Məhkəmə qərarları › İş №2(105)-2216/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2216/2022

27.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2216/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(074)- 125/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(074)-125/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh qanunsuz zəbt etdiyi Şamaxı rayonu, Göylər kəndində yerləşən 1530,78 kv.metr iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş evin və yardımçı tikililərin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması qət edilmişdir. (hakim N.İsmayılov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(074)-125/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz zəbt olunmuş, Şamaxı rayonu Göylər kəndində yerləşən ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş evin, yardımçı tikililərin onun öz hesabına sökülməsi və ona məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu Göylər kəndində 0.16 ha həyətyanı torpaq sahəsi var. O, Rusiya Federasiyasında yaşayır. Torpaq sahəsində ev tikmək məqsədilə Göylər kəndinə gəlmiş, amma cavabdehin ona məxsus torpaq sahəsini zəbt edərək orada özü üçün ev və əlavə tikililər tikdiyini görmüşdür. Əvvəl ona tikilinin yarısından istifadə etməsini, yarısını boşaltmasını təklif etmiş, amma cavabdeh razı olmamış, bütün həyətin ona aid olduğunu bildirmişdir. Hal-hazırdada cavabdeh onu özünə məxsus torpaq sahəsinə belə buraxmır. Onun mülkiyəti zəbt olunmuşdur. Nəticədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, işin faktiki hallarını tam araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəflər qardaşdırlar. İddiaçı Rusiya vətəndaşı olduğu halda onun adına torpaq sahəsinin rəsmiləşdirilməsi qanunsuzdur. Cavabdehə son zamanlar məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçının adına onların dayıları (Torpaq Komitəsində işlədiyi üçün) tərəfindən rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində 2010-cü ildən cavabdeh tərəfindən fərdi yaşayış evi, xırda tikililər inşa edilmiş, həyətdə su quyusu qazılmışdır. Bütün bunlara onun təxminən 60-70 min manat pul xərcləmişdir. İddiaçının onunla qohumluq münasibəti pozulduğu üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın heç bir hüquqi əsası yoxdur. Odur ki, göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh, eləcə də iştirak etdiyi məhkəmə iclasında onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia tələbinin əsassız olmasını bildirdilər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, iddiaçının adına torpaq sahəsinin verilməsi qanunsuzdur. İddiaçı Rusiya vətəndaşıdır və uzun illərdir ki, orada yaşayır. Mübahisəli torpaq sahəsinə dair o, öz adına torpaq sahəsinin plan və ölçüsünü həmin qurumda işləyən yaxın qohumunun köməkliyi ilə tərtib etdirmişdir. O, iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Bununla belə evinin sökülməməsi üçün iddiaçıya başqa yerdən torpaq sahəsi alıb verməyə razıdır. Hesab edir ki, ona qarşı hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. Odur ki, şikayət təmin edilməli, qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayəti qəbul etmədiyini, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olmasını bildirərək, apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu X7 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır. Yenə materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu X7 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır. Yenə iş materiallarında olan JN-1508 KOD 41006018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şamaxı rayonu, Göylər kənd sakini Cavabdeh, X6 və X2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün1.62 ha torpaq sahəsi verilmişdir. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 13 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonu. Göylər kəndi ərazisindən X7ı kitabında xx.xx.2010-cu il tarixli, 1328 nömrə ilə uçota alınmış (A225035) həyətyanı torpaq sahəsi kadastr kitabında İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 21 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Şamaxı rayonunun Göylər kəndində JN-1508 nömrəli dövlət aktına əsasən 1.62 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin Dövlət aktının verilməsinə əsas olmuş sənədlər DƏDRX-in 14 Salı Şamaxı ərazi idarəsinin arxivində saxlanılmır. Mülki işin materiallarında olan mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq mübahisəsi üzrə mediasiya prosesinə tərəflərdən birinin imtinası əsası ilə xitam verilmişdir. Yenə iş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan və Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər arasında mübahisə predmeti olan Şamaxı rayonu, Göylər kəndində yerləşən 1530.78 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçüsünün tərtibatı zamanı maraqlı və səlahiyyətli şəxslərin əməllərində cinayət əməlinin olub-olmasının müəyyən edilməsinə dair Şamaxı Rayon Polis X3 ********* nömrəli cinayət işi açılmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh qardaşdırlar. İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. İddiaçı Rusiya vətəndaşıdır və daimi olaraq orada yaşayır. Ona məxsus torpaq sahəsində qardaşı hazırkı iş üzrə Cavabdeh fərdi yaşayış evin inşa etmiş və hazırda orada yaşayır. Bundan sonra iddiaçı ona məxsus torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, tərəflərin adına eyni torpaq sahəsinin planı və ölçüsü tərtib olunsa da, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, daha öncə qeyd olunduğu kimi X7ı kitabında xx.xx.2010-cu il tarixli, 1328 nömrə ilə uçota alınmış (A225035) həyətyanı torpaq sahəsi kadastr kitabında İddiaçı adına qeydiyyata alınmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ, eləcə də onin tərkib hissəsi olan sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsünün qanunsuz və əsassız olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin torpaq sahəsinin plan və ölçüsü hal-hazırda qüvvədədir, bundan başqa hazırkı mübahisə cavabdehin iddiaçının adına verilmiş mübahisəli torpaq sahəsinin plan və ölçüsünün ləğvi barədə inzibati tələbi deyil, iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia tələbidir. Bundan başqa cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının Rusiyada yaşamasını bildirərək, mübahisəli torpaq sahəsinə dair öz adına plan və ölçünü tərtib etdirdiyini bildirmiş, yəni dolayısıyla mübahisəli torpaq sahəsinin ilk olaraq ona yox, iddiaçıya məxsus olmasını etiraf etmişdir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsində onun tərəfindən fərdi yaşayış evinin inşa edildiyini, evin təmirli, istismara yararlı olması kimi arqumentləri əsas gətirmiş və hazırkı iddianın təmin edildiyi təqdirdə həmin evin dəyərinin ona ödənilməli olduğunu bildirmişdir ki, kollegiya bu formada cavabdeh tərəfindən irəli sürülən “razılaşma”ya da tənqidi yanaşaraq qeyd edir ki, evin dəyərinin ödənilməsi qarşılığında torpaq sahəsindən çıxmağa razılıq özlüyündə cavabdehin həmin torpaq sahəsinin həqiqətən iddiaçıya məxsus olması faktını qəbul etməsi kimi qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin torpaq sahəsinə dair iddiaçının adına hazırda qüvvədə olan plan və ölçünün mövcudluğu, habelə iddiaçının həmin torpaq sahəsinə dair maraqlarını aşkar bəyan etməsi kimi hallardan çıxış edərək demək olar ki, iddiaçı həmin torpaq sahəsinə dair gələcəkdə “qanuni gözlənti” hüququ olan şəxsdir. Sadalananların yekunu olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı halda cavabdeh iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 1530,78 kv. torpaq sahəsini zəbt edib, iddiaçının icazəsi olmadan orada fərdi yaşayış evi və müxtəlif tikililər inşa etmişdir ki, həmin özbaşına tikilmiş ev və yardımçı tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılmasi barədə barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla yanaşı, işin faktiki hallarına tam uyğundur. Məhkəmə bu qənaətə gələrkən ən başlıcası o faktı da əsas götürür ki, yuxarıda da qeyd edildiyi kimi X7ı kitabında mübahisəli həyətyanı torpaq sahəsi İddiaçı adına xx.xx.2010-cu il tarixli, 1328 nömrə ilə uçota alınmışdır (A225035). Başqa sözlə, bu fakt cavabdehin adına mübahisəli torpaq sahəsinə dair plan və ölçünün sonradan tərtib edildiyinə dəlalət edir. Bu səbəbdən də, işə baxan məhkəmə xüsusi qərardad çıxarmış və cinayət işi başlanılmışdır. Beləliklə, apellyasiya kollegiyası qeyd edir ki, iş üzrə Cavabdeh şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayəti əsassız olduğundan ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(074)-125/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar