Məhkəmə qərarları › İş №2(105)-2166/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2166/2023

13.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2166/2023 13.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması- tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədiyinə görə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5253/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 02 sotun işərisində tikilmiş bir mərtəbəli fərdi yaşayış evi ilə bağlı Abşeron 2 saylı Notariat Ofisində cavabdehlər- əri Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində bağlanmış, 3M-1167 saylı reyestr qeydiyyatı ilə rəsmiləşdirilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh1 həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (hakim S.Quliyeva) 2(012)-5253/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-5253/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-5253/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından iddiaçının hazırkı iş üzrə məhkəməyə müraciət etməzdən öncə mübahisənin həllinə dair mediasiya təşkilatına müraciət etməsi müəyyən edilmədiyindən və bu hal iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət edilməməsi kimi qiymətləndirildiyindən işə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 149.2.4-1, 151.1, 152.1.6-1, 152.2, 152.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Həmin qərardad əsassız və qanuna zidd olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. İddia ərizəsi xüsusi poçt vasitəsi ilə xx.xx.2023-cu il tarixdə məhkəməyə çatdırılmış (daxil olmuş), xx.xx.2023-cü ildə 2(012)-5253/2023 nömrəsi ilə qeydiyyata alınmışdır, qərardad isə qanunla nəzərdə tutulmuş 5 günlük müddət keçdikdən sonra, yəni xx.xx.2023-cu ildə qəbul edilmişdir. Odur ki, iddia ərizəsi icraata qəbul edilmiş sayılmalıdır. Bundan başqa, qərardadın məhkəmə əsaslandırması tamamilə əsassızdır. Belə ki, qaldırılan iddianın məzmunundan (faktiki və hüquqi əsaslardan) açıq-aşkar bəlli olur ki, iddia ailə münasibətlərindən irəli gələn mübahisələrə aid deyildir. İddia iddiaçının əri tərəfindən Cavabdeh1 ilkin alqı-satqı yolu ilə satılmış fərdi yaşayış evi ilə bağlı həmin əqdin etibarsız hesab edilməsi barədədir. Yəni iddiaçı ümumi birgə mülkiyyətdə olan əmlakın ər və arvad arasında bölünməsini, (payların müəyyən edilməsini), yaxud həmin əmlakdan payın ayrılmasını deyil, məhz həmin əmlakla bağlı iddiaçının ərinin ailə üzvü olmayan kənar şəxslə arasında bağladığı əqdin (ilkin alqı-satqı müqaviləsinin) etibarsız sayılmasını, başqa sözlə həmin əmlakla bağlı vəziyyətin ilkin vəziyyətə qaytarılmasını tələb edir. Digər tərəfdən məhkəmə sözügedən qərardadı qəbul edərkən nəzərə almamışdır ki, digər cavabdeh (Cavabdeh1) etibarsız hesab edilməsi tələb edilən əqdin digər tərəfidir və həmin şəxslə iddiaçı arasında ailə münasibətləri yoxdur və iddiaçı onun evdən çıxarılmasını tələb edir. Odur ki, qaldırılan iddia AR MPM-nin 152.1.6-1 maddəsinin (tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələb olunduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə) təsiri dairəsinə düşmür. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 150.1 və 150.1.7-ci maddələrin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. və 152.1.6-1. “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1.Apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

11. “Mediasiya” haqqında Azərbaycan Respublikası Qanununun: 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Apellyasiya baxışının hədləri

12. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-5253/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

13. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-5253/2023 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-5253/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Nəzərə alınmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur.

16. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.

17. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş əmlaka dair rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Qeyd edilməlidir ki, Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər həmin Məcəllənin 2-ci maddəsində təsbit edilmişdir.

19. Qeyd olunan Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.

20. “Mediasiya” haqqında Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

21. Göründüyü kimi hər iki qanunvericiliyi əlaqəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, hazırki iddia tələbi iki hissədən-əqdin etibarsızlığı (alqı-satqı müqaviləsinin) və mənzildən çıxarılma ilə bağlı olsa da, mahiyyət etibarı ilə kökündə ailə münasibətlərindən (ər-arvad) irəli gələn mübahisə durur. Konkret halda hazırkı işdə tərəflər arasında ailə münasibətlərindən irəli gələn və davam edən əmlak xarakterli mübahisə mövcuddur.

22. İstinad olunan Qanuna əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

23. Yuxarıda sadalananlara istinadən kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-5253/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5253/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar