Məhkəmə qərarları › İş №2(105)-2383/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2383/2021

15.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2383/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(034)-185/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(034)-185/2021 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılma və tikililərin boşadılması” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. İddiaçı apelyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(034)-185/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş gəlini olub, iddiaçının oğlu Anar Şərifovla aralarında yaranan narazılıqlara görə münasibətləri pozulmuş, Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(010)-38/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikah dövründə doğulmuş 07.06.2008-ci il təvəllüdlü X9 cavabdehin himayəsinə verilmişdir. Boşanmalarına baxmayaraq nəvəsinin xatirinə cavabdehin ona aid mənzildə yaşamasına icazə vermiş və mənzildən çıxarılması üçün məhkəməyə müraciət etməmişdir. Lakin buna baxmayaraq cavabdeh əlavə xərclərlə, kompensasiya tələbləri ilə bağlı oğlu Şərifov Anara qarşı məhkəmələrə müraciət edib, heç bir nəticə əldə etmədiyini gördükdən sonra ona qarşı aqressiv mövqe nümayiş etdirməyə başlamışdır. Xeyli müddətdir ki, cavabdeh ona və həyat yoldaşı, yataq xəstəsi olan X1 rahat yaşamağa imkan vermir. Cavabdeh tez-tez evdə dava-dalaş salır. Qonşular da həmin mübahisələrin şahididirlər. Cavabdeh boşamasını qəbul edə bilmir və onu oğlunu “gizlətməkdə” ittiham edir və bütün aqresiyasını ona qarşı istifadə edir. Bu isə dözülməz şərait yaradıbdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu Masazır kəndində xüsusi mülkiyyət hüququ əsasında 0.02 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin Cavabdeh həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda onun öz mülkiyyətindən istifadəsini məhdudlaşdırır. Ona görə də cavabdehin məcburi formada yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1,146.1,157,228-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4-cü maddəsinin, Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli 15.04.2013-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(010)-38/2019 saylı qətnaməsi ilə X6 və Cavabdeh arasında olan nikah pozulmuş və birgə nikah dövründə doğulmuş 07.06.2008-ci il təvəllüdlü X9 cavabdehin himayəsinə verilmişdir. Zəngilan Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(034)-49/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Allhverən qızının iddia tələbi qismən təmin edilərək, cavabdehlər X6, X3 və İddiaçı Qəytərən qızından müştərək qaydada 4285.71 (dörd min iki yüz səksən beş dollar 71 sent) ABŞ dolları məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş 100 (yüz) manat pulun tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, mebelin dəyəri olaraq 300 (üç yüz) manat pulun cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2020-ci il tarixli, 2(105)- 2031/2020 saylı qətnaməsi ilə cavabdehlər X5 və İddiaçı apelyasiya şikayəti qismən təmin edilib, Zəngilan Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi qisməncavabdehlər X6, X3 və İddiaçı müştərək qaydada 4285,72 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1., 157.2-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-cı maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, qeyd olunan torpaq sahəsinin çıxarışı olsa da və onun üzərində tikilmiş fərdi yaşayış evinin üzərində tərəflərin mülkiyyət hüququ tanınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X6 və Cavabdeh 16 noyabr 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənmiş və birgə nikahdan bir nəfər uşaqları doğulmuşdur. Cavabdeh nikaha daxil olduqdan sonra keçmiş həyat yoldaşının da məskunlaşdığı ünvan 1 ünvanında yerləşən 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında yaşamışdır. 2013-cü ilin fevral aylarında Bakı şəhəri Nizami rayonu, Əlişir Nəvai küçəsində yerləşən 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında yaşayan sakinlərə kompensasiya ödənilməklə həmin binadan çıxarılmışlar. Kompensasiya ödənilərkən kompensasiya ödənilən şəxslərdən yaşadıqları ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədikləri və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqları barədə notariat qaydasında təsdik olunmuş ərizə alınmışdır. Şərifovlar ailəsinin 7 nəfər olması nəzərə alınaraq, iddiaçı və Cavabdeh və onun uşağı da daxil olmaqla 30000 ABŞ dolları kompensasiya ödənilmişdir. Həmin vəsait hesabına 2013-cü ilin aprel ayında Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsinin üzərində ikimərtəbəli, yeddi otaqdan ibarət olan yaşayış evi inşa edilmiş, tərəflər həmin evə köçmüş və hazırda da orada yaşayırlar. Torpaq sahəsinin hüquqmüəyyənedici sənədi mövcud olsa da, həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılma və tikililərin boşadılması” tələbinə dair iddiasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apelyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilən xüsusatları özündə əks etdirib, əlavə bir sübut təqdim edilməmiş və iddianın əsası sübuta yetirilə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(034)-185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar