Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2491/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Xaliq oğlunun Cavabdeh qarşı avtomobilinin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddia qismən təmin edilməsi, İddiaçı Xaliq oğluna məxsus olan "VAZ-21074" markalı, Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı Xaliq oğluna qaytarılması, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Xaliq oğluna verilməsi, qalan 15 (on beş) manat pul iddiaçıya aid edilməsi, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2013-cü il tarixli qərardadı ilə iddianı təmin etmək üçün VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs qətnamə tam icra olunana qədər qüvvədə saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Tağızadə sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) 15 fevral 2021-ci il tarixli 2(105)- 539/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 11 oktyabr 2013-cü il tarixli 2(012)1663/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 18 may 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-539/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Xaliq oğlu cavabdeh X3 qarşı avtomobilin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə “Nikoyl” X2 6 saylı filialından 19 mart 2010cu il tarixli kredit müqaviləsi əsasında 26 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərtilə 5200 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən o əsas məbləğdən əlavə, faiz borcu kimi 2336 manat məbləğində pul ödəməli idi. Kreditin qaytarılmasının təminatı kimi həmin avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 13 fevral 2011-ci il tarixdə o həmin avtomobili tanışı Cavabdeh satmışdır. Qarşılıqlı razılaşmaya əsasən, Cavabdeh onun banka olan borcunu ödəməli idi. Lakin cavabdeh öhdəliyə əməl etməmiş, buna görə də “Nikoyl” İKB ondan qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və avtomobilin acıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 5982,05 manat pul vəsaitinin ondan “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan VAZ21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi qət edilmişdir. Cavabdeh nəinki banka olan borcu ödəməmiş, hətta avtomaşını qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə yalnız iş üzrə mütəxəssis rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmənin keçirilməsi yeri və vaxtı barədə ona xəbər verilmədiyi səbəbindən məhkəmədə iştirakı edə bilmədiyi üçün öz hüquqlarını müdafiə etmək imkanından istifadə edə bilməmişdir. İddiaçının 11 fevral 2011- ci il tarixində etibarnamə əsasında onun sərəncamına verdiyi VAZ 21074 markalı, AZ ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili o, işə əlavə edilmiş sübut etibarnamə əsasında ona verilən səlahiyyətindən istifadə edərək 23 fevral 2011-ci il tarixində etibarnaməni notariat kontoruna təhvil verərək Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 56/23 ünvanda yaşayan X1 verilməsinə dair etibarnamə vermişdir. Avtomobilin banka olan kredit borcunun ödənilməsinə görə o, heç bir öhdəlik götürməmişdir. Başqasının sahibliyində olan avtomobili mülkiyyətçiyə geri qaytarmaq faktiki olaraq onun imkanın xaricindədir və buna onun heç bir hüququ yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilin özündə saxlaması, lakin onun bu hərəkətindən iddiaçıya maddi zərərin vurulmaması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 157, 362-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, bu nəticədən narazı qalan cavabdehin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən təqdim edilən sübutları nəyə görə qəbul etmədiyini və ya mötəbər sübut hesab etmədiyini, prosessual qanunvericiliyin sübutlara qarşı irəli sürülən hansı tələblərinə cavab vermədiyini ümumiyyətlə əsaslandırmamasını, işə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla mübahisələndirilən hissədə iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, mübahisələndirilən hissədə iddia tələbi avtomobilin qaytarılması barədədir. İşin mübahisələndirilməyən halı isə ondan ibarətdir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətindədir və o, həmin avtomobillə bağlı Cavabdeh etibarnamə vermiş və sonuncu da həmin etibarnamə əsasında avtomobilə vermiş olduğu səlahiyyəti başqa şəxsə ötürmüşdür. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli avtomobilin mülkiyyətdə, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Hazırki işdə avtomobilin iddiaçının mülkiyyətində olduğu isə işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Lakin avtomobilin cavabdehin sahibliyində olması öz təsdiqini tapmamışdır. Belə ki, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışda qeyd olunur ki, cavabdeh 23.02.2011-ci il tarixdə iddiaçının adından çıxış edərək həmin avtomaşını Etibar Əsgərovun sahibliyinə vermiş və bununla da avtomaşın həmin tarixdən Cavabdeh sahibliyindən çıxmışdır. Çünki ona verilən səlahiyyətlər artıq üçüncü şəxsə ötürülmüşdür. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.2.-ci maddəsinin dizpozisiya şərtlərindən ikinci olan, yəni cavabdehin avtomaşına sahiblik etməsi öz təsdiqini tapmadığından, üçüncü şərtlə bağlı əlavə araşdırma aparılmasına zərurət yaranmır, ona görə ki, bu şərt ikinci şərtin mövcudluğu halında yoxlanılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı avtomobilin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Xaliq oğlunun Cavabdeh qarşı avtomobilinin geri qaytarılmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2491/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2491/2021
27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver