Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-217/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdeh X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X8, X15, X11, X9 qarşı borc tələbi və borcun ipoteka predmetinə yönədilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(012)-200/2019 saylı qətnaməsindən İddiaçı ASC və cavabdehlər X12, X15, X11, X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X12 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21.11.2014-cü il tarixli 138266CNS13356 saylı kredit müqaviləsinə əsasən 17819 ABŞ dolları məbləğində əsas borc, 2515,49 ABŞ dolları faiz borcu, 102,16 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 20436,65 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə, 30 manat xidmət haqqı tutularaq, ödəniş gününə Azərbaycan Respublikasının manatına məzənnəsi ilə hesablanmaqla pul tutulması, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, mənzil açıq hərracda satılması və vəsaitdən qeyd edilən tutulmalı olan məbləğ "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 200000 manat müəyyən edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdeh X3 tutulub iddiaçıya verilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat pul vəsaiti cavabdeh X3 tutulub Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin nəfinə (kodu: 200093; Vöen **********; müxbir hesab: AZ37NABZ********************; sfift bik: AİİBAZ2X) keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC və cavabdehlər Aflədin Eminov, Bahar Əkbərova, Nurlan Eminov, Urquya Eminova qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər X8, X15, X11, X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank ilə cavabdeh X12 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138266CNS13356 saylı kredit müqaviləsinə əsasən 14 fevral 2017-ci il tarixə banka borclu olduğu 17819 ABŞ dolları məbləğində əsas borc, 2515,49 ABŞ dolları faiz borcu, 102,16 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 20436,65 ABŞ dolları pul məbləğinin və 30 manat məhkəmə üçün, 30 manat ipoteka predmetinin qeydə alınması üçün olmaqla, cəmi 60 manat dövlət rüsumunun cavabdeh X3 İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, mənzil açıq hərracda satılması və vəsaitdən qeyd edilən tutulmalı olan məbləğ "xxxx" ASC-nin xeyrinə ödənilməsi, həmin mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan X12 və onunla birlikdə yaşayan X15, X11, X5 yaşayın sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və ya çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X12 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138266-CNS-13356 saylı girovlu istehlak krediti müqaviləsinə əsasən X6 istehlak məqsədilə illim 25 faiz hesablanmaqla 48 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə A.H.Eminov arasında bağlanmış 21.11.2014cü il tarixli 138266-CNS-13356 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən A.H.Eminov 29 yanvar 2016-cı il tarixinə mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 17819 ABŞ dolları məbləğində olan borcu 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh A.H.Eminova məxsus ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzil 21.11.2014cü il tarixli 138266-NEDVİJ-3348 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı tərəflər arasında 21 noyabr 2014-cü il tarixli 138266- NEDVİJ-3348 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı 29.01.2016-cı il tarixli razılaşma bağlanmışdır. Lakin borclu şəxs A.E.Eminov öz üzərinə götürdüyü kredit öhdəlikləri 30 may 2016-cı il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka 17819 ABŞ dolları məbləğində əsas borc, 2515,49 ABŞ dolları faiz borcu, 102,16 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 20436,65 ABŞ dolları pul məbləğində borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Abşeron rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, cavabdehlərin yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edərək həmin hissədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə mahiyyət üzrə düzgün olsa da, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Cavabdehlər X12, X15, X11, X1 rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin kredit borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual hüquq normaları pozulmuşdur. İddiaçı tərəfindən şişirdilmiş ümumi borc məhkəmə tərəfindən nəzərə alınmadığı səbəbindən apellyasiya qaydasında iş üzrə məhkəmə mühasibat ekspertizası təyin edilməklə müəyyən edilmiş borc əsasında yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X12 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətini təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər X15, X11, X9 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi qismən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, kredit borcunun tutulması, ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində ləğv edilməli, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində, yəni iddianın təmin edilməyən hissəsində, cavabdehlər isə qətnamənin kredit borcunun tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə tərəflərin mübahisələndirdikləri hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq ilkin olaraq iddiaçının apellyasiya şikayətinə qiymət verilməsini məqsədəuyğun hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə yönəltmə edərkən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən etmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC-nin tərəfindən verilmiş 14.10.2020-ci il tarixli rəy ilə ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzilin orta bazar qiyməti 180.000 (yüz səksən min) manat, likvid dəyəri 160.000 (yüz altmış min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdehin təqdim etdiyi “Əmlak Ekspert Mərkəzi” tərəfindən verilmiş ƏEM/O 59-590/20 №li 29 oktyabr 2020-ci il tarixli əmtəəşünaslıq ekspertizası rəyi ilə ünvan 1 ünvanında yerləşən mənzilin 29 oktyabr 2020ci il tarixinə orta bazar qiyməti 115.000 (yüz on beş min) manat, likvid dəyəri 105.000 (yüz beş min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən ekspert rəyi mübahisələndirilmiş, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş üzrə təkrar məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli 02-09/20 № ekspertizası rəyi ilə ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzilin 14 yanvar 2021-ci il tarixinə likvid dəyəri 115.000 (yüz on beş min) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair müxtəlif fərqli rəylər verilmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası iş üzrə mübahisə predmeti olan əmlakla bağlı "xxxx" MMC, “Əmlak Ekspert Mərkəzi” və "xxxx" MMC tərəfindən verilmiş rəyləri müqayisə edərək hesab edir ki, sonuncu iki rəydə göstərilən ipoteka predmetinin qiymətləri reallığı əks etdirmir. Odur ki, ilk rəy sonuncu iki rəydə göstərilən qiymətlərə münasibətdə daha çox reallığı özündə əks etdirdiyindən, eləcə də tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd olunan qiymətə uyğun olduğundan, həmin rəydəki qiymət ipoteka predmetinin likvid dəyəri kimi göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzilin likvid dəyəri 160.000 (bir yüz altmış min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehlərin onların iştirakı olmadan işə baxılması barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada xəbərdarlıq edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış kredit məbləğini mübahisələndirməsinə dair cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış kredit borcunun cavabdehlər tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2792 saylı 27 may 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 21.11.2014-cü il tarixli 138266-CNS-13356 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə edilmiş 29.01.2016-cı il tarixli razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla, 29 yanvar 2021-ci il tarixinə əsas borc məbləği 17529,06 ABŞ dolları, faiz borcu 2515,49 ABŞ dolları təşkil edir. Qeyd etmək lazımdır ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduğu və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borcun məbləği 17819 ABŞ dolları, faiz borcu isə 2515,49 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borc məbləğinə hesablanmış faiz məbləğinin düzgün hesablandığı müəyyən olunsa da, əsas borcun tələb edilən tarixə düzgün hesablanmadığı, yəni artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və sonuncunun mövqeyini əks etdirir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, kredit borcunun tutulması, ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh X3 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 300 (üç yüz) manat "xxxx" MMC-nin, 300 (üç yaz) manat "xxxx" MMC-nin hesabına keçirilməli, “Əmlak Ekspert Mərkəzi”-nin tədqiqatının dəyəri 130 (yüz otuz) manat X4 özünə aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, kredit borcunun tutulması və ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzilin likvid dəyəri 160.000 (bir yüz altmış min) manat müəyyən edilsin. Cavabdehlər X12, X15, X11, X1 rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, ev 124 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzili boşaldaraq, həmin sahədən çıxarılsınlar. Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X3 17529,06 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əsas kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh X3 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 300 (üç yüz) manat "xxxx" MMC-nin, 300 (üç yüz) manat "xxxx" MMC-nin hesabına keçirilsin, “Əmlak Ekspert Mərkəzi”-nin tədqiqatının dəyəri 130 (yüz otuz) manat X8 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-217/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-217/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver