Məhkəmə qərarları › İş №2(105)-2294/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2294/2020

18.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2294/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxx”MTK-nın direktoru X1 və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «xxxxxx» MTK-ya qarşı mənzilə dair sənədlərin verilməsinin təmin edilməsi tələbinə dair ilk, «xxxxxx» MTK-nın İddiaçı qarşı kommunal xərclər üzrə yaranmış borcun tutulması barədə qarşılqılı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh «xxxxxx» MTK tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin olunmuş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 57B saylı evin 90 saylı mənzilinə dair maliyyə arayışının, mənzilin plan-çizgisinin, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) «xxxxxx» MTK tərəfindən İddiaçı təqdim edilməsi qət edilmiş, qarşılqlı iddia təmin edilməmişdir (hakim A.Süleymanova). İlk iddia üzrə cavabdeh “xxxxxx”MTK bu qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsin xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxxxx» MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 5-ci mikrorayon, 57B saylı evin 90 saylı mənzili ilə bağlı mülkiyyət hüququnun tanınması üçün özəlləşdirməyə təqdim olunacaq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək özəlləşdirməyə təqdim olunacaq – mənzilin planı, protokoldan çıxarış və maliyyə arayışı kimi sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 57B saylı evin 90 saylı mənzili 2012-ci ildən etibarən müqavilə əsasında ona məxsusdur. Ötən müddət ərzində bir payçı kimi mənzilin dəyərini tam həcmdə ödəməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına müraciət etmək niyyətində olduğunu “xxxxxx” MTK-ya bildirməklə tələb olunan digər sənədlərin, mənzilin yerləşmə sxeminin, mənzilin planının, protokoldan çıxarışın və maliyyə arayışının verilməsini xahiş etmişdir. Onun imzalamadığı 2015-ci il tarixli istismara dair xidmət müqaviləsinə görə qanunsuz olaraq müəyyən məbləğdə borc göstərilərək mənzilin sənədləri hələ də ona verilmir. Hazırda bina isitismara qəbul edilmiş və bəzi sakinlər mənzillərini artıq özəlləşdirmişlər. Cavabdeh MTK müdiriyyəti qaydalara zidd olaraq bina idarəçiliyini də ciddi nöqsanlarla həyata keçirir. Belə ki, bina təhvil verilsə də, ümumi razılıq əldə edilmədən, qeyri-rəsmi səkildə əsassız pul yığımı aparılır. Tərəflər arasında bu günədək davam etməkdə olan məsələ ilə bağlı ortaq razılıq əldə edilmədiyindən məhkəmə müdaxiləsi artıq mütləqdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. «xxxxxx» MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” tərəfindən İddiaçı göstərilmiş kommunal xidmətlərə görə yaranmış 330 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Sumqayıt şəhəri, 5-ci mikrorayon, 57B saylı evin 90 saylı mənzilində yaşayan İddiaçı alınıb “Cavabdeh”-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən “Cavabdeh”ya qarşı qaldırılmış iddia həqiqətə uyğun olmayan, tam əsassız və mövcud qanunvericiliyə təmamilə zidd bir tələbdir. “Cavabdeh” qanuni əsaslarla fəaliyyət göstərir. İddiaçı yaşadığı binada 90 mənzil mövcuddur və həmin mənzillərdə yaşayan sakinlər onlara göstərilən kommunal xidmətlərə görə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışırlar. Sərnişin liftlərin rahat istifadə edilməsi, binanın ətrafının, blokun girişinin və mərtəbələrin işıqlandırılması, blokun ətrafında və daxilində təmizlik işlərinin görülməsi, su nasosunun, liftin, binanın işıqlanmasının işlək vəziyyətində saxlanılması və bina ətrafı ərazinin təmizliyinin qorunması, habelə tullantıların daşınması kommunal xidmətlərə daxildir. Buna görə də, hər bir mənzilin sahibi hər ay mənzilin hər 1 kv.metri üçün 20 qəpik olmaqla ödəniş etməlidir. Digər sakinlər kimi iddiaçı da kommunal xidmətlərə görə müxtəlif vaxtlarda ödənişlər etsə də, bugünkü günə ödənişlərdə fasilə yarandığına görə onun borcu 330 manat təşkil edir. Dəfələrlə ona kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi təklif olunsa da, o, borcu ödəməkdən imtina etmişdir. Buna gğrə də qarşılıqlı iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Qarşılqılı iddia üzrə iddiaçı “Cavabdeh” apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilərkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuş, nəticədə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən işin faktiki halları tam araşdırılmamışdır. Buna görə, həmçinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən qeyd edilən qətnamə ləğv edilməlidir. Mübahisə üzrə məhkəmənin iddia müddətini tətbiq etməsi əsassızdır, belə ki məhkəmə baxışı zamanı İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən iş üzrə çıxarılmış qətnamə dəyişdirilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında “xxxxxx”MTK-nın direktoru X2 və nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə etdilər və onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “xxxxxx” MTK tərəfindən verilmiş arayışdan görünür ki, Səfərli X5 şəhəri, 5-ci mkr., N.Nərimanov küçəsi, ev 57B, mənzil 90 ünvanında yaşayır. İşdə olan Podratçı «xxxxxx» MTK ilə sifarişçi İddiaçı arasında bağlanılmış çoxmənzilli yaşayış binasının tkintisi haqqında xx xxxxxx 2012-ci il tarixli, 149 saylı fərdi müqavilədən görünür ki, İddiaçı sifarişi əsasında podratçı ünvan 1 ünvanının tikintisini öz öhdəsinə götürmüş, sifarişçi mənzilin dəyərini tam ödəmişdir (164468 saylı qəbz). «xxxxxx» MTK tərəfindən İddiaçı göndərilmiş məktubun məzmunundan görünür ki, onun yaşadığı mənzilə kommunal xidmətlərin göstərilməsi ilə bağlı borc ödənilmədiyindən müvafiq sənədlərin verilməsindən imtina edilmişdir. İşdə olan «xxxxxx» MTK tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2012-ci ildən (2012, 2013, 2014, 2015-ci illər üzrə) xidmət haqqına görə 35 ay üzrə 350 manat borcu vardır. Yenə işdə olan mənzil kommunal xidmətlərin göstərilməsi haqqında xx xxxxxx 2015ci il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr., N.Nərimanov küçəsi, ev 57B üzrə kommunal xidmətləri “xxxxxxxxxxxxxxxxx” MMC göstərir. İş materiallarında olan kommunal xidmətlərə görə İddiaçı ödədiyi müxtəlif qəbzlərdən görünür ki, kommunal xidmətlərə görə ödənişlər “xxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxx” MMC-nin hesabına keçir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki,aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməaraşdırmasızamanımüəyyənolunmuşdurki,tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçı dəyərini tam ödəməklə “xxxxxx” MTK tərəfindən inşa edilmiş çoxmənzilli binada 2012-ci ildə mənzil almışdır və həmin vaxtdan da orada yaşayır. Yaşayış binası istismara qəbul edilmişdir. İddiaçı mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq sənədlərin təqdim edilməsini “xxxxxx” MTK-dan tələb etsə də, MTK cəmi 330 manat xidmət haqqının İddiaçı tərəfindən ödənilməməsi əsası ilə həmin sənədlərin verilməsindən imtina etmişdir. Bu səbəbdən də iddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirə bilmir və hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Eyni Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) olmasıdır. Həmin Qanunun hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi adlanan 10-cu maddədə qeyd olunmuşdur ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı tərəfindən mənzil tikintisinə görə “xxxxxx” MTk-ya pay haqqı tam ödənilmişdir. Belə olan halda mövcud qanunverciliyin tələbinə görə müvafiq sənədlər MTK tərəfindən kooperativ üzvünə verilməklə onun daşınmaz əmlak üzərində hüquqların qeydə alınması təmin edilməlidir və dəyəri tam ödənilmiş mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsindən MTK-nın kommunal borcun ödənilməməsinə görə imtina etməsi qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qaldırdığı ilk iddia əsaslıdır və onun təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tam uyğundur. İşdən həmçinin görünür ki, «xxxxxx» MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” tərəfindən İddiaçı göstərilmiş kommunal xidmətlərə görə yaranmış 330 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Sumqayıt şəhəri, 5-ci mikrorayon, 57B saylı evin 90 saylı mənzilində yaşayan İddiaçı alınıb “Cavabdeh”-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflər arasında mənzilin tikintisi məqsədilə bağlanmış müqavilədə kommunal xidmətlərin göstərilməsi barədə hər hansı müddəa yoxdur. Bununla belə, işdə olan mötəbər sənədlərdən aydın olur ki, bu xidmətlə “Cavabdeh” deyil, onun təsisçilərinin təsis etdiyi “xxxxxxxxxxxxxxxx” MMC məşğul olur, lakin bu, kommunal xərclərin ödənilməsinin tələb etmək hüquqnun da MTK-dan MMC-yə keçməsi demək deyildir, belə ki hər iki təsərrüfat subyekti müstəqil hüquqi şəxsdir. Başqa sözlə, qarşılqılı iddianın qaldırılmasına «xxxxxx» MTK-nın subyektiv hüququ olmamışdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə “xxxxxx” MTK qarşılıqlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, “xxxxxx” MTK apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin 2(060)-1972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün “xxxxxx” MTK tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar