Məhkəmə qərarları › İş №2(105)-258/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-258/2024

06.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-258/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı əqdin etibarsızlığı və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4232/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2018-ci ildə nikaha girmişlər.

2. xx.xx.2020-ci ildə hazırkı iş üzrə mübahisə predmeti olan, Cavabdeh2 MTK-nın Sumqayıt şəhəri, 9-cu mikrorayonda inşa etdiyi 5 nömrəli binada yerləşən 37 saylı mənzili Cavabdeh1 adına alınmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-738/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh2 MTK ilə bağladığı payçı müqaviləsi əsasında əldə edilmiş – ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin (kooperativdəki payın) cavabdehlə onun arasında bölünərək həmin mənzil üzərində onun payının ½ hissədə və cavabdehin payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2690/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(102)- 964/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçının payının 33/100 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli, 00362 nömrəli protokoldan çıxarışına 23 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Cavabdeh2 məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzilin çıxarış alınmazdan əvvəlki ünvanı ünvan 4 ibarət olan 2 otaqlı 37 nömrəli mənzildir. Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli protokolunun etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzilə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbini onunla əsaslandırmışdır ki İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından uşaqları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-738/2020 saylı 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 23 iyun 2018-ci ildə bağlanmış nikah pozulmuşdur. Bundan sonra, iddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 Cavabdeh2 MTK ilə bağladığı payçı müqaviləsi əsasında əldə edilmiş ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin (kooperativdəki payın) cavabdehlə aralarında bölünərək həmin mənzil üzərində iddiaçının payının ½ hissədə və cavabdehin payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2( 105)-2690/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2690/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışma göndərilmişdir. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçının payının 33/100 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 6191/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi icraya yönləndiriləndən sonra, iddiaçı qətnamənin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mübahisə predmeti olan mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Qeyd etdiyi kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçının payının 33/100 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun mübahisəli mənzil üzərində 33/100 hissədə payının müəyyən edilməsinə baxmayaraq qeyd olunan mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə də, iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, mübahisəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli protokolundan çıxarış etibarsız hesab edilməli və həmin əqd əsasında ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzilə dair Cavabdeh1 adına verilmiş 06 fevral 2023- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4232/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzilə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

15. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 32.1, 33.3, 36.8, 37.1, 37.2-ci, Mülki Məcəllənin 222.2, 222.3, 223.1, 223.2, 225.1, 225.2, 337, 339-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işə məhkəmədə baxılmalı deyildir. Belə ki, tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlakın bölgüsünə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır və icraya yönəldilmişdir. İddiaçı həmin məhkəmə aktının icrasını tələb etməli, müvafiq icra orqanı mənzilin Cavabdeh1 mülkiyyətində olması əsası ilə həmin mənzil üzərində payları müəyyən edərək, yeni çıxarışlar vermədiyi halda isə, müvafiq icra hakimiyyəti orqanının və və ya icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət etməlidir. Odur ki, hazırki iddia tələbi faktiki olaraq tərəflər arasında baxılan əvvəlki tələblə eynidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

23. Maddə 17. Mülki hüquqların müdafiəsi 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

24. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

25. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

26. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 141 . Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

28. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

29. Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz.

30. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

31. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)

33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

34. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. İşdən görünür ki, tərəflər xx.xx.2018-ci ildə nikaha girmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-738/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh2 MTK ilə bağladığı payçı müqaviləsi əsasında əldə edilmiş - ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin (kooperativdəki payın) cavabdehlə onun arasında bölünərək həmin mənzil üzərində onun payının ½ hissədə və cavabdehin payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçının payının 33/100 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

41. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli, 00362 nömrəli protokoldan çıxarışına, 23 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

42. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçının 33/100 hissədə payının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, cavabdeh həmin qətnamənin qanuni qüvvəyə minməsindən qısa müddət sonra mübahisəli mənzil üzərində tam pay üzrə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Mübahisəli mənzil üzərində iddiaçının payı qeyd olunmamışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli daşınmaz əmlak paylı mülkiyyətdə olduğundan mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması paylı mülkiyyət haqqında mülki qanunvericiliyin normalarına uyğun aparılmalı idi. Mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması paylı mülkiyyət haqqında mülki qanunvericiliyin normalarına uyğun aparılmadığından çıxarışın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

44. Apellyasiya şikayətinin-mövcud tələbin tərəflər arasında baxılan əvvəlki tələblə eyni olması barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının əvvəlki iş üzrə tələbi mənzilin cavabdehlə onun arasında bölünərək həmin mənzil üzərində onun payının ½ hissədə və cavabdehin payının ½ hissədə müəyyən edilməsi barədə olmuşdur. Hazırda mübahisəli mənzillə bağlı cavabdehin adına tam pay üzrə çıxarış qüvvədə olduğundan, əmlak üzərində iddiaçının payına dair müvafiq qeydin aparılması mümkün deyildir.

45. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

46. Cavabdehin mübahisələndirdiyi hazırkı məhkəmə qətnaməsi isə eyni tərəflər arasında eyni əsaslara dair tələb üzrə çıxarılmamışdır.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

48. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4232/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar