Məhkəmə qərarları › İş №2(105)-247/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-247/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-247/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat məbləğində əsas borcun, 12431,99 manat məbləğində faiz borcunun, cəmi 52431,99 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmiş, 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcu, cəmi 53431,99 manat borc məbləği və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 100000 (yüz min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması hissədə rədd edilməsi qət edilmişdir.(hakim E.Məmmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat məbləğində əsas borcun, 12431,99 manat məbləğində faiz borcunun, cəmi 52431,99 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 25.02.2020 tarixində iddiaçı və Cavabdeh arasında 3044/20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 36 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi 25.02.2020 tarixli 3044/20/i saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66.7 kv.m olan bağ evi girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Cavabdeh 25.03.2020 tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmiş, 22.02.2021 tarixindən ödənişləri tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə 06.04.2021 tarixində dövlət poçtu vasitəsi ilə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən məhkəmə iclaslarında onun iştirakı təmin olunmamışdır. Belə ki, o, rəsmi qeydiyyatda olduğu ünvanda yaşamadığından ona ünvanlanmış məhkəmə bildirişlərini almamışdır. Baxmayaraq ki, iddiaçı təşkilatda onun telefon nömrələri vardır. O, 40000 manat krediti götürməmişdir. Həmin pulu ASC-nin İdarə Heyətinin üzvü Müslüm Fəziyev götürmüşdür. Ona görə də, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. O, sonradan apellyasiya şikayətinə əlavə verərək ona məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 100 000 manat müəyyən edilməsi hissəsində qətnamənin ləğv edilməsini, ipoteka predmetinin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, ipoteka predmeti olan bağ evinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iş üzrə iddiaçının nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında şikayətlə razılaşmadıqlarını, lakin ipotka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə etiraz etmədiklərini bildirdi. İş üzrə tərəflər sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, cavabdehin nümayəndəsi və vəkili isə ərizə verərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı BOKT ASC Cavabdeh illik 30 % dərəcəsi ilə 36 ay müddətinə 40000 manat məbləğində borc pul vermişdir. Yenə iş materiallarında olan 25 fevral 2020-ci il tarixli, 3044/20/İ saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 100000 (yüz min) manat məbləğində müəyyən edilmişdir. Yenə də iş materiallarında olan 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə 09.04.2021-ci il tarixinə 40000 manat əsas, 12431,99 manat faiz olmaqla, cəmi 52431,99 manat borcu vardır. Cavabdeh tərəfindən əlavə edilmiş "xxxx" MMC-nin 23.11.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin bazar qiyməti 180 000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən işə əlavə edilmiş "xxxx" MMC-nin 14.02.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin bazar qiyməti 130 000 manat, likvid dəyəri 120 000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində “B+Ş AUDİT” Konsaltinq MMC-nin 02.02.2022-ci il tarixli rəyi ilə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin bazar qiyməti 175 000 manat, likvid dəyəri 160 000 manat müəyyən edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə qətnamə cavabdehin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə əlavə verilməklə yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən, eləcə də iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda yalnız həmin hissədə qətnamə apelyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiymətinin 100 000 (yüz min) manat məbləğində müəyyən edilməsi hissəsində, eləcə də tutulmalı cəmi kredit məbləği hissəsində dəyişdirilməli, yol verilmiş texniki yanlışlıq aradan qaldırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 25.02.2020 tarixində iddiaçı və Cavabdeh arasında 3044/20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 manat məbləğində pul ayrılmışdır. Kreditin təminatı kimi 25.02.2020 tarixli, 3044/20/i saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66.7 kv.m olan bağ evi ipotekaya qoyulmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit məbləğinin qaytarılmasını təmin etməmişdir. Hazırki halda əsas mübahisə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yenə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Daha öncə qeyd edildiyi kimi iş üzrə tərəflər müqavilə bağlayarkən ipoteka predmetinin ilkin satış qiymətini 100 000 (yüz min) manat məbləğində müəyyən etsələr də, sonradan həmin məbləğ mübahisə predmetinə çevrilmiş, hər bir tərəf məhkəməyə bununla bağlı özləri tərəfindən əldə edilmiş qiymətləndirici rəyini təqdim etmişdir. İşin obyektiv həlli üçün məhkəmənin qərardadı əsasında “B+Ş AUDİT” Konsaltinq MMC tərəfindən aparılmış qiymtələndirmə nəticəsində Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin bazar qiyməti 175 000 manat, likvid dəyəri 160 000 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh mülkyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiyməti onun likvid dəyəri ilə 160 000 manat müəyyən edilməlidir. İşdən həmçinin görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat məbləğində əsas borcun, 12431,99 manat məbləğində faiz borcunun, cəmi 52431,99 manat borc məbləğinin tutulmasını xahiş etsə də, işə baxan məhkəmə texniki yanlışlığa yol verərək iddianı təmin edərkən 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcunu düz yazsa da, cəmi məbləği səhvən 53431,99 manat yazmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin rəqəm hissəsində qətnamədə dəyişiklik edilərək yanlışlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, ipotekanın ilkin satış qiyməti və tutulacaq cəmi kredit məbləği hissəsində qətnamə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16,00 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiymətinin 100 000 (yüz min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 160 000 (yüz altmış min) manat müəyyən edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi tutulacaq cəmi kredit məbləğinin 53431,99 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Tutulacaq cəmi kredit məbləği 52431,99 (əlli iki min dörd yüz otuz bir, doxsan doquz) manat yazılsın. Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi, iddianın qismən təmin edilməsi, 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, iddia tələbinin ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar