Məhkəmə qərarları › İş №2(105)-2279/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2279/2021

23.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2279/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Məmmədova Günəş Rauf qızının cavabdehlər Cavabdeh1 Məhərrəm qızına və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(027)-470/2021 saylı qətnaməsindən iddiaçı Məmmədova Günəş Rauf qızı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qiyməti 150 manat olan 1 ədəd ədyalın (ağ, qaşlı), qiyməti 300 manat olan 1 dəst yataq üzünün (örtük, ağ rəngli, 2 balışı ilə), qiyməti 180 manat olan 1 dəst qazan servizinin (“Karaca” markalı), hər birinin qiyməti 15 manat olan 2 boşqab dəstinin (buludla), cəmi qiyməti 12 manat olan 6 ədəd böyük qaşıqların, cəmi qiyməti 90 manat olan 4 ədəd stolüstü skaterin, cəmi qiyməti 100 manat olan 4 dəst dəsmalların, qiyməti 20 manat olan 1 ədəd böyük dəsmalın, cəmi qiyməti 20 manat olan 2 dəst stəkan dəsmallarının, hər birinin qiyməti 25 manat olan 2 dəst yataq dəstinin, qızıl üzüyün (göy qaşlı), qızıl kulon ilə birlikdə qədimi qızıl zəncirin (boyunbağı), qızıl üzük-sırğa dəstinin, qızıl nazik zəncir-qolbağın və ya həmin əmlakların dəyərinin Cavabdeh1 Məhərrəm qızından və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(027)-470/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim İ.Məmmədov) İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Onun apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, o, 29.06.2019-cu il tarixdə rədmi nikaha daxil olmuş, nikah rəsmiləşdirildikdən sonra el edəti ilə cavabdehin valideynlərinə məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. 2019-cu ilin dekabr ayından cavabdehin evini tərk edib, valideynlərinin evinə qayıtmışdır. Əmlakları və qızıl-zinət əşyaları isə həmin evdə qalmışdır. O, nikaha girdikdən sonra ailədə həmişə münaqişə yaranmış, əri və qayınnanası tərəfindən həmişə təzyiqə məruz qalmışdır. Bu səbəbdən cəmi yeddi ay ailə həyatı yaşamışdır. Cavabdehlər bildirmişlər ki, guya o, mübahisəli əmlakları və qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Lakin bu, əsassızdır və tam yalandır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə və məhkəmə aktlarından apelyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda üzrə iddia ərizələri üzrə 30 manat dövlət rüsumu tutulur. Qeyd edilən Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi tələb edilən dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı hazırkı iddia ərizəsini verərkən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı apelyasiya şikayəti verdikdə 10 manat dövlət rüsumunu ödəmişdir, halbuki yuxarıdakı normaların tələbinə görə o, 15 manat dövlət rüsumu ödəməli idi. Başqa sözlə, qeyd olunan ödənişin hazırki iş üzrə apelyasiya şikayəti verilməsi üçün tam ödənilmiş dövlət rüsumu kimi qəbul etmək olmaz. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(027)-470/2021 saylı qətnaməsindən iddiaçı Məmmədova Günəş Rauf qızı tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, apelyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Məmmədova Günəş Rauf qızı tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun əlavə edilib-edilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məmmədova Günəş Rauf qızının cavabdehlər Cavabdeh1 Məhərrəm qızına və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(027)-470/2021 saylı qətnaməsindən iddiaçı Məmmədova Günəş Rauf qızı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar