Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2405/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Mirzəyeva (Xasıyeva) Elmira Həmid qızı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1443/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1443/2020 saylı saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı Cavabdeh qarşı əməlak və pul tələbi qismən təmin edilib, Cavabdeh 3150 (üç min yüz əlli) manat dəyərində qızıl dəsti (sırğa, boyunbağı, bilərzik, üzük), 350 (üç yüz əlli) manat dəyərində qızıl üzük (həri üzüyü) və 600 (altı yüz) manat dəyərində qızıl boyunbağı, ümumilikdə 4100 (dörd min yüz) manat dəyərində qızıl zinət əşyaları, həmin qızıl zinət əşyaları olmadıqda isə onların dəyəri 4100 (dörd min yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı Mirzəyeva (Xasıyeva) Elmira Həmid qızına verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1443/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 6420/2019 saylı qətnaməsi ilə ləğv edilmişdir. Lakin onun qızıl-zinyət, briliyant əşyaları və avtomobil qəzası ilə əlaqədar verilən 1000 manat və özünün müalicəsi ilə əlaqədar verilmiş 2000 manat pul vəsaiti cavabdehdə qalmışdır. Qeyd olunan əmlakların dəyəri və pul vəsaitinin ümumi dəyəri 8300 manat təşkil edir. Həmin əşyalardan qızıl dəsti (sırğa, sep, bilərzik, üzük) – qiyməti 3500 manat, həri üzüyün qiyməti 300 manat, nişan üzüyünün qiyməti 500 manat, oğlana alınmış nişan üzüyü 500 manat, sep 11 qram qiyməti 500 manat, avtomobil qəzası və özünün müalicəsi ilə əlaqədar verilən 3000 manat, ümumilikdə 8300 manat məbləğində olan əmlakdır. Qeyd olunanları dəfələrlə cavabdehdən tələb etsə də qaytarmamışdır. Ona görə də, Cavabdeh Sakit oğlundan qızıl dəsti (sırğa, sep, birəzik, üzük) qiyməti 3500 manat, həri üzüyün qiyməti 300 manat, nişan üzüyünün qiyməti 500 manat, oğlana alınmış nişan üzüyü 500 manat, sep 11 qram qiyməti 500 manat məbləğində əmlakın özü və ya dəyərinin,avtomobil qəzası və özünün müalicəsi ilə əlaqədar verilən 3000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli, 2(060)-1443/2020 saylı qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq noromalarının tələbləri pozulmuş və işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Belə ki, qızıl-zinət əşyaları birgə nikah dövründə iddiaçının özünün razılığı ilə Lombarda girov qoyulmuş və götürülən pullar ailənin ümumi xərclərinə sərf edilmişdir. Digər tərəfdən əgər qızıl-zinət əşyalarının lombarda qoyulmasına iddiaçının razılığı olmamışdırsa onda iddiaçı həmin əşyaların ondan zorla (qeyri-iradi) alınması barədə hüquq mühafizə orqanlarına nə üçün müraciət etmiş olardır. Qızıl kolye xx xxxx 2020-ci il tarixinə qədər X3 lombardında girovda olmuşdur və həmin əşyalara görə anası X4 406,70 manat ödəniş etməklə onu girovluqlan azad etmişdir. Bütün qızıl-zinət əşyaları birgə nikah dövründə iddiaçının razılığı ilə Lombardda girova qoyulmuşdur. Alınan pul isə ümümi xərclərə, o cümlədən iddiaçının müalicəsinə xərclənmişdir. Həmçinin qızıllardan sepin qırığı döşəmənin arasından tapılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Ş.N.Mirzəyeva apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6420/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Mirzəyeva (Xasiyeva) Elmira Həmid qızı arasında Sumqayıt şəhər nikah evində xx.xx.2014-cü il tarixdə bağlanmış, 167 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İşə əlavə edilmiş FCL № 060853 nömrəli xx xxxxxx 2018-ci il tarixli girov biletinin əslindən görünür ki, 585 əyarlı 2 dənə sırğa, 1 üzük, 1 qolbaq, cəmi 22.09 qram qızıl xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh tərəfindən girov qoyulmuş, xx xxxxxx 2019-cu il tarixdə girovdan çıxarılmışdır. “xxxxxxxx” MMC-nin daşınar əmlakın qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, iş materiallarına əlavə edilmiş foto şəkillər və siyahı üzrə qızıl dəsti (sırğa, boyunbağı, bilərzik, üzük) – 40 qram, qiyməti 3150 manat, qızıl üzük (həri üzüyü) qiyməti 350 manat, qızıl üzük (nişan üzüyü qız üçün) qiyməti 500 manat, qızıl üzük (nişan üzüyü oğlan üçün) 500 manat, qızıl boyunbağı, 11 qram qiyməti 600 manat, ümumilikdə tələb olunan qızıl-zinət əşyalarının xx xxxxx 2020-ci il tarixə bazar qiyməti 5100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentindən, göründüyü kimi, vindikasiya iddiasının istinad edilən 2 və 3-cü komponentlərinin də mövcudluğu, yəni iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının onun qanuni sahibiyindən çıxması və sahibliyindən çıxmış fotoşəkillərdə əks olunmuş həmin əşyaların məhz cavabdehin faktiki sahibliyində olması cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Mirzəyeva (Xasiyeva) Elmira Həmid qızı Cavabdeh ilə xx xxxx 2014-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahlarından övladları olmamışdır. İddiaçıya toy və nişan zamanı verilən qızıl zinət əşyalarından qızıl dəsti (sırğa, boyunbağı, bilərzik, üzük), qızıl üzük (həri üzüyü), qızıl boyunbağı cavabdehin istifadəsindədir. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi tələb edilən qızıl dəsti (sırğa, boyunbağı, bilərzik, üzük), qızıl üzük (həri üzüyü), qızıl boyunbağı qızıl zinət əşyalarının onda olmamasını, iddiaçının razılğı ilə həmin qızılları girov qoyaraq pul götürdüyünü və götürdüyü pulu qaytara bilmədiyi üçün həmin qızılların girovda batdığı bildirsədə, həmin qızılların iddiaçının razılığı ilə girov qoyması barədə hər-hansı sübut məhkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçı mübahisəli qızılların hazırda cavabdehdə olmasını sübut etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehdən tələb edilən qız üçün qızıl nişan üzüyü iddiaçının istifadəsində olarkən itmiş, oğlan üçün qızıl nişan üzüyü isə Cavabdeh hədiyyə alınmışdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin qismən təmin ediməsi, Cavabdeh 3150 (üç min yüz əlli) manat dəyərində qızıl dəsti (sırğ, boyunbağı, bilərzik, üzük), 350 (üç yüz əllim) manat dəyərində qızıl üzük (həri üzüyü) və 600 (altı yüz) manat dəyərində qızıl boyunbağı, ümumilikdə 4100 (dörd min yüz) manat dəyərində qızıl zinət əşyaları, həmin qızıl zinət əşyaları olmadıqda isə onların dəyəri 4100 (dörd min yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı Mirzəyeva (Xasıyeva) Elmira Həmid qızına verilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı N.N.Abbasquliyeva apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1443/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova