Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-251/2023 16.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə (Açar sözlər: qanunsuz tikili, özbaşına tikili, tikilinin sökülməsi, sahiblikdən məhrumetmə, mülkiyyət hüququnun pozulması, maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-128/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən 0.0313 ha torpaq sahəsində inşa edilmiş 32 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 172 saylı reyestr kitabının 79 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********03-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1008 saylı reyestr kitabının 66 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********86 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3346 saylı rəyindən görünür ki, cavabdehə məxsus tikilinin texniki parametrlərinin (ölçüsü, konfiqurasiyası, mərtəbəliliyi və.s.) iş materiallarına əlavə edilmiş 2020-ci il tarixli eskiz layihəsinə (iş.v 90-101) uyğun olduğu, lakin həmin tikilinin inşası zamanı iddiaçının sərhəd hasarına münasibətdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5. bəndinin tələblərinə əsasən ara məsafəsinin saxlanılmadığı müəyyən olunmuşdur. AzDTN 2.6-1 in 1 nömrəli əlavəsindən görünür ki, odadavamlılıq dərəcəsindən asıl olaraq tikililər arasında yanğın əleyhinə məsafələr minimum 6 metr təşkil edir. İddiaçıya məxsus tikili ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsi arasında olan məsafənin 5,5 metr olmasını nəzərə alaraq, tikililər arasında olan məsafənin AzDTN 2.6-1 in 1 nömrəli əlavəsinə uyğun olmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanındakı Cavabdeh məxsus ümumi sahəsi 678 kv.m olan, 2 mərtəbəli fərdi yaşayış evi kimi inşa edilən qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılması, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmasını və bu barədə prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qonşuluğunda, yəni Gündüz Abdullayev küçəsi 7 saylı evin arxasında Elbrus adlı sahibkarın inşa etdirdiyi, Cavabdeh məxsus ümumi sahəsi 678 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi kimi icazə verilmiş, lakin təsdiq olunmuş layihədən kənar aparılan tikinti ilə əlaqədardır. Tikintinin aparılmasından görünür ki, tikinti böyük ticarət obyektinə, şadlıq evinə, kütləvi insan toplaşan obyektə bənzəyir. Həmin tikintidə şəhərsalma norma və qaydaları, Tikinti Məcəlləsinin tələbləri, ərazinin 20% sıxlığı, aparılan tikinti ilə qonşu tikililərlə yanğına qarşı ara məsafəsi gözlənilməmişdir. Hazırda, həmin sahədə aparılan qanunsuz tikili onun öz mülkiyyətində olan mənzildən istifadəsinə də maneələr yaratmışdır. Eyni zamanda, ərazidə davam etdirilən tikinti işləri nəticəsində toz, səs-küy və sairə xoşagəlməz hallar da mənzildə yaşayan sakinləri narahat edir və onların hüquqlarını pozur. Ara məsafəsi gözlənilməmişdir.tikinti qanunauyğun aparılmamışdır.Tikintinin özbaşına aparılmışdır. Yaradılan manelər aradan qaldırılmalı, cavabdehə qadağan edilməli, ona məxsus fərdi yaşayış evi kimi tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-128/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı, həmçinin, tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin divarlarında çatların yaranması öz təsdiqini tapmışdır. Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən torpaq sahəsində İddiaçı məxsus inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evinə nəzər yetirən zaman iddiaçının evinə artırma şəklində eyvan inşa edilmiş və həmin eyvandan aşağıya doğru çatların yaranması müşahidə edilmişdir. Fərdi yaşayış evinə edilmiş artırmalar nəticəsində balkonla evin divarı arasında birləşən nöqtələrdən çatların yaranması müşahidə olunmuşdur. Göründüyü kimi, iddiaçının fərdi yaşayış evinə artırma şəklində əlavə edilmiş balkon ilə iddiaçının evinin divarını birləşdirən nöqtələrin düzgün şəkildə inşa edilməməsi divarlarda çatların yaranması ilə nəticələnmişdir. Başqa sözlə, cavabdehə məxsus tikilinin qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməsi müəyyən olunsa da, bu pozuntunun iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozulma, bilavasitə, bu pozuntu ilə iddiaçının fərdi yaşayış evində çatların yaranması arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamış, iddiaçı tərəfindən də bu barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, mütəxəssis rəyində iddiaçıya məxsus olan hasarın üzərində əsaslı şəkildə çatların yaranması müəyyən olunsa da, həmin çatların yaranma səbəbi qeyd olunmamış, bilavasitə cavabdehin inşa etdirdiyi tikinti ilə səbəbli əlaqəsi göstərilməmişdir. İddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsasını təşkil edən halları, yəni həmin çatların həqiqətən də pozuntu nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehə məxsus qeyri-yaşayış obyektinin iddiaçının hüquqlarını pozmasına dair hər hansı sübutlar müəyyən edilmədiyindən məhkəmə qeyd edir ki, həmin obyektin qeyri-qanuni olması və sökülməsi üçün məhkəməyə müraciət edilməsi səlahiyyəti qanunvericiliklə müafiq orqana həvalə edilmişdir ki, həmin orqanın məhkəməyə müraciət etmək hüququ vardır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152 və 180-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinə istinad etmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini mülkiyyət hüququnun pozulması, işin faktiki hallarının işdə olan sübutlarla deyil, hakimin özünün mülahizsəi əsasında qiymətləndirilməsi,tikintinin qaydaları pozmaqla aparılması, qanunsuz tikilməsi, bunun nəticəsində həmin ərazidə olan evlərdə çatlar yaranması, tikilinin qanunsuz olması halının nəzərə alınmamasını, ara məsafəsinin riayət edilməməsinin, bu halın onun mülkiyyətində olan tikilini təhlükəsizliyinə mane yaratması faktının nəzərə alınmamasını, evində baş vermiş çatların qanunsuz tikilinin nəticəsində yaranması halının müəyyən edilməməsi kimi arqumentləri ilə əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil4 da məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İş üzrə İddiaçı və Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər səlahiyyətli nümayəndələrini məhkəmə iclasında iştiraklarını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tkinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müəyyən olunur. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti müvafiq məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili kimi istinad edilən hallarla bağlı onu qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi məhz cavabdehə məxsus fərdi yaşayış evinin qanunsuz tikili kimi onun öz hesabına sökülməsindən ibarət olmuş, iddia tələbinin əsası kimi həmin tikilinin qanunsuz olması və onun mülkiyyət hüququnu pozması ilə əsaslandırmışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan tikilinin qanunsuz tikili olub-olmaması halı müəyyən edilməklə yanaşı, həmin tikilinin iddiaçının mülkiyyət hüquqlarına qəsd edib-etməməsi, onun üçün təhlükə törədib-törətməməsi, mülkiyyət hüquqularının (sahiblik, istifadə, sərəncam səlahiyyətlərinin və ya onlardan hər hansı birinin) realizəsi üçün hər hansı maneə yaradıbyaratmaması halı, onlar arasında səbəbli əlaqənin olması halı müəyyən edilməlidir. Yalnız bu halda iddiaçının mübahisə predmeti olan tikiliyə dair qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair sübuyketiv hüququna malik olması halı ortaya çıxmış olur. İndiki halda mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi, onun qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qaydalara (habelə iş üzrə müəyyən edilmiş digər tikinti norma və qaydalarına) əməl edilməməsi halı müəyyən edilmiş olsa da, qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə, iddiaçının mülkiyyət hüququna qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan (fərdi yaşayış evindən) istifadə etməsinə, sahiblik və sərəncam səlahiyyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili kimi istinad etdiyi mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində iddiaçıya məxsus tikilidə çatlar əmələ gəlməsi halı ilə bağlı onu qeyd edir ki, qeyd edilən hissədə iddiaçı tərəfindən ona məxsus fərdi yaşayış evində həmin çatların əmələ gəlməsinin məhz cavabdehə məxsus tikilinin tikintisi ilə əlaqədar yaranması halı müəyyən edilməmiş, iddiaçı tərəfindən də qeyd edilən halla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə onu qeyd edir ki,indiki halda iddiaçının iddia tələbi ona məxsus yaşayış evinə vurulmuş maddi ziyanın aradan qaldırılması (müəyyən edilməsi) ilə bağlı olmamış, tikilinin qanunsuz tikili kimi sökülməsi ilə bağlı olmuş, iddia tələbinin əsası kimi isə ara məsafəsinin gözlənilməməsi, tikinti işləri nəticəsində toz, səs-küy, xoşagəlməz halların hüquqlarını pozması, tikilinin qanunsuz tikilməsi, mülkiyyət hüquqlarını pozması kimi hallara istinad edilmişdir. Bu baxımından, məhkəmə onu qeyd edir ki, hətta həmin hal müəyyən edilmiş olsa idi belə, o halda qeyd edilən hal iddia tələbinin əsası kimi çıxış edə bilərdi ki, qeyd edilən pozuntu iddiaçının mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqla (mülkiyyət hüququnun həyata keçirilməsinin mümkün olmaması, həyat və sağlamlıq üçüni real təhlükəli hal olması, həmin pozuntunun başqa qaydada aradan qaldırılmasının qeyrimümkün olması və bu kimi digər hallar) mülkiyyət hüququna qəsd kimi mövcud olmuş olsun. İndiki halda apelyasiya şikayətinin dəlili kimi istinad edilən həmin halların da müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının hüquqlarını pozmasına dair hər hansı hal müəyyən edilmədiyindən, həmin tikilinin qanunsuz olması və sökülməsi üçün məhkəməyə müraciət edilməsi səlahiyyəti qanunvericiliklə müvafiq orqana həvalə edilmişdir ki, həmin orqanın məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri dəbu Məcəllənin 119.1-119.4-cü maddələrindəgöstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-128/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Gülnar Cabbarova Hakimlər Almaz Süleymanova Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-251/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-251/2023
16.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver