Məhkəmə qərarları › İş №2(105)-2535/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2535/2021

22.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2535/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli, 25 saylı əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi və mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manatın cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. (hakim A.Süleymanova) Qətnamədən cavabdeh Sumqayıt Bələdiyyəsi apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən S.Süleymanovun 19 mart 2021-ci il tarixli, 25 saylı əmrinin ləğv olunması, onun Sumqayıt Bələdiyyəsində öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması, maddi ziyan məbləği olaraq 19 mart 2021-ci il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ilin may ayından 2021-ci ilin mart ayınadək Sumqayıt Bələdiyyəsində işləmişdir. Həmin təşkilatda 2006-ci ildə hüquq məsləhətçisi vəzifəsində işləməyə başlamış, 2009-cu ildə icra aparatının hüquq şöbəsi müdirinin müavini vəzifəsinə keçirilmiş, 2020-ci ilin fevral ayında isə hüquq şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Bu müddət ərzində yerli özünüidarə orqanı olan Sumqayıt Bələdiyyəsinin qulluqçusu kimi və bələdiyyənin aparıcı işçilərindən biri olaraq bələdiyyə ərazisində yaşayan vətəndaşların hüquqlarının qorunması, onların problemlərinin həlli istiqamətində səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi göstərməyə və heç bir fiziki və ya hüquqi şəxsin qanuni maraqlarının pozulmasına, əsassız şəkildə incidilməsinə imkan verməməyə çalımışdır. Lakin 2021-ci ilin yanvar ayında bələdiyyə rəhbərliyində baş vermiş dəyişiklikdən sonra, Sumqayıt Bələdiyyəsində işləmək artıq mümkünsüz vəziyyətə gəlib çıxmışdır. Həmin vaxtdan etibarən Sumqayıt Bələdiyyəsinin sədrinin vəzifəsini müvəqqəti icra etmək işi tapşırılmış sədr müavini Sərviz Süleymanovun yerli özünüidarə orqanı olan Sumqayıt Bələdiyyəsini özünün şəxsi idarəsi sayaraq təkbaşına idarə etməyə başlaması, qanunları heçə sayaraq dövlət torpaqlarından, yaxud da istifadə hüququ əsasında fiziki və hüquqi şəxslərin sahibliyində olan torpaq sahələrindən qanunsuz şəkildə icarə haqlarının yığılması, faktiki istifadələrində olan torpaq sahələrini sənədləşdirmək istəyən şəxslərin müraciətlərindən kütləvi şəkildə imtina olunması və həmin torpaqların onların əllərindən alınması kimi qeyri-qanuni göstərişlər verməsi, həmçinin adı çəkilən şəxsin bələdiyyə qulluqçularına münasibətdə kobudluğu və özünü hamıdan üstün görməsi ucbatından belə bir məmurla işləmək istəməyərək 03 mart 2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin ərizəni o, rəsmi qaydada bələdiyyənin ümumi şöbəsinin müdiri İ.Omarova təqdim etmiş və sadalanan halları, həmçinin onun vəkillik fəaliyyəti ilə məşğul olmağına bələdiyyənin daha öncə rəsmi qaydada razılıq verməsinə baxmayaraq, hal-hazırda vəkil kimi fəaliyyətinə şərait yaradılmadığını nəzərə alaraq işdən azad olmaq istədiyini bildirmişdir. Lakin o, sözügedən ərizədə işdən çıxmaq istədiyi tarixi göstərmədiyindən, xəbərdarlıq müddəti ərzində işdən azad edilə bilməzdi və buna görə də əmək fəaliyyətini davam etdirirmişdir. Sonradan o, müəyyən səbəblərdən işdən çıxmaq haqqında fikrindən daşınaraq 19 mart 2021-ci il tarixdə ikinci ərizə ilə bələdiyyə müvəqqəti rəhbərlik edən S.Süleymanova müraciət etmiş və 03 mart 2021-ci il tarixdə işdən çıxmaq barədə yazdığı ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Həmin ərizə 19 mart 2021-ci il tarixdə ümumi şöbənin müdiri İ.Omarov tərəfindən rəsmi qaydada ondan qəbul edilmişdir. Lakin bu ərizədən dərhal sonra, yəni 19 mart 2021-ci il tarixdə S.Süleymanovun göstərişi ilə onun 03 mart 2021-ci il tarixində verdiyi ərizə 19 mart 2021-ci il tarixdə tələsik bələdiyyədə qeydiyyatdan keçirilmiş, müvafiq əmr hazırlanaraq onun işdən azad edilməsinə qərar verilmişdir. Halbuki, onun 03 mart 2021-ci il tarixdə işdən azad edilməsinə dair ərizə verdiyi nəzərə alınsa, təkrar ərizə vermədiyi halda belə onunla bağlanılmış əmək müqaviləsinə ərizənin verildiyi tarixdən 1 ay sonra, yəni 02 aprel 2021-ci il tarixdə xitam verilə bilərdi. Lakin əmək qanunvericiliyinin ziddinə olaraq onun əmək müqaviləsinə 19 mart 2021-ci il tarixdə xitam verilmiş, həmin əmrin surəti və əmək kitabçası isə ona 29 mart 2021-ci il tarixdə təqdim olunmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a“ bəndinə əsasən, kimin təşəbbüsü ilə qeyd olunmadan xitam verilmişdir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsinə yeni sədr seçilənədək müvəqqəti rəhbərlik etmək tapşırılmış S.Süleymanov özbaşına olaraq və vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Nəzərə alınsa ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş peşəkar bir hüquqşünasdır və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür, hüquq elmindən anlayışı olmayan bir şəxsin onu bu şəkildə işdən uzaqlaşdırmasını o, şəxsiyyətinə və işgüzar nüfuzuna zərər vurmağa yönəlmiş bir addım kimi qiymətləndirir ki, buna görə də maddi ziyanla yanaşı, ona vurulmuş mənəvi ziyanın əvəzi də qarşı tərəfdən tələb olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Sumqayıt Bələdiyyəsinin apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qeyri-obyektivdir. Məhkəmə işə baxarkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, aidiyyəti üzrə tətbiq edilməli olan qanun normalarını düzgün tətbiq etməmiş, qanunları səhv təfsir edərək ədalətsiz məhkəmə aktının çıxarılmasına səbəb olmuşdur. 2021-ci ilin mart ayında İddiaçı öz istəyi ilə könüllü surətdə vəkillik fəaliyyətini həyata keçirə bilmədiyi üçün işin çoxluğunu əsas göstərərək öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bu səbəblə də Sumqayıt Bələdiyyəsinin rəhbərliyi İddiaçı ərizəsini nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini əsas götürərək 19 mart 2021-ci il tarixli, 25 saylı əmr ilə İddiaçı əmək müqaviləsinə xitam vermişdir. İddiaçının Sumqayıt Bələdiyyəsinin rəhbərliyi barədə iddia ərizəsində qeyd etdikləri tamamilə həqiqəti əks etdirmir və heç bir əsası yoxdur. İddiaçı əmək müqaviləsinə özünün razılıq ərizəsi əsasında xitam verilmişdir və onun şəxsiyyətinə və işgüzar nüfuzuna bələdiyyə tərəfindən zərər yetirilməmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən əmr verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş və tam qanuni əsaslarla İddiaçı ərizəsi əsas götürülərək əmək müqaviləsinə xitam verilmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X2 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin hər hansı bir mötəbər əsaslandırmaya malik olmadığını bildirərək qətnamənin qüvvədə saxlanmasını xahiş etdi. O, bildirdi ki, mənəvi zərərin əvəzini simvolik olaraq tələb etmişdir və onun həmin məbləğə heç bir ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli, 25 saylı əmrindən görünür ki, Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19 mart 2021-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. Yenə iş materiallarında olan Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri İddiaçı tərəfindən Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə ünvanlanmış (19 mart 2021-ci il tarixdə daxil olmuşdur) 03.03.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı vəkillik fəaliyyətinin həyata keçirilməsinə tam imkan verilmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Yenə də iş materiallarında olan Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri İddiaçı tərəfindən Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, o, əvvəlki ərizə ilə 03.03.2021-ci il tarixdə Sumqayıt Bələdiyyəsinə müraciət edərək iş həcminin çoxluğu səbəbindən vəkillik fəaliyyətini lazımı şəkildə həyata keçirə bilmədiyini nəzərə alaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Hazırda qeyd olunan problem öz həllini tapdığından, sözügedən ərizənin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmçinin həmin ərizədən görünür ki, ərizə 19 mart 2021-ci il tarixdə ümumi şöbənin müdiri İ.M.Omarov tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi qismən-mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilməli, iddia tələbi bu hissədə rədd olunmalı, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış, 03 mart 2021ci il tarixli ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, sonradan zərurət aradan qalxdığından həmin ərizəsinin etibarsız sayılması barədə 19.03.2021-ci il tarixdə təkrarən ərizə ilə cavabdeh quruma müraciət etmişdir. Lakin Sumqayıt Bələdiyyəsinin 19.03.2021-ci il tarixli əmri ilə İddiaçı AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən S.Süleymanovun 19 mart 2021-ci il tarixli, 25 saylı əmrinin ləğv olunması, onun Sumqayıt Bələdiyyəsində öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması, maddi ziyan məbləği olaraq 19 mart 2021-ci il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə baxan birinci instansiya məhkəməsi mübahisə üzrə gəldiyi yekun nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsaəsn fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yenə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Eyni Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin yuxarıda şərh olunan 68.2-ci maddəsinin a) yarımbəndinə istinad olunmuşdur. Həmin yarımbəndə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi qaydaları həmin Məcəllənin 69-cu maddəsi ilə tənzimlənir və göstərilən əsasa görə əmək müqaviləsinə xitam verilərkən bu norma ilə müəyyən edilmiş qaydalar gözlənilməlidir. Belə ki, qeyd olunan hüquq normasının məzmununa əsasən işçinin işəgötürəni 1(bir) təqvim ayı ərzində xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi işəgötürən tərəfindən işçini işdən çıxarması üçün əsas deyildir. Normanın 4-cü bəndinin tələbinə əsasən işçinin həmin xəbərdarlıq müddəti ərzində müraciət ərizəsini geri götürmək və ya onu etibarsız hesab etdirmək hüququ vardır. Yalnız işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etdiyi təqdirdə, işçinin ərizəsinin hüquqi qüvvəsi yoxdur. Həmçinin işəgötürən tərəfindən qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmayıbsa xəbərdarlıq müddəti ərzində işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) yarımbəndinə əsasən xitam verilə bilməz. İş materiallarında olan İddiaçı 03.03.2021-ci il tarixli ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi barədə müraciət edərkən əmək münasibətlərinin dayandırılması üçün müddət göstərməmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının azad olunduğu vəzifəyə Bələdiyyə yeni işçi götürməmiş, bu barədə iddiaçıya rəsmi xəbərdarlıq verilməmişdir. Beləliklə, məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh bələdiyyə tərəfindən İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən əmək qanunvericiliyinin sadalanan müvafiq maddələrinin tələbləri pozulmuş, qanunla nəzərdə tutulmuş müddətlər daxilində iddaçının işdən azad olunması barədə ərizəsinin etibarsız sayılması barədə müraciət etməsinə və həmin ərizənin cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilməsinə baxmayaraq, həmin ərizə nəzərə alınmamış, gözlənilməli olan xəbərdarlıq müddəti ərzində iddiaçı işdən azad edilmişdir. Buna görə də Bələdiyyə tərəfindən qəbul edilmiş mübahisəli əmr əmək qanunverciliyinin tələblərini pozulmaqla qəbul olunduğundan ləğv edilməli, İddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa edilməlidir. AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İşdən görünür ki, İddiaçı 19.03.2021-ci il tarixdə qanunsuz əmrlə işdən azad edilmişdir. Bu əmr hazırda ləğv edildiyindən iddiaçı əvvəlki vəzifəsinə bərpa edilən günə qədər məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianı bu hissələrdə təmin edərkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm maddi hüquq normalarının tələblərinə, həm də işin faktiki hallarına uyğundur. Bununla belə, işdən görünür ki, İddiaçı işdən qanunsuz əsaslarla çıxarıldığına görə ona mənəvi zərər dəydiyini də göstərmiş və cavabdehdən bunun əvəzi kimi 10000 manat tələb etmiş, məhkəmə isə bu məbləği 300 manata endirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İş materiallarında cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi barədə hər hansı mötəbər sübut yoxdur. İşdən görünür ki, iddiaçı artıq 1 ildir ki, AR Vəkillər Kollegiyasının üzvüdür və vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğuldur. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslılığı bu hissədə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının AR MM-nin 21 və 23-cü maddələrinə istinad edərək mənəvi zərər tələb etməsi əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsasən sübut edə bilsə də, cavabdeh Sumqayıt Bələdiyyəsi apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını əsasən düzgün tətbiq etsə də, mənəvi ziyan tələbinin qismən də olsa təmin etməklə həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 300 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin olunmamalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manatın cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4114/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli, 25 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar