Məhkəmə qərarları › İş №2(105)-2411/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2411/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2411/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X5 iştirakı ilə, İddiaçı «xxxxxxxxx» X6 cavabdehlər Cavabdeh Bahadır oğluna, X2 və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və borc ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Ç.Ağayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia tələbinin qismən təmin edilməsi, «xxxxxxxxx» ASC ilə Cavabdeh Bahadır oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 078/KT-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli, 078/KT-15 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 41598,76 manat əsas borc, əsas məbləğə hesablanmış faiz borcu üzrə 3397,23 manat, cərimə borcu üzrə 10 manat olmaqla, cəmi 45005,99 manat məbləğində pulun tutulub iddiaçı «xxxxxxxxx» ASC-nin Xaçmaz filialının hesabına ödənilməsi, kredit borcu ödənilmədikdə tutmanın borcun təminatı məqsədilə ipotekaya qoyulmuş Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən X1 ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan yaşayış evinə, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Zamin2 Bahadır qızının Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı- Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin ilkin satış qiymətinin yaşayış evi üzrə 35.000 manat, 5.1556 ha torpaq sahəsi üzrə 55.000 manat və 2.0937 ha torpaq sahəsi üzrə 24.000 manat müəyyən edilməsi, mənzil və torpaq sahələrinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, kreditdən istifadəyə görə faizlər, cərimə ödənilməsi və artıq qalan məbləğin cavabdehlərə qaytarılması, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi, iddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Bahadır oğlundan «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması, ekspertiza xərci olan 150 manatın Cavabdeh Bahadır oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh Bahadır oğlu arasında olan xx.xx.2015-ci il tarixli, 078/KT-15 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh “xxxxxxxxx” ASC-yə olan əsas borcundan 39.583,30 manat, faiz borcundan 5.224,41 manat, cərimə faizindən 20.968,09 manat olmaqla, cəmi 65.775,80 manat pulun tutulması, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 30 manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc ödənilmədikdə tələbin ipoteka qoyulmuş, X2 məxsus (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixdə qeydiyyata alınmış, Seriya RX № 0586452, Reyestr nömrəsi **********84- 05101- 093021, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi, həmin borcun ipoteka qoyulmuş, Heydərova (Hüseynova) Nazilə Cəmil qızına məxsus 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199033, Reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199032, Reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən və 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199031, Reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Quba rayonu, Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 1,9966 ha, 2,0937 ha və 5,1556 ha kənd təsərrüfatı təyinatlı torpaqlara və çoxillik əkmələrə yönəldilərək, açıq hərracda satılması, həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi, əmlakların boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin məbləğinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə verərək, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 078/KT-15 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, Cavabdeh «xxxxxxxxx» ASC-yə əsas borcundan 39.583,30 manat, faiz borcundan 7418,34 manat, 20.968,09 manat cərimənin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilən 30 manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, həmin borcun Bankla Zamin1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 078/KT-15-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Zamin1 məxsus (AR ƏMDKY DƏDRX HDQH DƏDR- nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya RX № 0586452, Reyestr nömrəsi **********84-05101-093021, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi, həmin borcun Bankla Zamin2 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 078/KT- 15-02 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Zamin2 məxsus 5,1556 ha və 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaqlara və çoxillik əkmələrə yönəldilərək, açıq hərracda satılması, həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASCyə ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və əmlakların boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxxxx» ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 078/KT- 15 saylı kredit müqavilələrinə əsasən illik faiz dərəcəsi 7% olmaqla 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Zamin1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 078/KT-15-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Zamin1 məxsus (AR ƏMDKY DƏDRX HDQH DƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya RX № 0586452, Reyestr nömrəsi **********84-05101-093021, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığı əsasən 28.000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Zamin2 arasında bağlanmış AR ƏMDKY DƏDRX HDQH DƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199032, Reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən və 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199031, Reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba rayonu, Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 5,1556 ha 2,0937 ha kənd təsərrüfatı təyinatlı torpaqlar və çoxillik əkmələr ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin əmlakın qiyməti tərəflərin razılığına əsasən 107.200 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ç.Ağayev apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İş materiallarında olan və məhkəmənin mötəbər sübut kimi qiymətləndirildiyi xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, cavabdehin banka olan borcu 41.598,76 manat əsas, 3397.23 manat faiz borcu təşkil edir. İş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərkən müqavilə müddəti bitməmiş və bu səbəbdən də kredit müqaviləsi üzrə faiz hesablanması davam etmişdir. Bu barədə iddia tələbinin artırılmasına dair ərizə isə məhkəməyə müraciət edib, hazırda müqavilə müddətinin bitmədiyi, müqavilə müddətinin xx xxxxxxx 2020-ci il tarixdə bitəcəyi və iş üzrə yekun məhkəmə qətnaməsi olmadığından faiz hesablanmasının dayandırılmadığı, həmin gün üçün borclunun Banka olan iş üzrə faiz məbləğinin 7418.34 manat təşkil etdiyi bildirilsə də, məhkəmə buna əhəmiyyət verməmiş və əsassız olaraq ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-157/2020 saylı qətnaməsinin qismən, faiz borcu tutulması hissəsində ləğv edilərək, Cavabdeh 7418,34 manat faiz borcunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi G.P.Əhmədli apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv olunmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz hissəsində qanuni və əsaslı deyil, həmin hissədə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Ç.Ağayevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 078/KT-15 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxxxxx» ASC-nin Xaçmaz filialı tərəfindən Cavabdeh Bahadır oğluna “bağçılığın və quşçuluğun inkşafı” məqsədilə illik 7% olmaqla, 60 ay müddətinə 50.000 AZN məbləğində pul ayrılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 078/KT-15-01 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit borcunun təminatı məqsədilə Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən, Zamin1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan mənzil ipotekaya qoyulmuşdur. İşdə olan xx.xx.2015-ci il tarixli 078/KT-15-02 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit borcunun təminatı məqsədilə, 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199032, Reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən və 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199031, Reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, A.Zamin1nın Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətdə olan 2.0937 ha və 5.1556 ha kənd təsərrüfat təyinatlı torpaqlar və çoxillik əkmələr ipotekaya qoyulmuşdur. İşə əlavə olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan yaşayış evi Zamin1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən, ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan yaşayış evi «xxxxxxxxx» ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı- Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zamin2 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı- Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi «xxxxxxxxx» ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı- Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zamin2 mülkiyyətindədir. İşə əlavə olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi «xxxxxxxxx» ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxx» ASCnin Xaçmaz filialı ilə bağlanan 078/KT-15 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 39583,30 manat, faiz borcu üzrə 7418,34 manat, cərimə borcu üzrə 20968,09 manat və 60 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 47001,64 manat və 60 manat məbləğində dövlət rüsumu məbləğində borcu vardır. İşdə olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx xxxxxxx 2019cu il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan yaşayış evinin bazar dəyəri 35.000 manatdır. İş materiallarında olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Aşağı-Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 24.000 manatdır. İşə əlavə olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Quba rayonu, Aşağı- Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 55.000 manatdır. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, maliyyə arayışı və xx.xx.2015-ci il tarixli, 078/KT-15 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh əsas borc üzrə 41598,76 və faiz borcu üzrə 3397,23 manat olmaqla, ümumilikdə borcu 44995,99 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx xxxxxxx 2020-ci il tarixdə bitir. İddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdiriməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 078/KT-15 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və faiz borcu üzrə 7418,34 manat tələb etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin faiz borcu hissəsində gəldiyi nəticəni düzgün hesab etmir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə hesab edir ki, əsas borc 39583,30 manattəşkil etdiyi halda, 20967,09 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 10 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi faiz hissəsində ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi Çingiz Ağayevin apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(027)-157/2020 saylı qətnaməsi qismən ləğv edilsin. «xxxxxxxxx» ASC ilə Cavabdeh Bahadır oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 078/KT-15 saylı kredit müqaviləsi ləğv edilsin, Cavabdeh Bahadır oğlundan xx.xx.2015-ci il tarixli, 078/KT-15 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 41598,76 manat əsas borc, əsas məbləğə hesablanmış faiz borcu üzrə 7418,34 manat, cərimə borcu üzrə 10 manat olmaqla, cəmi 49.027,10 (qırx doqquz min iyirmi yeddi) manat 10 (on) qəpik məbləğində pul tutulub iddiaçı «xxxxxxxxx» ASC-nin Xaçmaz filialının hesabına ödənilsin, kredit borcu ödənilmədikdə tutma borcun təminatı məqsədilə ipotekaya qoyulmuş Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən X1 ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan iki mərtəbəli, ümumi sahəsi 65,8 kv.metr, yaşayış sahəsi 37 kv.metr, yardımçı sahə 28,8 kv.metr və yaşayış otaqlarının sayı 3 olan yaşayış evinə, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Zamin2 Bahadır qızının Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti yaşayış evi üzrə 35.000 manat, 5.1556 ha torpaq sahəsi üzrə 55.000 manat və 2.0937 ha torpaq sahəsi üzrə 24.000 manat müəyyən edilsin, mənzil və torpaq sahələri açıq hərracda satılsın, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, kreditdən istifadəyə görə faizlər, cərimə ödənilsin və artıq qalan məbləğ cavabdehlərə qaytarılsın, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməsin, iddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Bahadır oğlundan «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun, ekspertiza xərci olan 150 manat Cavabdeh Bahadır oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar