Məhkəmə qərarları › İş №2(105)-2329/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2329/2023

25.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2329/2023 25.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Apellyasiya şikayətinin geri qaytarılması, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, müddətin bərpası) X4 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin qanunsuz istifadədən geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli, qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilməsi qət edilmişdir.

2. Qətnamə hüquqlarına toxunduğundan X2 Rayon Məhkəməsinin 25 yanvar 2022ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

3. Bundan əlavə maraqlarına toxunulan şəxs kimi məhkəmə prosesinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 701/2022, 25.01,2022-ci il tarixli qətnaməsi üzrə X7 maraqlarına toxunulan şəxs kimi məhkəmə prosesinə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-701/2022, xx.xx.2022-ci il tarixli qətnaməsini əsasız və ədalətsiz hesab edir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, torpaq sahəsi mülki işdə iştirak etmiş Cavabdeh1 ilə birgə nikahları dövründə alınaraq üzərində yaşayış evi inşa olunmuşdur. Abşeron Rayon Məhkəməsində bu mülki işə baxılarkən məhkəmədə maraqlarına toxunulan şəxs kimi işə cəlb edilməmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi həmin torpaq sahəsində və üzərində yerləşən yaşayış evində yaşayan şəxs kimi ona göndərilməmişdir. İcra məmuru onu və ailə üzvlərini və əmlaklarını Abşeron rayonu, Ömər Xəyyam küçəsi, fərdi yaşayış evindən çıxaran zaman şəxsiyyət vəsiqəsini itirmiş və son günlər əmlaklarının arasından tapa bilmişdir. Bütün bu səbəblərdən eyni zamanda savadsızlığından qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayətini verə bilməmişdir. Nəhayət qətnaməni xx.xx.2023-cü il tarixdə məhkəməyə rəsmi ərizə verməklə götürmüşdür. Bütün yuxarıda qeyd olunananlara əsasən Abşeron Rayon Məhkəməsinin e- 2(012)-701/2022, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin üzrlü səbəbdən ötürülməsini nəzərə alıb prosessual müddətin bərpası haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadı ilə qətnamə üzrə X11 hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmaqla, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e- 2(012)-701/2022 saylı qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddət bərpa edilmiş və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. İddiaçı Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2(012)- 701/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X8 xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşlar, X6 Nadirova soyadı verilmişdir. Mübahisəli mənzildə X8 həyat yoldaşı ilə birlikdə yaşamışdır. Mənzildən çıxarılma onun da yaşayış hüquqlarını məhdudlaşdırır. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, X2 Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə imza edərək təhvil almışdır. Göstərilənlərə əsasən məhkəmə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1 357.1. 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qərardad qanunsuz və əsassızdır. Abşeron Rayon Məhkəməsinin adı çəkilən e2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən, iş üzrə Cavabdeh1 apellyasiya şikayəti və eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, adı çəkilən qətnamədən apellyasiya şikayətinin verilmə müddəti bərpa edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2049/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə adı qeyd olunan xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Cavabdeh1la, hazırda ərizəçi Dilbər Nadirova ər-arvad olmaqla, mübahisəli əmlak İddiaçı təhvil verilənə kimi həmin ünvanda bir yerdə yaşamışlar. Məhkəmə bildirişləri və məhkəmə aktları bu ünvana göndərilmiş və alınmışdır. Həmin ünvanda həyata keçirilən bütün icra tədbirlərində onlar ailəliklə iştirak etmişlər. Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tam şəkildə xx.xx.2022-ci il tarixdə məhkəmə elektron sistemində yerləşdirilmiş və eyni zamanda tərəflərin o cümlədən ərizəçinin yaşadığı ünvanına göndərilmişdir. Qətnamənin icrası ilə bağlı icra məmuru bir neçə dəfə mübahisəli ünvana getmış, hər dəfəsində də məhz Dilbər Nadirova tərəfindən ünvana buraxılmamışdır. Daha sonra məcburi icra tədbirləri çərçivəsində 31 may 2022-ci il tarixdə mübahisəli ünvana gedilmiş, tərəflərin o cümlədən Dilbər Nadirovanın iştirakı ilə icra vərəqəsi icra olunaraq, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilmiş və Cavabdeh1 daxil olmaqla bu barədə akt orda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan bir neçə ay sonra 2022-ci ilin iyul ayının 18-də qarşı tərəf o cümlədən Dilbər Nadirova qapının açarını sındıraraq torpaq sahəsinə daxil olmuşlar. Bu müddət ərzində də ayrı-ayrı istansiyalara şikayət etmiş və telekanallarda çıxış etmişdir. Hər çıxışında qətnaməni mümayiş etdirmiş və həmin qətnaməyə istinad etmişdir. Bundan sonra qeyd olunan şəxslər qətnamənin yalnız torpaq sahəsinə aid olduğu, onun üzərindəki fərdi yaşayış evinə aid olmadığı, həmin evi birgə nikah dövründə əldə etdikləri əsası ilə icra sənədinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Daha sonra Dilbər Nadirova əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, iddianın əsası kimi istinad etdiyi dəlillərdən biri olaraq, Abşeron Rayon Məhkəməsinin adı çəkilən e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad etmiş və qətnaməni əlavə edib, məhkəməyə təqdim etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Ərizəçinin Nərimanov Rayon məhkəməsinə iddianı verdiyi zaman, artıq Abşeron Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini rəsmi olaraq əldə etdiyi işin mübahisəsiz halıdır. Belə olan halda hazırkı iş üzrə ərizəçinin müddətin bərpasına dair ərizəsinin təmin edilməsi barədə məhkəmənin mövqeyi əsaslı hesab edilə bilməz. Ərizəçi və cavbadeh daha sonra adı çəkilən əmlaka köçürülmə barədə Abşeron Rayon Məhkəməsinə iddia ilə müraciət etmişlər. Bir sıra müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət edilmişdir. Bütün bunlar ərizəçinin mövcud qətnamədən məlumatlı olmasını sübut edir. Belə olan halda hazırkı ərizənin təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün müddət bərpa barədə ərizənin təmin edilməsi əsassız hesab edilməli və qərardad ləğv edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı yazılı etiraz və vəsatət verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya instansiyası məhkəməsi MPM-in 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;

15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

14. “K.Maraevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli Qərarı

Qərarda göstərilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 04 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı: məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)- 701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

17. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi məsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

19. Məhkəmə kollegiyası verilmiş şikayəti əsaslı sayaraq, birinci instansiya məhkəməsinin hazırki mövqeyi ilə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır .

20. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

21. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-2049/2023 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(012)-701/2022 nömrəli qərardadı ləğv edilərək, cavabdeh tərəfindən “prosesual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmişdir.

22. Qətnamə icraya yönəldilmiş və məcburi icra tədbirləri tətbiq edilməklə qətnamə icra olunmuşdur. Bundan bir müddət sonra cavabdeh tərəf o cümlədən hazırkı ərizəçi Dilbər Nadirova qapının açarını sındıraraq torpaq sahəsinə daxil olmuşlar. Həmçinin qarşı tərəf qətnamənin yalnız torpaq sahəsinə aid olduğu, onun üzərindəki fərdi yaşayış evinə aid olmadığı, həmin evi birgə nikah dövründə əldə etdikləri əsası ilə icra sənədinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər.

23. Daha sonra Dilbər Nadirova əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, iddianın əsası kimi istinad etdiyi dəlillərdən biri olaraq, Abşeron Rayon Məhkəməsinin adı çəkilən e-2(012)-701/2022saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

24. X3 yuxarıda istinad edilən əsaslarla mübahisəli qətnamənin onun birbaşa maraqlarına toxunduğu əsas gətirərək məhkəməyə müraciət etmiş, ərizəsinə apellyasiya şikayəti və şikayətin verilməsi üçün müddətin bərpası barədə ərizə əlavə etmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

25. Apellyasiya kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşmır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

26. Nəzərə alınmalıdır ki, Mülki prosessual qanunvericilik mülki icraatda mühüm əlamət kimi prosessual qənaət prinsipinin qorunmasının vacibliyini təmin edir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.

27. Kollegiya Konstitusiya Məhkəməsinin formalaşdırdığı vahid mövqeydən çıxış edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir.

30. X9rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).

31. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.

32. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarınlarındakı mövqeyi və həmçinin MPM-in tələblərini nəzərə alaraq qeyd edilməlidir ki, o şəxlər qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq vəzifələrinə toxunulan şəxs kimi tanına bilər ki, işə məhkəmədə baxılarkən iş üzrə tərəf kimi cəlb edilməmişdir, qəbul edilmiş qətnamə həmin şəxsin hüquq və vəzifələrinə birbaşa aiddir, məhkəmənin iş üzrə tədqiq olunmuş sübutlar əsasında həmin şəxsi müəyyən etmək və həmin şəxsin onun hüquq və vəzifələrinə dair məhkəmədə hansısa işə baxıldığı barədə məlumatlanmaq imkanı olmamışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: “İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur”.

34. Göründüyü kimi Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb. Mülki prosessual qanunvericiliyin ən vacib prinsiplərindən biri olan prosessual qənaət prinsipinin məqsədi işə qanunla müəyyən edilmiş müddət çərçivəsində baxılması, məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.

35. Hazırkı halda işin faktiki hallarından bəlli olur ki, ərizəçi Dilbər Nadirova mübahisələndirilən qətnamənin mövcudluğundan məlumatlı olmuş, yaratdığı hüquqi nəticələri dərk etmiş və bu nəticələrlə barışmadığından, mübahisəli əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, həmin işə hazırda mübahisələndirdiyi qətnaməni əlavə etmişdir. Ərizəçi həmin iddia üzrə ziyanına qəbul edilmiş yekun məhkəmə aktından sonra hazırkı qətnamədən maraqlarına toxunan şəxs qismində tanınma ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir.

36. Lakin iş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, X1 qətnamədən nə vaxtdan məlumatlı olması tarixini müəyyən etmədən, müvafiq icra işini tələb edib öyrənmədən, sözügedən qətnamənin sonuncunun hüquq və vəzifələrinə toxunub-toxunmadığını müəyyən etmədən və nəhayət verilmiş apellyasiya şikayətinin qəbul edilmiş qətnamənin icrasının süni şəkildə uzatmağa yönəlməsinə xüsusi diqqət yetirmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir.

37. Kollegiya qeyd etməyi vacib bilir ki, bu cür hallar iddiaçı tərəfin mənafeyinə zərər vurmaqla yanaşı, həm də dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına şərait yarada bilər.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 398.02 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadı tam, bununla bağlı xx.xx.2023-cü il tarixli qərardadı qismən “şikayətin təmin edilməməsi hissəsində” ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 25 yanvar 2022-ci tarixli qətnaməsi üzrə X7 hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınma barədə ərizəsi və həmin qətnamədən apellyasiya şikayətinin verilməsinə dair “buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi” sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar