Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2337/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, maraqlı şəxs Abşeron rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(012)-3443/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 23.08.1955-ci il təvəllüdlü X3 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 33 saylı fərdi yaşayış evində 07.07.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(012)-3443/2021 saylı qərardadına əsasən Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Habil Əhmədov). Ərizəçi qərardadından şikayət verərək Abşeron Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(012)-3443/2021 saylı qərardadının ləğv edilərək ərizəsinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-3443/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılır ki, o, ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 23 avqust 1955-ci il təvəllüdlü X3 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 33 saylı fərdi yaşayış evində 07.07.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin ərizə və ona əlavə etdiyi sənədlər Abşeron Rayon Məhkəməsinin 2(012)- 3443/2021 saylı iş üzrə 05.05.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2021 saylı iş üzrə 05.05.2021-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, o və mərhum həyat yoldaşı Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 33 saylı evdə yaşasalar da, qeydiyyatları Gədəbəy rayonu, Rüstəm Əliyev küçəsində olduğundan ölüm faktının müəyyən edilməsinə dair ərizəni Gədəbəy Rayon Məhkəməsinə verməlidir. O, Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2021 saylı iş üzrə 05.05.2021ci il tarixli qərardadı ilə qəti şəkildə razılaşmır. İlk öncə onu qeyd etmək istəyir ki, həm onun, həm də ki, mərhum həyat yoldaşının qeydiyyatı Gədəbəy rayonu olsa da, onlar uzun müddət öz evləri olan Abşeron rayonu Xırdalan şəhəri Şəfiqə Əfəndizadə küçəsində yerləşən 33 saylı evdə 28 ildir ki, yaşamışlar. Hazırda da həmin evdə o, yaşayır. Bütün bunları sübut edən arayışları da ərizəsinə əlavə etmişdir. Onun Gədəbəy ilə qeydiyyatlarından başqa heç bir əlaqəsi yoxdur. Abşeron rayon X2 və X4 Stansiyasının 07.07.2020-ci il tarixli Xəbərdarlıq vərəqəsindən də göründüyü kimi həyat yoldaşı həmin evdə vəfat etmişdir. Bir daha qeyd etmək istəyir ki, mərhum həyat yoldaşının ölən günə qədər həmin evdə yaşaması barədə Abşeron rayon Xırdalan şəhəri 5 saylı MTİİTS tərəfindən 05.10.2020-ci il tarixli arayış da verilmişdir. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir ki, bu halda qeyd edilən faktın müəyyən olunmasına dair mübahisələr üzrə işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü, 305.1.1-ci və 307.2.3-cü maddələrinin tələblərinə əsasən xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Bütün bunlara əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2021 saylı iş üzrə 05.05.2021-ci il tarixli qərardadı əsassız olduğu üçün rədd edilməlidir və mərhum həyat yoldaşı 28 il öz evləri olan Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 33 saylı evdə yaşadığına və həmin evdə də vəfat etdiyinə görə bu işə onun yaşayış yeri üzrə baxılmalıdır. Ona görə də şikayətin təmin olunması xahiş olunur. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Abşeron rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X5 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, zəruri sənədləri təqdim etmədiyinə görə ərizəçiyə Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi qanunvericiliyə uyğun deyil. Odur ki, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi ərizəçinin rəsmi qeydiyyat yerinin Abşeron rayonu olmamasını, bu səbəbdən hazırki işə Abşeron Rayon Məhkəməsində baxılmalı olmamasını müəyyən edərək iddia ərizəsini geri qaytarmış, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.3-cü maddələri, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Asan-Gəncə” tərəfindən verilmiş 19.10.2017ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Tağıyev X7 rayonu R.Əliyev küçəsində qeydiyytdadır. Xırdalan şəhəri 5 saylı MTİİTS tərəfindən verilmiş 05.10.2020-ci il tarixli, 2835 saylı arayışdan görünür ki, ərizəçi Tağıyev X8 rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, 33 saylı evdə həyat yoldaşə mərhum X6 ilə birlikdə 07.07.2020-ci il tarixədək qeydiyyatsız yaşamışlar. Göründüyü kimi ərizəçi Tağıyev X8 rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, 33 saylı evdə yaşasa da həmin ünvan üzrə qeydiyyatda deyildir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmçinin həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Habelə həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, ış günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. Göründüyü kimi qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Məhkəmə kollegiyası ərizəçinin şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ərizəçi hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə deyil, rəsmi qeydiyyata alındığı yer üzrə Gədəbəy Rayon Məhkəməsinə müraciət etməlidir. Belə olan halda hazırki işə Abşeron Rayon Məhkəməsində baxıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(012)-3443/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(012)-3443/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2337/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2337/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver