Məhkəmə qərarları › İş №2(105)-375/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-375/2025

12.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-375/2025 12.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işdən azad etmə əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa etmə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7743/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işdən azad etmə əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa etmə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli K-43/2 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Sumqayıt Dövlət Universitetinə işlədiyi Tarix və onun tədrisi metodikası kafedrasında attestatlı dosent vəzifəsinə bərpa edilməsi, 01 oktyabr 2020-ci il tarixdən işə bərpa olunacağı tarixə qədər məcburi iş buraxmağa görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat məbləğində kompensasiyanın cavabdeh Sumqayıt Dövlət Universitetindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7743/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi və ərizəyə əlavə olunmuş bütün sənədlərin rəsmi qaydada iddiaçıya təqdim olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı iddia tələbinə cuzi dəyişiklik (mənəvi zərərin məbləğini artırmaqla) edərək, cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işdən azad etmə əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa etmə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7743/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7743/2024 saylı qəraradadı ilə ilə onun iddia tələbi baxılmasının yolverilməzliyi əsası ilə icraata qəbul edilməkdən imtina edilmişdir. Hesab edir ki, qəraradad əsassızdır. Belə ki, iddiaçı tərəfindən verilmiş işə mülki qaydada baxılmış, lakin məhkəmlərdə mübahisələndirilməmiş aşağıda göstərilən məsələlərə hüquqi qiymət verilməsi ilə bağlı o yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbində qeyd etmişdir ki, onun işdən çıxarılma əmrinin hüquqi əsası olmayıb kobud qanun pozuntusu ilə verilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsində altından xüsusi xəbərdarlıq edilərək qara xətt çəkməklə göstərilir ki, yazılı və şifahi xəbərdalıq işçi üçün inzibati tənbeh forması deyil. Bundan savayı ona yalnız bir dəfə bülletendən kənar iki gün iş buraxmaya görə 2018-ci ilin iyun ayında yazılı xəbərdarlıq edilmiş və həmçinin buna görə əmək haqqından tutulma həyata keçirilmişdir. O, 2020-ci ilin 1 oktyabrında kobud qanun pozuntulu əmrlə işdən azad edilərkən isə onun müddəti çoxdan bitmişdi. Sənəd saxtakarlığı yolu ilə birinci instansiya Sumqayıt şəhər məhkəməsinin gedişi zamanı tərtib olunmuş 2 ədəd şifahi xəbərdarlıqların heç bir hüquqi əsası yoxdur. Bu deyilənlərin heç biri məhkəmələrdə mübahisələndirilmədiyinə görə məhkəmədən işi icraata almaqla bu kobud qanun pozuntularına hüquqi qiymət verməyi xahiş edir. Məhkəmə materiallarından aydın şəkildə görünür ki, o, Sumqayıt Dövlət Universitetində işləyərkən ən nümunəvi müəllimlərdən biri olub. Bunu Universitet rəhbərliyi tərəfindən fəxri fərman verilməsi, əmək haqqına üç il müddətinə həy ay olmaqla 100 manat pulun əlavə edilməsi, Elmi Şuranın yekdil qərarı ilə sənədlərinin attestatlı dosent adı almaq üçün Prezident yanında Ali Attestasiya Komissiyasına göndərilməsi və iki ay ərzində bu ada layiq görülməyi, Universitetin ən layiqli dosenti kimi X1 Adnan Menderes Universitetinə göndərilərək, oradan yüksək səviyyəli sertifikatla qayıtmağı, üç il müddətinə fakültə üzrə Dövlət İmtahan Komissiyasının məsul üzvi kimi fəaliyyət göstərməyi və nəhayət 2020-ci ilin fevral ayında Elmi Şuranın genişləndirilmiş iclasında rəsmən Tarix və Coğrafiya fakultəsi üzrə elmi işlərlə bağlı dekan müavini təyin olunmağı kimi təkzib edilməz sübutlar təsdiqləyir. Əmək Məcəlləsinin 186-cı maddəsində işçi ilə bağlı hansısa cəza növü tətbiq edərkən bütün bunların nəzərə alınmasına aydınlıq gətirilsə də lakin məhkəmlərdə bu mühim amil də mübahisələndirilməmişdir. O, işdən azad edilən zaman bir hüquqi əsas üzrə yəni ya əmək funksiyasını pozmağa görə, ya da iş öhdəliklərini yerinə yetirməməyə görə işdən azad edilməli olduğu halda yuxarıda qeyd edilən iki əsas üzrə işdən azad edilib ki, bu da Əmək Məcəlləsinə görə kobud qanun pozuntusu olduğu halda, lakin məhkəmələrdə mübahisələndirilməmişdir. Əleyhinə məhkəmə prosesinin gedişində tərtib olunmuş kafedra əməkdaşlarının ərizələrinin kafedra müdiri, dekan tərəfindən təsdiq olunaraq, Rektor tərəfindən əmrləşdirilmədiyinə görə hüquqi əsası yoxdur. Bu məsələ də kobud qanun pozuntusu olduğu halda məhkəmələrdə mübahisəlndirilməmişdir. Ən əsası ona sənəd saxtakarlığına gedilməklə 24 iyun 2019-cu ilin tarixində axırıncı dəfə xəbərdarlılq edilməklə şiddətli töhmət verilməsinə dair əmr şəxsi maraqlar zəminində məhkəmə materiallarına əlavə edilmiş və bunu əsas götürən hakim Rəşad Qoşqarlı onun iddia ərizəsini təmin etməmiş, bu kobud qanun pozuntusu da məhkəmələrdə mübahisələndirilməmişdir. Bu sənədin saxta olmasını işdən çıxarılma əmrində onun hüquqi əsas kimi göstərilməməsi, bu saxta sənədin verilməsindən 4 ay keçməmiş onun ən nümunəvi pedaqoq, nüfuzlu alim kimi Türkiyə Cümhuriyyətinə göndərilməyi, karyera yuksəlişinə kölgə salınmaması, ən başlıcası isə işdən azad edilərkən onun hüquqi əsasını çoxdan itirərək qüvvədən düşməsi faktları təsdiqləyir. Bu kobud qanun pozuntusu da məhkəmələrdə mübahisələndirilməmişdir. Onun işdən azad edilməyinin yeganə səbəbi tələbə Samirə İbrahimliyə səhvən göndərdiyi mesajın dekan və kafedra müdirinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yaydırmaları və qrup nümayəndəsi olan bu tələbini sonda mesajı rektora göndərməyə məcbur etmələri olmuşdur. Tələbə bu barədə məhkəməyə göndərdiyi izahatında müfəssəl formada məlumat vermişdir. Bu özlüyündə Konstitusiyanın 32-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməli olduğu halda bu məsələ də məhkəmələrdə mübahisələndirilməmişdir. Ən başlıcası işdə yetərincə ziddiyyətli məqamlar olduğu halda nə tələbə Samirə İbrahimli, nə də ona qərəzli formada yanaşmaqla bu “oyun”u quran dekan Adil Baxşəliyev, kafedra müdiri Sona Məhərrəmova və kafedra əməkdaşı Samir Kərimli məhkəməyə cəlb olunaraq onunla aralarında üzləşdirmə aparılmamışdır. Bu məslə də məhkəmələrdə mübahisələndirilməmişdir. Ona görə də iddia tələbi icraata qəbul edilməklə məhkəmədə mübahisələndirilməklə bu kobud qanun pozuntularına hüquqi qiymət verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7743/2024 saylı, 17 yanvar 2025-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7743/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5840/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunması barədə Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli K-43/2 nömrəli əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasında dosent vəzifəsinə bərpa olunması, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmağa görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6355/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(105)-1288/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6355/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli K- 43/2 nömrəli əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasında dosent vəzifəsinə bərpa olunması, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmağa görə əmək haqqının tam ödənilməsi qət edilmiş, qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(105)-1288/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-457/2021 saylı, 31.010.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının aplellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6355/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-457/2021 saylı, 31.010.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin qəbul edilməsindən imtina etməsi barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7743/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, şikayətdə qeyd edilən hallar digər əsas üzrə eyni predmet barəsində yenidən məhkəməyə müraciət etmək hüququ verməməkdədir. Belə ki, iddiaçının qeyd etdiyi hallar sübut edildiyi təqdirdə qiymət verilməli olan hallar hesab olunur ki, həmin halların da sübut edilməsi yalnız əvvəlki icraat zamanı mümkün hesab olunur. Hərçənd ki, iş materiallarında olan məhkəmə qərarlarından görünür ki, iddiaçı əvvəlki icraat zamanı da qeyd edilən hallara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7743/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar