdə qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməlidir. Bundan sonra qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Şəxs həmin hərəkətdən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən müvafiq İnzibati-İqtisad məhkəməsinə iddia verə bilər. Buradan da müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vətəndaşların mülkiyyət hüquqlarının tanınması üçün təqdim etdikləri sənədləri, tələblərə cavab verdikdə qəbul etməli, əks təqdirdə ondan imtina etməlidir. Həmin sənədlərin mübahisələndirilməsi Xidmətin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu K.Maraevin şikayəti üzrə 29.07.2016-cı il tarixli qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun 3 səciyyəvi əlamətinionun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi;- iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması;- öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını müəyyən etmişdir. Qeyd olunan normaların tələbindən də görünür ki, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən-qərardadlardan işdə iştirak etməyə cəlb olunmayan şəxslər də apellyasiya şikayəti verməklə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər, lakin bu hüquq prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri aşmamalı, mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan işdə iştirak etməyə cəlb edilməyən şəxslərin apellyasiya şikayəti məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması hallarında mümkün hesab edilməlidir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hazırki mülki iş üzrə tərəf olmadığı üçün mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə akt (tərəflər arasında barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunub) Xidmətin hansı marağına toxunduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 07 dekabr 2018-ci il tarixli və 23 aprel 2021-ci il tarixli 2(027)-2743/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar