Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-232/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X5 və cavabdeh X17 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(067)-201/2018 saylı qətnaməsindən İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(067)-201/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rövşən Xəlilov) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər X17 oğluna, X8, X3, X10, X6 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X17 oğlundan və X2 müştərək qaydada 11R000009157 saylı kredit razılaşması üzrə 6504,81 manat məbləğində əsas, 1873,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə, 011R********** saylı kredit razılaşması üzrə 1827,91 manat əsas, 463,57 manat faiz borcu və 30 manat məbləğində cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının alınaraq İddiaçı qapalı səhmdar cəmiyyətinə verilməsi, ipoteka qoyulmuş X17 oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 11R000009157 saylı kredit razılaşması üzrə 6504,81 manat məbləğində əsas, 1873,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə, 011R********** saylı kredit razılaşması üzrə 1827,91 manat əsas, 463,57 manat faiz borcu və 30 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının qaytarılmasının təmin edilməsi, evin satışından qalan məbləğin X17 oğluna verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat məbləğində qiymətləndirilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, 13 oktyabr 2017-ci il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X17 oğlundan və X2 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 11R000009157 saylı kredit razılaşması üzrə 6504,81 manat məbləğində kredit borcu, 1873,19 manat məbləğində faiz borcu və 3086,7 manat məbləğində cərimə borcu, 011R********** saylı kredit razılaşması üzrə 1827,91 manat məbləğində kredit borcu, 463,57 manat məbləğində faiz borcu və 1016,65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14772 manat 83 qəpik, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 14772 manat 83 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X17 oğlundan və X2 müştərək qaydada tutulması, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X17 oğlu, X13, X9, X15 və X4 fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, X17 oğluna İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 13.11.2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə X17 oğlu İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 31.07.2014-cü il tarixli, 11R000009157 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.11.2015-ci il tarixli, 11R000009157S saylı və 05.07.2016-cı il tarixli, 11R000009157SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. X17 oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.08.2016-cı il tarixdən banka qaytarmamışdır. X17 oğlu götürdüyü kredit borcundan 5495,19 manat ödəmiş, onun 6504,81 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. X17 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 31.05.2017-ci il tarixə 293 gün üçün hesablanmış faiz borcu 1873,19 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 31.05.2017-ci il tarixə 293 gün üçün hesablanmış cərimə 3086,7 manat təşkil edir. Bundan başqa, X17 oğlu İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 11.11.2014-cü il tarixli, 011R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. X17 oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.08.2016-cı il tarixdən banka qaytarmamışdır. X17 oğlu götürdüyü kredit borcundan 3172,09 manat ödəmiş, onun 1827,91 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. X17 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 31.05.2017-ci il tarixə 415 gün üçün hesablanmış faiz borcu 463,57 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 31.05.2017-ci il tarixə 415 gün üçün hesablanmış cərimə 1016,64 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə X17 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan X17 oğlu ilə bank arasında bağlanılmış 25.07.2014-cü il tarixli, 11M000000430 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 26 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla Xaçmaz şəhəri, Ayəddin Babayev küçəsində 21 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X17 oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan-İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdehipoteka qoyan X17 oğluna “İpoteka haqqında” qanunun 36.2-ci maddəsinə uyğun olaraq 21.04.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir, 26.04.2017-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə elektron xidmətlər portalı vasitəsi ilə 02.05.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı qapalı səhmdar cəmiyyəti ipoteka bildirişlərinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə X17 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X11 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. X11 zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu X17 oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən 2 saylı forma üzrə arayışa əsasən yaşayış evinin sahibi X17 oğludur və evdə X13, X9, X15 və X12 qeydiyyatdadırlar. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı qapalı səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən əsassızdır. Belə ki, məhkəmə qətnamədə "xxxx" MMC-nin 19.04.2018-ci il tarixli rəyini əsas tutaraq ipoteka predmeti olan cavabdeh-ipoteka qoyan X17 oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətini 80000 manat müəyyən etmişdir. İpoteka predmetlərinin ilkin satış qiymətini "xxxx" MMC əsassız olaraq həddindən artıq yüksək məbləğdə müəyyən etmişdir. "xxxx" MMC cavabdeh-ipoteka qoyan X17 oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətini 80000 manat məbləğində müəyyən edərkən həmin ərazidə əmlakın bazar qiymətinin formalaşmasına təsir edən halları (yaşayış ərazisinin yerləşməsini, tələb və təklifin az olmasını və sair) nəzərə almamışdır. Xaçmaz şəhəri, Ayəddin Babayev küçəsi və ona yaxın ərazilərdə satışa çıxarılmış əmlakların internet səhifələrində yerləşdirilmiş satış elanlarından da görünür ki, həmin ərazilərdə əmlakların qiyməti aşağıdır. Cavabdehipoteka qoyan X17 oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 80000 manat məbləğində müəyyən olunması şişirdilmiş qiymətdir. "xxxx" MMC-nin qiymətləndirmə rəyində qiymətləndirmə zamanı 3 əsas qiymətləndirmə metodlarından tam və ya qismən istifadə edildiyini qeyd etsə də, sadəcə həmin metodların nədən ibarət olmasını qeyd etmiş, gəldiyi nəticəni isə (əmlakın qiymətini) həmin metodlarda qeyd edilənlərlə izahlı şəkildə əsaslandırmadan müəyyən etmişdir. Bundan başqa, 25 iyul 2014-ci il tarixli, 11M000000430 saylı ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 23526 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC isə ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində razılaşdırılmış qiymətdən üç dəfədən yüksək məbləğdə müəyyən etmişdir. Məhkəmə isə qətnamə çıxarılan zaman qiymətlər arasında bu qədər kəskin fərq olmasını nəzərə almadan "xxxx" MMC-nin rəyini əsas gətirərək ipoteka predmetinin ilkin satış qiymətini 80000 manat müəyyən etmişdir. Bu formada rəy məhkəmədə heç olmasa şübhə doğurmalı və təkrar ekspertiza təyin edilməli idi. Bu səbəbdən də işə apellyasiya məhkəməsində baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekspertizası keçirilməli və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Həmçinin məhkəmə qətnaməsində qeyd etmişdir ki, kreditorun tələb etdiyi cərimə məbləği tənasübsüz surətdə yüksək olmuş, cərimə tələb olunarkən kreditorun əmlak və bütün əsaslı mənafeyi nəzərə alınmamışdır. Ona görə də, məhkəmə dəbbə pulunu azaltmağı məqsədəuyğun hesab etmişdir. Qanunvericilikdə tələb olunan cərimə məbləğinin azaldılmasının mümkünlüyü nəzərdə tutulur, lakin bu hal müəyyən olunarkən göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azaldarkən borclunun deyil, kreditorun əmlak mənafelərini nəzərə almalıdır. Buna baxmayaraq məhkəmə heç bir qanuni əsas göstərmədən, mülki qanunvericiliyin tələbləri nəzərə alınmadan, formal mülahizələrə istinad etməklə və kreditorun əmlak mənafelərinə zidd olaraq dəbbə pulunu tənasübsüz şəkildə azaltmışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, cavabdeh-ipoteka qoyan X17 oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0,04 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətini 80000 manat müəyyən edilməsinə dair hissəsində ləğv edilməsi, həmin əmlakın qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekpertizası keçirilməklə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və tələb olunan cərimə üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh X17 oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər X13, X9, X15, X12 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə cərimə borclarına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinə və cərimə borclarına aid hissələrdə mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış 13 noyabr 2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsinə əsasən X17 oğluna 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ 13 noyabr 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X17 oğlu arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsi üzrə 31 iyul 2014-cü il tarixli, 11R000009157 saylı kredit razılaşmasından görünür ki, X17 oğluna aylıq faiz dərəcəsi 1,8333% olmaqla 30 ay müddətinə 12000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X17 oğlu arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 11 noyabr 2015-ci il tarixli, 11R000009157S saylı sazişdən görünür ki, 13 noyabr 2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsi üzrə 31 iyul 2014-cü il tarixli, 11R000009157 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 31 iyul 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 11 noyabr 2015-ci il tarixli ödəniş planına uyğun banka ödənilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X17 oğlu arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 05 iyul 2016-cı il tarixli, 11R000009157SA saylı sazişdən görünür ki, 13 noyabr 2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsi üzrə 31 iyul 2014-cü il tarixli, 11R000009157 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 05 iyul 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X17 oğlu arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsi üzrə 11 noyabr 2014-cü il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, X17 oğluna aylıq faiz dərəcəsi 1,8333% olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X11 arasında bağlanmış 11S000006042 saylı, 13 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 13 noyabr 2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 25 iyul 2014-cü il tarixli, 11M000000430 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X17 oğlu arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 11L000004399 saylı kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X17 oğluna məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 23526 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X17 oğluna məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 02 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 14585 saylı, 08.06.2017-ci il tarixli arayışından görünür ki, X17 oğlunun 31 iyul 2014-cü il tarixli, 11R000009157 saylı kredit razılaşması üzrə 31.05.2017-ci il tarixə əsas borcu 6504,81 manat, faiz borcu 1873,19 manat, cərimə borcu 3086,7 manat, cəmi borcu 11464,7 manat təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 14586 saylı, 08.06.2017-ci il tarixli arayışından görünür ki, X17 oğlunun 11 noyabr 2014-cü il tarixli, 011R********** saylı kredit razılaşması üzrə 31.05.2017-ci il tarixə əsas borcu 1827,91 manat, faiz borcu 463,57 manat, cərimə borcu 1016,65 manat, cəmi borcu 3308,13 manat təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən X17 oğluna və X7 göndərilmiş xəbərdarlıq məktublarının surətindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən X17 oğluna göndərilmiş 20 aprel 2017-ci il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, X17 oğluna məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 05 may 2017-ci il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 aprel 2018-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin birgə bazar dəyəri 19 aprel 2018-ci il tarixinə 80000 manat təşkil edir. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 08 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 08 iyun 2021-ci il tarixinə bazar dəyəri 52000 manat, likvid dəyəri 46000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 34.1.1-ci maddəsinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi halında yaranır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 80000 manat müəyyən etmişdir. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 08 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 08 iyun 2021-ci il tarixinə bazar dəyəri 52000 manat, likvid dəyəri 46000 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 46000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimələrin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borclarına aid hissələrdə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən iddiaçı təşkilatın cərimə borclarına aid hissədə apellyasiya şikayətində göstərdiyi dəlili əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə cərimə borclarına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(067)-201/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. İpoteka predmeti olan X17 oğluna məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 46000 (qırx altı min) manat müəyyən edilsin. Qətnamə cərimə borclarına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-232/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-232/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver