Məhkəmə qərarları › İş №2(105)-2360/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2360/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2360/2020 03.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X2 və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2039/2020 saylı qətnaməsindən Cavabdeh Qəbil oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2039/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) iddiaçı bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh Qəbil oğluna qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş,Cavabdeh Qəbil oğlundan xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 751,55 manat, xx xxxxxx 2017-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 118,61 manat, cərimə üzrə 75,15 manat olmaqla, umumilikdə 945,31 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi, tutmanın xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh Qəbil oğluna məxsus 90 ABŞ dolları dəyərində 585 əyarlı, çəkisi 6,5 qr olan 1 ədəd boyunbağıya yönəldilməsi və həmin əşyanın hərracda satılması, satışdan əldə olunan vəsaitin bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edlmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Qəbil oğlundan xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 751,55 manat, xx xxxxxx 2017-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 118,61 manat, cərimə üzrə 75,15 manat olmaqla ümumilikdə 945,31 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması, tutmanın xx xxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh Qəbil oğluna məxsus 90 ABŞ dolları dəyərində, çəkisi 6,5 qr olan 1 ədəd boyunbağıya yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayyət etməzsə, qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, bank olmayan kredit təşkilatı İddiaçı Sumqayıt filialı ilə Cavabdeh Qəbil oğlu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, xx xxxxxx 2017-ci il tarixə qədər illik 36% dərəcəsi tətbiq edilməklə 1610 manat məbləğində kredit verilmişdir. Bank olmayan kredit təşkilatı İddiaçı kredit müqaviləsi üzrə bütün hüquqlarını və tələblərini “Azkredit” məhdud məsuliyyətli cəmiyyətinə satmışdır (güzəşt etmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh Qəbil oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh Qəbil oğlu müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu halda, kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh Qəbil oğlu ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş, buna görə də cəmiyyət məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh Qəbil oğluna məxsus 90 ABŞ dolları dəyərində, çəkisi 6,5 qr olan 1 ədəd boyunbağı cəmiyyətə girov qoyulmuşdur. xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən Cavabdeh Qəbil oğlunun cəmiyyətə olan əsas borcu 751,55 manat, faiz borcu 118,61 manat, cərimə borcu 75,15 manat olmaqla, ümumilikdə borcu 945,31 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə faiz və cərimə borclarının tutulması hissələrində qanunsuz və əsassızdır, həmin hissələrdə qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı ilə onun arasında illik 36% ödənilməsi şərti ilə 18 ay müddətində 1610 manat kreditin verilməsinə dair müqavilə bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq ona məxsus 90 ABŞ dolları dəyərində, çəkisi 6,5 qr olan 1 ədəd boyunbağı iddiaçıya girov qoyulmuşdur. Məhkəmə faiz və cərimə borclarının ondan tutulmasını müəyyən edərkən iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad etmişdir. Həmin arayış heç bir sübuta söykənmir və nəyə görə məhz göstərilən məbləğdə faiz və cərimə borcunun hesablanması ona aydın deyildir və əsaslandırılmamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsininqismən, faiz və cərimə borclarına aid hissəsində ləğv edilməsi, həmin hissələrdə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh Qəbil oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faiz və cərimə borclarına aid hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan bank olmayan kredit təşkilatı İddiaçı Sumqayıt filialı ilə Cavabdeh Qəbil oğlu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh Qəbil oğluna 18 ay müddətinə, xx xxxxxx 2017-ci il tarixə qədər illik 36% dərəcəsi tətbiq edilməklə 1610 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan bank olmayan kredit təşkilatı İddiaçı Sumqayıt filialı ilə Cavabdeh Qəbil oğlu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh Qəbil oğluna məxsus 90 ABŞ dolları dəyərində, çəkisi 6,5 qr olan 1 ədəd boyunbağı cəmiyyətə girov qoyulmuşdur. İş materiallarında olan bank olmayan kredit təşkilatı “Azkredit” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Qəbil oğlu xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsi üzrə kreditin ödəmə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə bank olmayan kredit təşkilatı İddiaçınə 751,55 manat əsas borc, 118,61 manat faiz borcu və 75,16 manat cərimə borcu olmaqla ümumilikdə 945,32 manat məbləğində borcu vardır. İş materiallarında olan bank olmayan kredit təşkilatı İddiaçı tərəfindən Cavabdeh Qəbil oğlu ünvanlanmış xx.xx.2017-ci il tarixli, 2533 saylı məlumatın surətindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi və girov əmlaka tutumanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, bank olmayan kredit təşkilatı İddiaçı Sumqayıt filialı ilə Cavabdeh Qəbil oğlu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsinin 1.3-ci bəndinə əsasən cavabdehə kredit 18 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə verilmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə faiz və cərimənin tutulması hissələrində iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borclarının tutulmasına dair olan hissəsində ləğv olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 432.4cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bank olmayan kredit təşkilatı İddiaçı Sumqayıt filialı ilə Cavabdeh Qəbil oğlu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən Cavabdeh Qəbil oğluna 1610 manat məbləğində kredit illik 36 faiz ödəmək şərti ilə verilmişdir. Bundan başqa, bank olmayan kredit təşkilatı İddiaçı Sumqayıt filialı ilə Cavabdeh Qəbil oğlu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD/15181/00104 saylı kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən “Borcalan” kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və kreditdən istifadəyə görə faizləri və krediti ödəmədiyi təqdirdə, gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cərimə) hər yubanma günü üçün “Borverən”in xeyrinə ödəməyə borludur. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə faiz və cərimə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borclarına aid hissələrdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin faiz və cərimə borclarına aid hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi faiz və cərimə borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Qəbil oğlunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2039/2020 saylı qətnaməsi faiz və cərimə borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Lətifə Məmmədova Şəmsəddin Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar