Məhkəmə qərarları › İş №2(105)-214/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-214/2021

04.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-214/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı şirkətinin nümayəndəsi X5 və Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-87/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-87/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı şirkətinin Cavabdeh qarşı qeyri-qanuni tikilmiş tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, şirkətin şaziş ərazi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun öz vəsaiti hesabına sökülməsi, onun həmin özbaşına tikilidən və torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı şirkətinin istifadəsinə qaytarılması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X10” şirkəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh şirkətin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin (“Şirkət”) saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 3 saylı mədənin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı şirkətinin (“Şirkət”) qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu qanun qüvvəyə mindikdən sonra saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, saziş, Hökümət təminatı və əlavələr sazişin qüvvədə olduğu müddət ərzində bu sazişə, hökümət təminatına və əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunların, fərmanlarının, yaxud inzibati sərəncamların (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra sazişin, hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin onun istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin Cavabdeh özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması, mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı şirkətinin istifadəsinə qaytarılması barədə qətnamənin çıxarılmasına mane olmur. Belə ki, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı və qərardadı mövcuddur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə həm prosessual, həm də maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyinə görə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, qətnamədə özbaşına tikili adlandırılan ev onun tam qanuni əsaslarla mülkiyyətindədir. Məhkəmə evi özbaşına tikili adlandırsa da, buna dair heç bir əsas göstərməmişdir. Qətnamə onun mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11.10.2000-ci il tarixli, 1523 nömrəli sərəncamı ilə ona Sulu- Təpə yaşayış sahəsində yerləşən, 600 kv.m ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün, əlavə edilmiş çizgi əsasında ayrılmışdır. O, həmin sərəncam əsasında hazırki Abşeron rayonu, X12 küçəsi, döngə 2, ev 8 ünvanında ev tikdirmiş və 2001-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu ev onun və ailə üzvləri olan həyat yoldaşı, iki oğlu, gəlini və nəvəsinin yeganə və daimi yaşayış yeridir. İddiaçı şirkəti Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 1523 saylı, 11.10.2000-ci il tarixli sərəncamın sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixindən qüvvədən düşdüyü üçün (hüquqi qüvvəsini itirdiyi üçün) etibarsızlığının tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2600/2018 saylı, 23.05.2018-ci il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin 1523 saylı, 11.10.2000-ci il tarixli sərəncamı hələ də hüquqi qüvvəsini itirməmişdir və onun Abşeron rayonu, X12 küçəsi, döngə 2, ev 8 ünvanında yerləşən torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını müəyyən edir. İddiaçı mövqeyinin əsassız olduğunu qəbul edərək sözügedən qərardaddan apellyasiya şikayəti verməmişdir. Dövlət tərəfindən həmin evə işıq, qaz, su, kanalizasiya, kommunikasiya sistemləri çəkilmişdir. Bundan əlavə, o həm də torpağın və fərdi yaşayış evinin sahibi olduğu müddət ərzində torpağa və evə dair bütün vergiləri və digər xərcləri ödəmişdir. Bu da özlüyündə onun torpağa qanunvericiliyin tələblərinə uyğun sahiblik və istifadə etdiyinə sübutdur. Dövlətin və cəmiyyətin maraqları naminə qanunla müəyyən olunmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dəyəri qabaqcadan ədalətli şəkildə kompensasiya edilmədən ona məxsus olan yaşayış sahəsi sökülə bilməz. Binəqədi rayon İcra Hakimiyyətinin 28 May qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 12.05.05-ci il tarixli aktda həmin torpaq sahəsində tikdiyi fərdi yaşayış evinin yoxlanıldığı və sanitar normalara əməl edilməklə tikildiyi qeyd olunmuş, həmçinin nümayəndəlik tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti başçısına yazılmış eyni tarixli məktubda evin hüquqi qeydiyyata alınmasının başçının sərəncamına göndərildiyi bildirilmişdir. Göründüyü kimi, evə səlahiyyətli orqan tərəfindən yoxlama keçirilmiş və heç də iddiaçının öz ərizəsində bildirdiyi kimi lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarının və qaydalarının pozulması ilə tikinti inşa edilməsi halına rast gəlinməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 04.11.2008-ci il tarixli, 7912 nömrəli rəydə ona ayrılmış torpaq sahəsinin qanunamüvafiq olduğu və DTXK-nin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyi bildirilmişdir. DTXK tərəfindən torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmişdir. İnzibati aktların heç birinin nə etibarlılığı, nə qanuniliyi mübahisələndirilməmişdir. Deməli, onun mübahisələndirilən torpaq sahəsinə və fərdi yaşayış evinə tam qanuni əsaslarla malik olduğuna şübhə etməyə heç bir əsas yoxdur. Lakin məhkəmə sırf iddiaçının mövqeyini rəhbər tutaraq işin hallarını araşdırmağa ehtiyac duymamışdır. Qətnamədə istinad olunan 29.04.2005-ci il tarixdə qanun statusunu almış saziş o, evini tikdikdən sonra imzalanmışdır və heç bir halda bu sazişin bağlanması onun qanunla qorunan hüquqlarının pozulmasının əsası kimi göstərilə bilməz. Beləliklə, ev tam qanuni əsaslarla ona məxsusdur, bu səbəbdən də evə olan hüquqları toxunulmazdır və evinin yerləşdiyi torpaq sahəsinin heç kimin istifadəsinə və ya mülkiyyətinə verilməsinə yol verilə bilməz. Həmçinin qətnamə ilə onun və ailə üzvlərinin mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məktubundan da göründüyü kimi, mübahisələndirilən ərazi SOCAR-ın daimi istifadəyə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olsa belə, SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Başqa sözlə desək, sözügedən torpaq sahəsi faktiki olaraq neft-qaz əməliyyatlarının aparıldığı sahəyə daxil deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə yazmış olduğu 10 oktyabr 2017-ci il tarixli məktubda ARDNŞ bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir və həmin torpaq sahəsi Bakı şəhər X6 07.08.1991-ci il tarixli, 11/465 nömrəli qərarına əsasən “Teymur” kooperativinə əkinçilik məqsədi üçün ayrılmışdır. Mübahisələndirilən ərazi iddiaçının nəzarəti altında olan ərazi olmadığı təqdirdə o, bu ərazi üzərində digər şəxslərin hərəkətlərini mübahisələndirməyə subyektiv hüquqa malik deyildir. Başqa sözlə, ona məxsus olan torpaq sahəsi faktiki olaraq 3 saylı mədənin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində yerləşmədiyi üçün iddiaçının bu ərazidə hər hansı təhlükəsizlik tədbirləri görməyə səlahiyyəti yoxdur. İş materiallarında olan məhkəmə ekspertizasının aparılmasının mümkün olmaması barədə 30715 saylı, 23 yanvar 2020-ci il tarixli məlumatdan da göründüyü kimi, 22.01.2020-ci il tarixində tərəflərin iştirakı ilə mübahisəli ərazidə tədqiqat obyektinə baxış keçirilmiş, lakin iddia olunan neft quyusunun faktiki olaraq mövcud olmaması və ekspertə təqdim edilə bilməməsi səbəbindən müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Odur ki, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 19 noyabr 2019-cu il tarixli qərardad icra olunmadan mülki iş geri qaytarılmışdır. Bu o deməkdir ki, ekspert Abşeron rayonu, Mehdiabad kəndindən keçən hissəsində, İddiaçı şirkətinin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində yerləşən onun tərəfindən inşa edilmiş tikilinin 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilinə düşüb-düşməməsini müəyyən edə bilməmişdir. Məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət daşıyan faktı müəyyən etmədən qərar qəbul etməsi onun hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının qeyd etdiyi kimi onun evinin İddiaçı şirkətinin 3 saylı mədəninin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratması faktı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmənin mülki mübahisənin həllinə birbaşa təsir edəcək mötəbər sübut olmadan qərar qəbul etməsi məhkəmənin işə birtərəfli yanaşması və ona münasibətdə qərəzli mövqedə olmasının göstəricisidir. Ekspert rəyi olmadan qəbul edilmiş qətnamə əsaslı deyildir, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır və ədalət mühakiməsinin tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi prinsipinə məhəl qoymayaraq kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı 10.10.2017-ci il tarixli məktubunda qeyd etmişdir ki, torpaq sahəsinin 35 metrliyində yerləşən quyu ləğv olunmuşdur. Əgər sözügedən ərazidə hər hansı quyu yoxdursa, iddiaçının hansı quyunun mühafizəsi üçün təhlükəsizlik tədbirləri gördüyü məlum deyildir. Hətta məhkəmə qaydasında işə cəlb olunmuş ekspert belə tədqiqat üçün quyunun yerləşdiyi yeri müəyyən edə bilməmişdirsə, iddiaçı 20 il ərzində sözügedən ərazidə hansı təhlükəsizlik tədbirlərini görmüşdür. İddiaçı şirkəti sözügedən ərazidə neft xəttinin təhlükəsizlik zolağı daxilində neft-qaz əməliyyatlarını həyata keçirməsinə nəzarət edilməsi istiqamətində hər hansı işlər görməmişdir. O, torpaq sahəsinin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etdikdən sonra iddiaçı bu ərazi barədə xəbər tutmuşdur. Odur ki, iddiaçı 20 il ərzində sözügedən ərazidən xəbərsiz olmuş və ərazidə hər hansı təhlükəsizlik tədbirləri görməmişdir. Məhkəmənin yol verdiyi digər kobud prosessual pozuntu ondan ibarət olmuşdur ki, ona məxsus torpaq sahəsinin və evin yerini araşdırmadan, evin olduğu yerə baxış keçirmədən, yenə də sırf iddiaçının rəyi əsasında onun evinin məhz qətnamədə qeyd olunan saziş ərazisi hüdudları və 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş olduğu qənaətinə gəlmişdir. Belə ki, ona məxsus olan mübahisələndirilmiş torpaq sahəsi 3 tərəfdən yaşayış sahələri ilə əhatə olunmuşdur. Həmçinin, onun yaşadığı məhəllədə yerləşən evlərin əksəriyyətinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışları vardır. Qonşuluqda olan yaşayış evlərinin yerləşdiyi ərazi Binəqədi rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə vətəndaşlara istifadəyə verilmiş, onlar isə bu sənəd əsasında yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış almışlar. Qonşularına məxsus olan çıxarışlar məhkəməyə sübut kimi təqdim olunmuşdur və həmin çıxarışların surəti iş materiallarında vardır. Qonşuluğunda bu qədər yaşayış sahəsinin olmasına baxmayaraq yalnız ona qarşı yaşayış sahəsinin sökülməsi tələbinin irəli sürülməsi absurddur. Başqa sözlə, iddiaçı öz iddiasını məhz ona məxsus yaşayış sahəsinin İddiaçı şirkətinin 3 saylı mədəninin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratması ilə əsaslandırmışdır. Halbuki, ona məxsus yaşayış sahəsinə üç tərəfdən bitişik olan yaşayış sahələrinə qarşı belə bir tələb yoxdur. O, qonşuluğunda yerləşən yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqayisədə ayrı-seçkiliyə məruz qalmışdır. Həmçinin, torpaq sahəsinin və evinin yerləşdiyi X12 küçəsinin dövlət səviyyəsində işıq, qaz, su, kanalizasiya, kommunikasiya sistemləri ilə təchizatı həyata keçirilmişdir. İddiaçının qeyd etdiyi quyu isə o, evi tikməzdən uzun müddət əvvəl ləğv olunmuşdur və illərdir evinin yerləşdiyi əraziyə yaxın neft hasilatı ilə bağlı heç bir əməliyyat keçirilməmişdir. Bunları görmək, evinin yerləşdiyi torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmış torpaq olduğu və iddiaçının istinad etdiyi əsasların absurd olduğu qənaətinə gəlmək üçün məhkəmə tərəfindən evin yerləşdiyi əraziyə baxış keçirilməsi kifayət idi. Bundan əlavə, məhkəmə sübut kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritəyə istinad etsə də, nəzərə almamışdır ki, onun torpaq sahəsinin də eyni orqan tərəfindən tərtib edilmiş planı və ölçüsü vardır və Komitənin Abşeron şöbəsinin 04.11.2008-ci ildə verdiyi 7912 saylı rəydə də ona ayrılmış torpaq sahəsinin qanunamüvafiq olduğunu, torpaq sahəsinə mülkiyyət hüququ əldə etməyi üçün sənəd verilməsinin mümkünlüyünü aydın şəkildə ifadə etmişdir. Əgər iddiaçının əsas gətirdiyi və məhkəmənin istinad etdiyi kimi torpaq sahəsi saziş ərazisində yerləşirdisə, DTXK səlahiyyətli orqan kimi bunu öz rəyində bildirməli idi. Göründüyü kimi, iddiaçının istinad etdiyi halların tamamilə əsassız olduğuna dair kifayət qədər sübutlar vardır, lakin məhkəmə heç bir sübutla təsdiq edilmədiyi halda, iddia tələbini əsassız olaraq təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı şirkətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2000-ci il tarixli, 1523 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh Sulutəpə yaşayış sahəsində 600 kv.metr ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün, əlavə edilmiş cizgi əsasında ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 04 noyabr 2008-ci il tarixli, 7912 saylı rəyinin surətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2000-ci il tarixli, 1523 saylı sərəncamına əsasən Cavabdeh 0,06 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2000-ci il tarixli, 1523 saylı sərəncamı ilə Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq və Kadastr kitabında 03 dekabr 2008-ci il tarixdə 11104 nömrə ilə uçota alnmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinə ünvanlanmış 10.10.2017-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi (Sulu-təpə) ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Qeyd olunan torpaq sahəsi Bakı şəhər X6 07.08.1991-ci il tarixli, 11/465 nömrəli qərarına əsasən, “Teymur” kooperativinə əkinçilik məqsədi üçün ayrılmışdır. Eyni zamanda torpaq sahəsinin 35 metrliyində ləğv olunmuş quyu yerləşir və 26 metrliyindən İddiaçı şirkətinin istismarında olan mədənlərarası neft xətti keçir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-1(81)-2600/2018 saylı qərardadının surətindən görünür ki, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Binəqədi rayon İcra Hakimiyyətinin 1523 saylı, 11.10.2000-ci il tarixli sərəncamının 15 may 2005-ci il tarixdən qüvvədən düşdüyü üçün etibarsızlığının tanınması barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə Tədqiqat idarəsinin 04 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2000-ci il tarixli, 1523 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikintisi məqsədi üçün Cavabdeh keçmiş DTXK tərəfindən verilmiş 0,06 ha torpaq sahəsinin plan və ölçüsü təqdim olunmuşdur. Torpaq sahəsinə baxış keçirilən zaman Cavabdeh faktiki istifadə vəziyyətində daş hasara alınmış yaşayış evinin yerləşdiyi 0,0749 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2000-ci il tarixli, 1523 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikintisi məqsədi üçün Cavabdeh keçmiş DTXK tərəfindən verilmiş 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Elektron kadastr məlumat bazasında iş araşdırılarkən 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "xxxx" Kompani Bi.Vi. və Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə saziş”ə əlavə olunmuş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş xəritədə Cavabdeh faktiki istifadə vəziyyətində daş hasara alınmış 0,0749 ha torpaq sahəsinin ARDNŞ-nin Saziş blokunun kontrakt sahəsinin hüdudları daxilində olması müəyyən edilmişdir. Lakin elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad kəndindən keçən hissəsində alınmaqla İddiaçı şirkətinin saziş ərazi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusu haqqında məlumat olmadığından Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (yaşayış evi) neft xəttinin təhlükəsizlik zolağı daxilinə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertizanın 09 oktyabr 2019-cu il tarixli, 19452 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə- Tədqiqat idarəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2000-ci il tarixli, 1523 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikintisi məqsədi üçün Cavabdeh keçmiş DTXK tərəfindən verilmiş 0,06 ha torpaq sahəsinin plan və ölçüsü təqdim olunmuşdur. Torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadə vəziyyətində daş hasara alınmış yaşayış evinin yerləşdiyi 0,0749 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2000-ci il tarixli, 1523 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikintisi məqsədi üçün Cavabdeh keçmiş DTXK tərəfindən verilmiş 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Elektron kadastr məlumat bazasında iş araşdırılarkən 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft şirkəti, "xxxx" Kompani Bi.Vi. və Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ortaq şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Saziş”ə əlavə olunmuş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş xəritədə Cavabdeh faktiki istifadə vəziyyətində daş hasara alınmış 0,0749 ha torpaq sahəsinin ARDNŞ-nin saziş blokunun kontrakt sahəsinin hüdudları daxilində olması müəyyən edilmişdir. Lakin elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad kəndindən keçən hissəsində alınmaqla İddiaçı şirkətinin Saziş ərazi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində yerləşən 361946 saylı neft quyusu haqqında məlumat olmadığından Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (yaşayış evi) neft xəttinin təhlükəsizlik zolağı daxilinə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertizanın 16.08.2021-ci il tarixli, 10/1921 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış Azərbaycan Respublikası Dövlət Neft şirkətinin vitse prezidenti M.İsmayılovun imzası ilə təsdiq edilmiş 10.10.2017-ci il tarixli məktuba əsasən qeyd olunan torpaq sahəsinin (cavabdehin faktiki istifadəsində olan) 35 metrliyində ləğv olunmuş quyunun yerləşdiyini və 26 metrliyində İddiaçı şirkətinin istismarında olan mədənlərarası neft xəttinin keçdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin Neft mədənlərinin neft, qaz və suların yığımı, nəqli və hazırlanması obyektlərin texnoloji layihələşdirmə Qaydalarının 19-cu cədvəlinə əsasən neft quyusunun (hazırda istismar olunmur), Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 18.12.2002-ci il tarixli, 45 saylı əmri ilə təsdiq edilmiş “Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı” 6.2 və 6.3-cü bəndlərinin göstəricilərinə əsasən isə neft xəttinin mühafizə zonasına düşdüyü müəyyən olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə ixrac neft boru kəmərləri marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır, mühafizə zonaları müəyyənləşdirilir. Həmin Qaydaların 6.1-ci bəndinə görə mühafizə zonasında Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi tərəfindən təsdq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik Qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşdən görünür ki, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi tikililərə və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə cavabdehin hər hansı bir hüququ (mülkiyyət, istifadə, icarə və s) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, həmin tikililər qanunvericiliyin tələbinə görə özbaşına tikinti sayılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-87/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar