Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-259/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinə qarşı «ödənilməyən əmək haqqı və vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)-5307/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməyən əmək haqqına görə 4200 (dörd min iki yüz) manatın və səhhətinə vurulan zərərə görə 5000 (beş min) manatın, cəmi 9200 (doqquz min iki yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-yə aid olan Sumqayıt Melioservis İdarəsində əmək müqaviləsinə əsasən işləmişdir. xx.xx.2019-cu ildə kran sürücüsü kimi işə qəbul edilmiş, həmin Cəmiyyətdə xx.xx.2022-ci ilə qədər işləmişdir. xx.xx.2022-ci ildə idarənin rəisinin göstərişi ilə Sumqayıt Melioservis İdarəsinə birləşdirilmiş Şirvan şəhərində yerləşən Meliorasiya Mexaniki Təmir X2 qəsəbəsində yerləşən anbarına idarə etdiyi “Kamaz” manipulyator markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bəzi dəzgah və aparatları daşımaq üçün getmişdir. Həmin dəzgah və aparatları gətirmək üçün idarə etdiyi maşına idarə tərəfindən xx.xx.2022-ci il tarixlərinə 01AA seriyalı “Yük avtomobilinin Yol vərəqəsi” verilmişdir. Daşınmanı icra edən zaman xəsarət almış, sol əlin üçüncü barmağı sınmış, digər iki barmaqlar əzilmiş, sinəsi əzilibdeşilmiş, kürək hissələrində uzun müddət ağrılar əmələ gəlmişdir. Bildirir ki, Şirvan şəhərinə yük aparan zaman o, ödənişsiz, məzuniyyətdə olmuşdur. Belə ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər iş yeri üzrə rəhbərliyin əmri ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Hadisə baş verən zaman yəni, xx.xx.2022-ci ildə idarənin rəisi tərəfindən işə çağrılmış və Şirvan şəhərinə idarə etdiyi avtomaşınla göndərilmişdir. İşə çağrılan günü rəisə bildirmişdir ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi ödənişsiz məzuniyyətdədir, əmri ləğv et, sonra işə çıxar. Cavabında ona bildirmişdir ki, işinə davam et, nə olsa cavabdehdir. O da işini itirməmək naminə “Yol vərəqəsi alaraq” Şirvan şəhərinə yük gətirmək üçün getmişdir. Aldığı xəsarətlər nəticəsində uzun müddət yataq xəstəsi olmuşdur. İş zamanı yıxılmağına “yükləmə-boşaltma işlərinin görülüməsi zamanı əməyin təhlükəsizliyi qaydaları ilə təlimat keçmədiyi, xüsusi geyim, o cümlədən ayaqqabı ilə təchiz, olunmadığı” səbəb olmuşdur. Bunu "Əməyin təhlükəsizliyinin tədqiqi ekspertizası”nın xx.xx.2022-ci il tarixli, 10/4489 saylı rəyi təsdiq edir. İş zamanı işəgötürənin təqsiri üzündən xəsarət almağına baxmayaraq, iş yeri üzrə rəhbərlik ona “İstehsalat zədəsi” aktını verməmiş və verməkdən imtina etmişdir. Halbuki AR-sı Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı qərarının 2.6-cı bəndinə görə “Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlərə görə İZ formalı akt tərtib olunmalı və onun 1 nüsxəsi mütləq zərərçəkənə verilməlidir”. Bir daha bildirir ki, iş zamanı xəsarət almağı və xəsarət almağının səbəbləri Şirvan şəhər Prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla təsdiq edilmişdir. İş zamanı aldığı xəsarət nəticəsində sol əlinin 3 barmağı öz funksiyasını itirmişdir. Həmçinin aldığı xəsarət nəticəsində sinəsində və kürəyində uzun müddət ağrılar olmuşdur və bu ağrılar hal-hazırda da davam edir. Səhhətinin pozulması ilə əlaqədar olaraq cavabdeh ona heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh tərəfindən əməyin mühafizə normalarının pozulması, texniki təhlükəsizlik norma və təlimatlarına əməl olunmaması səbəbindən iş zamanı xəsarət almışdır. İş yeri üzrə rəhbərlik 2022-ci ilin aprel ayında onu xəbərdar etmədən işdən çıxarmışdır. Nəticədə 1 ildir ki, işsizdir. Hesab edir ki, işdən azad edilən tarixdən keçən 12 ay ərzində onun əmək haqqı cavabdeh tərəfindən ödənilməlidir. Onun əmək haqqı əmək müqaviləsinə əsasən hər ay 350 manat olmuşdur. 1 il ərzində cavabdeh ona 4200 manat (350x12 ay) əmək haqqı ödəməli, aldığı xəsarətə görə əlavə 5000 (beş min) manat kompensasiya ödənişi etməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Azərbaycan Respublikasının Prokurorluğu Şirvan Şəhər Prokurorluğunun İddiaçı ünvanladığı məktubdan görünür ki, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, O.Y.İmanlı barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işlər başlanılmamış, zərərin əvəzinin ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.
5. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Melioservis İdarəsinin rəisi X7 barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş başlanıla bilməz. İddiaçı zərərin əvəzinin ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır.
6. Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Sumqayıt Melioservis İdarəsinin xx.xx.2022-ci il tarixli, 16 №-li əmrdən görünür ki, İddiaçı 22 aprel 2022-ci il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilərək onunla bağlanmış 22 aprel 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün 21 təqvim günü hesabı ilə 33 (otuz üç) təqvim günü üçün kompensassiya ödənilməklə son haqq-hesab aparılmışdır.
7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayon Ceyranbatan qəsəbəsi sakini İddiaçı xx.xx.2022-ci il tarixində Şirvan ŞMX-nın Acil bölməsinə “Sağ əlin İİİ barmağın çıxdığı” diaqnozu ilə daxil olmuş, ambulator yardım almışdır.
8. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN №1065838 saylı qərarının surətindən görünür ki, X8 AR ƏM-in 172.4-cü maddəsinin tələbini pozaraq İddiaçı işdən çıxarkən ödəniləcək ödənc xx.xx.2023-cü il tarixədək ödənildiyi üçün X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.
9. Sumqayıt Melioservis İdarəsi X3 surətindən görünür ki, İddiaçı ödəniləcək son haqq-hesab məbləği olaraq 251,89 manat ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)- 5307/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) İddiaçı cavabdeh "xxxx" ASCnin Sumqayıt Melioservis İdarəsinə qarşı «ödənilməyən əmək haqqının və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndi, 178.1, 172.1 və 172.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
12. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)- 5307/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Məhkəmə qətnamə qəbul edərkən Əmək Məcəlləsinin 239-cu, MM-nin 21-4, 1096, 1097, 1118, 1119-cu maddələrini, AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı qərarını, xx.xx.2000-ci il tarixli 27 saylı qərarını, MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, bilavasitə o, iş zamanı xəsarət almışdır. İş zamanı xəsarət almasını "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “Yük avtomobilinin “Yol vərəqəsi” təsdiq edir. İş zamanı xəsarət alsa da, rəhbərlik “İZ” formalı akt verməkdən imtina etmişdir. Halbuki, onun iş zamanı xəsarət alması Şirvan şəhər Prokurorluğunun qərarı və Sumqayıt Əmək Müfəttişliyinin araşdırması ilə təsdiq edilmişdir. İş yeri üzrə rəhbərlik bədbəxt hadisənin təhqiqatını aparmamış, məsuliyyətdən yaxa qurtarmaq üçün “İstehsalat zədəsi” aktını tərtib etməmişdir. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı qərarının 1.8-ci bəndinə görə “İZ” formalı aktın tərtib edilməsinə görə işəgötürən cavabdehlik daşıyır. Təəssüflər olsun ki, mübahisəni araşdırarkən məhkəmə qeyd edilən faktları araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Qətnamə yalnız cavabdehin müdafiəsinə həsr olunmuşdur. Həmçinin məhkəmə ƏM-nin 73-cü maddəsinin tələblərinə işəgötürən tərəfindən əməl edilməməsini araşdırmamışdır. ƏM-nin 73.1-ci maddəsinə görə Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. O, "xxxx" ASC-də xx.xx.2019-cu ildə işə qəbul edilmiş və həmin Cəmiyyətdə xx.xx.2022-ci ilə qədər işləmişdir. İş yeri üzrə rəhbərliyin əmri ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər öz hesabına məzuniyyətdə olmuşdur. Onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci ildə başa çatmışdır. Lakin, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. Bu da ƏM-nin 73.1-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Əslində rəhbərlik onu 1 həftə ərzində yəni, xx.xx.2022-ci ilə qədər işdən azad etməli idi. Məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Belə olan halda onunla bağlanmış əmək müqaviləsi əvvəlki müddətə uzadılmalı idi. Cavabdeh tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən əmək xəsarəti almışdır. Aldığı xəsarət səbəbindən sinəsində və kürəyində uzun müddət ağrılar baş vermişdir. Bu ağrılar hal-hazırda da davam edir. Səhhətinin pozulması ilə əlaqədar olaraq ona heç bir maddi köməklik edilməmişdir. İş yeri üzrə rəhbərlik onu xəbərdar etmədən işdən azad etmişdir. Halbuki, ƏM-nin 73-cü maddəsinə görə əmək müqaviləsi belə olan halda əvvəlki müddətə uzadılmalı idi. Cavabdehin günahı üzündən işsiz qalmışdır. Hesab edir ki, cavabdeh 1 ilin əmək haqqını ödəməli, aldığı xəsarətə görə 5000 (beş min) manat kompensasiya ödəməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
15. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
16. İş üzrə cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 83-cü maddə. (2-ci hissə) Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 172. (4-cü hissə) İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172. (5-ci hissə) Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 296. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir (4-cü hissə).
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-yə aid olan Sumqayıt Melioservis İdarəsində əmək müqaviləsinə əsasən kran sürücüsü kimi işə qəbul edilmiş, həmin Cəmiyyətdə xx.xx.2022-ci ilə qədər işləmişdir. 1 il sonra isə müqavilənin müddəti bitdiyinə görə işdən azad olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməyən əmək haqqına görə 4200 (dörd min iki yüz) manatın və səhhətinə vurulan zərərə görə 5000 (beş min) manatın, cəmi 9200 (doqquz min iki yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.
25. Məhkəmə iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə müəyyən etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabla bağlı ödəniş ona tam olaraq ödənilmişdir. Belə ki, müqaviləyə xitam verilən zaman iddiaçıya son haqq-hesab hesablanaraq ümumilikdə 251 manat 89 qəpik ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə heç bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir.
26. İddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.
29. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
30. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı əmək haqqına görə 4200 manat və səhhətə vurulan zərərə görə 5000 manat tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının əmək haqqına görə iddia etdiyi 4200 manat barədə tələbi onun əmək müqaviləsi üzrə işlədiyi dövrə görə deyil, bir ildir işsiz qaldığı üçün aylıq əmək haqqına istinad etməklə hesablayıb tələb etdiyi məbləğdir. O cümlədən qeyd edildiyi kimi iddiaçı aldığı xəsarətlə bağlı vurulmuş zərərin əvəzi olaraq 5000 manat tələb edir.
31. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
33. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iş üzrə toplanmış sübutlarla baş vermiş hadisə nəticəsində iddiaçının xəsarət alması öz təsdiqini tapsa da, göründüyü kimi iddiaçının almış olduğu xəsarət (sol əlin İİİ barmağının çıxığı) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət olmuşdur. Kollegiyanın qənaətincə qeyd olunan xəsarət səbəbindən iddiaçının uzun müddət (bir il) işsiz qalması ağlabatan deyildir. Kollegiya hesab edir ki, iddiaçı almış olduğu həmin xəsarət nəticəsində səhhətinin uzun müddətə pozulması və bu səbəbdən işsiz qalması, yəni işsiz qalması ilə almış olduğu xəsarət arasında səbəbli əlaqə olması məhkəmə araşdırması zamanı müəyyən edilmədi.
34. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı almış olduğu xəsarətə görə maddi zərərin əvəzi olaraq 5000 manat tələb etsə də, bu hissədə də iddia tələbinin əsaslığı, çəkilmiş xərclər barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı sübuta yetilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gədmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
36. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)-5307/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)-5307/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.