Məhkəmə qərarları › İş №2(105)-218/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-218/2024

01.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-218/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının nümayəndəsi X3, cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi) bağışlama müqavilələrinin və çıxarışların etibarsız sayılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-3429/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 3-cü mikrorayon ev 19/33 mənzil 11 və Sumqayıt şəhəri Yaşma bağları ərazisi “Ulduz” bağ yeri 216 saylı 6 sot torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 arasında bağlanmış bağışlama müqavilələrinin, müqavilə nəticəsində Cavabdeh2 adına verilmiş çıxarışların etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Zahir Qarayevin himayəsində qoca və xəstə qadın olan iddiaçı xx.xx.1953-cü il təvəllüdlü, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum qızı X1 ona miras qalmış Sumqayıt şəhəri 3-cü mikrorayon ev 19/33 mənzil 11 və Sumqayıt şəhəri Yaşma bağları ərazisi “Ulduz” bağ yeri 216 saylı 6 sot torpaq sahəsini kiçik oğlu Z.Qarayevin adına rəsmiləşdirmək üçün Bakı şəhərində yaşayan digər oğlu Cavabdeh1 etibarnamə vermişdir. Lakin Cavabdeh1 həmin əmlakları öz qızı Cavabdeh2 adına bağışlama müqaviləsi bağlamaqla özgəninkiləşdirmişdir. Tək qoca və xəstə olan anası deyil, digər iki ruhi-əsəb xəstəsi olan bacıları da Z.Qarayevin himayəsindədir. Digər qardaş və bacıların razılığı ilə miras əmlak Z.Qarayevə çatmalı olduğu halda, etibardan və qadının yaşlı və xəstə olmasından sui-istifadə edən cavabdeh həmin əmlakları öz xeyirinə qızının adına özgəninkiləşdirmişdir. Cavabdeh1 iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 3-cü mikrorayon ev 19/33 mənzil 11 bacısı Almaz Qarayevanın adına olmuşdur. Bacısı Almaz 08 mart 2021-ci il tarixdə vəfat etmişdir. Dəfn edib qırxını verdikdən sonra bacısı Almazın mənzili və 6 sot torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. O, cavabdehin adına iki etibarnamə vermişdir. Birinci bütün səlahiyyətlərin ona verilməsi, ikincisi isə iddia qaldırmaq səlahiyyəti. Bacısı A.Qarayevanın ilində iddiaçı mənzili və 6 sot torpağın nəvəsi, yəni cavabdehin qızı Cavabdeh2 adına bağışlanmasına xeyir-dua verib, razılıq vermişdir. Cavabdeh də iddiaçının adından mənzili və 6 sot torpağı Cavabdeh2 bağışlamışdır. Burada heç bir qanunsuzluq olmamışdır. Guya anası cavabdehin adına etibarnamə verərkən bildirib ki, mənzili və torpağı kiçik oğlu Z.Qarayevin adına rəsmiləşdirilsin. Bu tamamilə yalandır. Kiçik qardaşı Zahirin həyat yoldaşı və digər şəxslər Zahiri şikayət etməyə məbur ediblər ki, evin kiçik oğludur, ata yurdundakı 2 mülk onun adına olmasına baxmayaraq, Sumqayıtda vəfat etmiş bacısının evi də onun olmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3429/2022 nömrəli iş üzrə 20 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim E.Abdullayev). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamədə konkret olaraq iddiaçının adından hansı əqdlərin bağlanmasının cavabdehə etibar edildiyi öz əksini tapmışdır. Eyni zamanda iddiaçı etibarnaməni təxminən 1 ildən də çox müddət əvvəl vermişdir ki, həmin vaxt onun iradə ifadəsinin məhz əmlakların Zahir Qarayevə bağışlanması olması iş materialları ilə sübuta yetirilmir. Belə ki, iddiaçı ötən müddət ərzində fikrini dəyişə bilərdi. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022- ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-267/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), G.Cabbarova və A.Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilmiş, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlar ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən əmlaklarla bağlı Cavabdeh1 iddiaçıdan etibarnamə almış və etibarnaməni əldə etdikdən sonra iddiaçının etibarından sui-istifadə edərək aldadıb ondan əldə etdiyi etibarnamə əsasında mənzili və torpaq sahəsini qızı, iş üzrə digər cavabdeh olan Cavabdeh2 bağışlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(101)-2714/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Əliyev və A.Abbasov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-267/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. 15 yanvar 2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə xx.xx.2024-cü il tarixli tərəflərin imzaladıqları və Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş barışıq sazişi yerləşdirilmişdir. Barışıq sazişi aşağıdakılardan ibarət olmuşdur:

1. İkinci tərəf ünvan 1 ünvanında yerləşən 11 saylı mənzili X5 bağışlamağı öhdəsinə götürür.

2. Birinci taraf 2000 manat ilkin ödəniş etmıklə, ümumilikdə 6000 manat məbləğində pulu 1 il ərzinda Cavabdeh2 verməyi öhdəsinə götürür.

3. Birinci tərəf ünvan 2 ünvanında yerləşən 11 saylı mənzili X5 bağışlandıqdan sonra məhkəmədə olan bütün iddialarından imtina etməyi öhdəsinə götürür.

4. Birinci tərəf Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Ulduz" Bağ yeri, 216 saylı, 0,06 ha torpaq sahəsinə olan iddiasından imtina edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 tərəflərin və Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X4 imzaladıqları barışıq sazişini məhkəmə kollegiyasına təqdim edərək həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-3429/2022 nömrəli qətnaməsi ləğv edilməli, barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də tərəflər arasında barışıq sazişinin bağlanmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü madəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 370-ci maddəsinin birinci bəndinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370-ci maddənin 2-ci bəndinə əsasən isə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər hazırkı mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən həmin barışıq sazişi təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-3429/2022 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-ci maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 370.1, 391, 400, 402.2 və 405.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALİR: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-3429/2022 nömrəli qətnaməsi ləğv edilsin. Birinci tərəf olaraq İddiaçı və ikinci tərəf olaraq Cavabdeh2 arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun:

1. İkinci tərəf ünvan 1 ünvanında yerləşən 11 saylı mənzili X5 bağışlamağı öhdəsinə götürür.

5. Birinci taraf 2000 manat ilkin ödəniş etmıklə, ümumilikdə 6000 manat məbləğində pulu 1 il ərzinda Cavabdeh2 verməyi öhdəsinə götürür.

6. Birinci tərəf ünvan 2 ünvanında yerləşən 11 saylı mənzili X5 bağışlandıqdan sonra məhkəmədə olan bütün iddialarından imtina etməyi öhdəsinə götürür.

7. Birinci tərəf Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Ulduz" Bağ yeri, 216 saylı, 0,06 ha torpaq sahəsinə olan iddiasından imtina edir. Hazırkı iş üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar