Məhkəmə qərarları › İş №2(105)-2448/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2448/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2448/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-162/2019 saylı qərardadından İddiaçı-nin nümayəndəsi F.Ş.Əliyevin verdiyi şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-162/2019 saylı qərardadı ilə (hakim R.T.Həsənov) Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edib, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-162/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-162/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı borcun, bu borcun əvəzinin girov predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi barədə iddia təmin edilməmiş, İddiaçı-nin tələb etdiyi hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 45 manat İddiaçı-dən alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab Sənədi AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı-nin nümayəndəsi F.Ş.Əliyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan son müddət 2020-ci ilin mart ayının 20-nə düşmüşdür. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq Novruz Bayramı üçün nəzərdə tutulmuş günlərlə üst-üstə düşür. Novruz Bayramı ərəfəsində Respublika ərazisində ümumi karantin rejimi tətbiq edilmiş, ASC-də işçilərin işə çıxması və işçilərin sayının azaldılması ilə əlaqədar olaraq bir sıra məhkəmə qərarlarından şikayət verilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu tipli gecikmələr üzrlü hesab edilərək şikayətlərə baxılmalıdır. Ona görə də, müddətin bərpasından imtina barədə qərardadın ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin nümayəndəsi X2 şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etirz dib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi barədə müddətin bərpa edilməsindən imtina etdikdə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, İddiaçı Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsini rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə almış, lakin onun apelyasiya şikayəti xx xxx 2020-ci il tarixdə verilmişdir. İddiaçı apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmış, lakin apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsi poçt vasitəsi ilə iş üzrə tərəflərə göndərilmiş, qətnamənin surəti poçt göndərişinin xəbərnaməsinə əsasən xx xxxxxx 2020-ci il tarixdə iddiaçının “Quliyeva” soyadlı əməkdaşı tərəfindən qəbul edilmişdir. Göründüyü kimi Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddiaçı Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin təqdim edildiyi günün sabahı, yəni xx xxxxxx 2020-ci il tarixdən başlanmışdır. Lakin iddiaçı apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən apelyasiya şikayəti 1 ay müddətində deyil, 2 ay 28 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apelyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. X3 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-162/2019 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı-nin nümayəndəsi F.Ş.Əliyevin verdiyi şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-162/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar