Məhkəmə qərarları › İş №2(105)-2179/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2179/2022

07.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2179/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı vəzifədən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(012)-2201/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı vəzifədən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı vəzifədən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Sanatoriyasının X4 müdiri vəzifəsindən azad edilməyi barədə cavabdeh MN-nin Mərkəzi Hərbi Sanatoriyasının 16 aprel 2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 yanvar 2017-ci il tarixindən 16 aprel 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında işləmişdir. Sonuncu vəzifəsi həmin qurumda aktiv istirahətin təşkili bölməsinin müdiri vəzifəsi olmuşdur. Vəzifə borcunun icrasına həmişə layiqincə və məsuliyyət hissi ilə yanaşmışdır. Sanatoriyanın Tibbi hissə üzrə müavini Şahin Quliyev onu qeyri-qanuni hərəkətlər etməyə məcbur edirdi. O, Hərbi Sanatoriyanın keçmiş rəisi Mahir Məcidova da bu barədə məlumat vermişdir. Ancaq o da heç bir tədbir görməmişdir. O da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsində göstərdiyi faktlar sübuta yetdiyinə görə sanatoriyanın rəisi və onun müavininə “töhmət” verilməklə, hər ikisi digər xidmətə işə keçirilmişdirlər. Onların xidməti iş yerləri dəyişdirilməzdən əvvəl müavin Şahin Quliyev onu dəfələrlə yanına çağırıb hədələmişdir. İddiaçı bu dəfə MN-nin Həmkarlar Təşkilatına müraciət etmişdir. Bu məsələdən xəbər tutan rəis müavini Şahin Quliyev heç bir günahı olmamasına baxmayaraq ona “şiddətli töhmət” verilməsinə nail olmuşdur. Belə haqsızlıqdan sonra pozulmuş hüquqlarını bərpa etmək üçün heç bir ümidi qalmamış, 16 aprel 2021-ci il tarixdə məcburiyyət qarşısında qaldığına görə, ərizə yazaraq işdən çıxmışdır. Hazırda bildiyinə görə Müdafiə Nazirliyinin Mərkəzi hərbi sanatoriyasına təyin olunmuş yeni rəhbərlik sanatoriyada işgüzar mühit yaratmışdır. Ona görə də, işə bərpa olunmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə ərizə ilə müraciət etmişdir. MN-nin Baş Tibb İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5/1565 saylı cavab məktubu rəsmən poçt vasitəsilə 25 noyabr 2021-ci il tarixdə almışdır. Həmin cavab əsassız olduğuna görə onu qane etməmişdir. Buna baxmayaraq, məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununu rəhbər tutaraq ərizə ilə Mediasiya Təşkilatına müraciət etmişdir. Ancaq cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Rəhimov X2 Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən maddələrində nəzərdə tutulmuş qanun və məhkəmə qarşısında bərabərlik, dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüquqlarının təmin edilməsi və dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir prinsiplərini nəzərə almadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehlərin əmək müqaviləsi haqqında qanunvericiliyin tələblərini ciddi surətdə pozması faktına əhəmiyyət verməyib. Birinci instansiya məhkəməsi qətnaməsinin onun işdən azad olunmağı faktı ilə əlaqədar gəldiyi nəticə qanunvericiliyin tələblərinə və təqdim edilmiş sübutlara uyğun deyildir. Bu səbəbdən həmin qətnamənin çıxarılması həmçinin qanunvericiliyin tələblərinin pozulmasıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının səhv təfsir edilərək tətbiq olunması nəticəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddiaçı tərəfindən qeyd etdiyi halları təsdiq edən sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa barədədir. İddiaçı 05 yanvar 2017-ci il tarixindən 16 aprel 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında işləməsi işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsinə məhz iddiaçının öz xahişi əsasında xitam verilmişdir. Hazırda işə bərpa olunmasının səbəbi kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına təyin olunmuş yeni rəhbərliyin sanatoriyada işgüzar mühit yaratmasına istinad etmişdir. Bu hal isə qanunvericiliyin tələblərinə əməl olunaraq əmək münasibətlərinə xitam verilmiş mövcud əmrin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ləğv edildiyindən, iddiaçının əmrin ləğv edilməsi və işə bərpasına dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar