Məhkəmə qərarları › İş №2(105)-2568/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2568/2020

15.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2568/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-246/2020 saylı qərardadından Cavabdeh1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-246/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5rşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertin rəyi alınanadək mülki işin icraatının dayandırılması qərara alınmış, Cavabdeh1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli, **********59 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, ona məxsus olan torpaq sahəsinin boşaldılması və onun torpaq sahəsi üzərində mülkiyyət hüququndan maneəsiz istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə icraatın dayandırılması hissəsində qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, hazırki mülki iş 2019-cu ilin sentyabr ayında Abşeron Rayon Məhkəməsinin icraatında daxil olmaqla, iş üzrə ekspertiza təyini ilə bağlı icraatın dayandırılması müddəti də nəzərə alınmaqla, artıq 10 aya yaxındır məhkəmə baxışındadır. Hazırki mülki iş üzrə məhkəməyə təqdim edilmiş, həm iddiaçıya, həm də ona verilmiş cıxarışların hər ikisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10 tərəfindən qeydə alınaraq verilmişdir. İddia ərizəsinə əlavə olunmuş və hazırda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 xx.xx.2019-cu il tarixli məktubunda İddiaçı mülkiyyətində olan 0,10 ha torpağ sahəsinin onun mülkiyyətində olan faktiki torpağ sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Lakin, məhkəmə iş üzrə obyektiv qərar qəbul edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardad qəbul edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 yerququluşu üzrə mühəndisi və Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb olunmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Hazırki ekspertiza üzrə aparılmış tədqiqatın nəticəsinə görə tədqiqat obyekti olan torpağ sahələrinin sənəd üzrə döngə nöqtə və koordinatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alındığı və həmin sahədə tikilmiş tikililərin torpağ sahəsinin naturada olan sərhədlərinin tamamilə itməsinə səbəb olması ilə əlaqədar mütəxəssis tərəfindən mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, hazırki mübahisənin yaranmasına bilavasitə cavabdeh olan inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10 xx.xx.2019-ci il tarixli məktubunda iddiaçıya məxsus torpağ sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi barədə nəticəyə gələrkən ona məxsus torpaq sahəsində inşa edilmiş müxtəlif təyinatlı çoxsaylı tikililərin mövcüdluğunu, bununla da, sənəd üzrə və faktiki istifadə vəziyyətində uyğunsuzluqlarının olmasını və naturada sərhədlərin tamamilə itməsini nədənsə nəzərə almamışdır. Belə olan halda məhkəmə iş üzrə mövcud olan ekspert rəyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 xx.xx.2019-cu il tarixli məktubuna, mübahisəli sahəyə yerli baxış da keçirməklə, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməklə, işin icraatını dayandırmadan və yeni ekspertiza təyin etmədən də məhkəmə baxışını davam etdirə bilərdi. Digər tərəfdən, məhkəmənin şikayət edilən qərardadı ilə yeni ekspertiza keçirilməsini hazırki mübahisənin yaranmasında açıq təqsirkar və maraqlı olan yalnız cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 mütəxəssisinə həvalə edilməsi iş üzrə ədalətli və obyektiv rəy verilməsini şübhə altına alır. Hazırki vəziyyətdə işin icraatının dayandırılması, işin məhkəmə baxışının müddətinin lüzumsuz uzadılmasına səbəb olduğundan, iş üzrə mövcud olan ekspert rəyi və digər sübutlar əsasında işin məhkəmə baxışının davam etdirilməsi mümkündür. Şikayətdə qərardadın ləğv edilməsi, iş üzrə icraatının təzələnməsi barədə yeni qərar qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10 isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, məhkəmə qərardadı iş üzrə icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti məhkəmə qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-246/2020 saylı qərardadı ilə mülki iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin rəyi alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 255.0.5-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 255.0.5-ci maddəsində göstərilən hallarda iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququdur. Azərbaycan Respublikası MPM-nin 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, eksperin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılması barədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı iş üzrə icraatın dayandırılması hissəsində qanuni və əsaslıdır, cavabdehin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının iş üzrə icraatın dayandırılması hissisində apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı iş üzrə icraatın dayandırılması hissəsində qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı iş üzrə icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-246/2020 saylı qərardadı iş üzrə icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar