Məhkəmə qərarları › İş №2(105)-2593/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2593/2021

27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2593/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1 Cəlil oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(012)-3547/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə (Hakim E.Kazımov) işə mahiyyəti üzrə baxılıb həll edilənədək Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh1 Cəlil oğlu, Cavabdeh5 və hər hansı 3-cü şəxslər tərəfindən tikinti, qazıntı işlərinin aparılması, istifadə edilməsi və s. bu kimi digər hərəkətlərin aparılmasının həmin şəxslərə müvəqqəti qadağan edilməsi barədə iddianı təmin etmə tədbirinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmişdir. Cavabdeh4 nümayəndəsi vəkil X10 qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim E.Kazımov) Cavabdeh4 Hacıbaba oğlunun nümayəndəsi vəkil X10 tərəfindən verilən şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(012)- 3547/2021 saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3547/2021 saylı, 18 may 2021-ci il tarixli qərardadı ilə müəyyən edilmiş mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh1 Cəlil oğlu, Cavabdeh5 və hər hansı 3-cü şəxslər tərəfindən tikinti, qazıntı işlərinin aparılması, istifadə edilməsi və s. bu kimi digər hərəkətlərin aparılmasının həmin şəxslərə müvəqqəti qadağan edilməsi barədə iddianı təmin etmə tədbiri ləğv edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 Cəlil oğluna, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında qanunsuz fəaliyyət göstərən cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh1 Cəlil oğlunun və Cavabdeh5 həmin daş yatağından çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə təqdim edərək bildirmişdir ki, mərhum həyat yoldaşı X3 rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daşı yatağında sahibkarlıq fəaliyyəti həyat keçirmişdir. Göstərilən sahədə fəaliyyət göstərmək üçün 29 iyul 2005-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Qurbanov Akif” adlı fiziki şəxsin Daş Karxanasının 2005-ci il üçün dağ işlərinin inkişafı planı təsdiq olunmuşdur. İddiaçının mərhum həyat yoldaşı X8 vəfat edənə qədər həmin daş karxanasında fəaliyyət göstərmişdir. Mərhumun vəfatından sonra iddiaçı onun birinci növbəli vərəsəsidir və həmin karxananı miras kimi qəbul etmişdir. Həmçinin, iddiaçı həyat yoldaşından miras qalmış yaşayış evini də miras kimi qəbul etmişdir. İddiaçı karxananı işlətməsə də, oğlu ilə daima oraya gedib sahiblik etmişlər. Yaxın günlərdə karxanaya gedərkən iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh1 Cəlil oğlu və Cavabdeh5 daş karxanasını qanunsuz zəbt edərək işlədirlər. Onların qanunsuz fəaliyyətləri nəticəsində karxananın xammalı da satılır. İddiaçı dəfələrlə onlara müraciət edərək qazıntı işlərinin dayındırılmalarını və daş karxanasından çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bugün də, cavabdehlər daş karxanasında qanunsuz fəaliyyətlərini davam etdirirlər. Onların daş karxanasında qanunsuz fəaliyyətləri və xammalın qanunsuz istehsalı gələcəkdə məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün, o cümlədən iddiaçı üçün əhəmiyyətsiz edə bilər. Nəzərə alaq ki, məhkəmə mübahisəsi illərlə çəkə bilər. Odur ki, hazırki iddia üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh1 Cəlil oğlu, Cavabdeh5 və hər hansı 3-cü şəxslər tərəfindən tikinti, qazıntı işlərinin aparılması, istifadə edilməsi və s. bu kimi digər hərəkətlərin həmin şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə mübahisənin mahiyyətini nəzərə almadan əsassız olaraq iddianın təmin etmə tədbiri barədə ərizəni təmin etməkdən imtina etmişdir. Məhkəmə şikayəti və iş materiallarını öyrənib belə qənaətə gəlmişdir ki, Cavabdeh4 Hacıbaba oğlunun nümayəndəsi, vəkil X7 verdiyi şikayət təmin edilməlidir. Lakin, məhkəmə iş materialların hansı dəlilinə və yaxud belə bir qənaətə gəlməsini qərardadında heç bir əsaslandırma aparmamışdır. Məhkəmənin bu qənaətə gəlməsi yalnız cavabdehin verdiyi və heç bir əsası olmayan şikayətinə əsaslanır. Digər tərəfdən, cavabdeh tərəf şikayətində qeyd etmişdir ki, iddiaçının istinad etdiyi mübahisəli torpaqların hal-hazırda Cavabdeh4 Hacıbaba oğlunun icarə müqaviləsinə əsasən istifadəsində olan torpaqlarla heç bir əlaqəsi olmadığını və bir ildən çoxdur ki, həmin torpaqlardan istifadə edərək gəlir əldə etdiyini, həmçinin, icarə müqaviləsinin müddətinin artıq bitdiyini, həmçinin, iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmaması barədə araşdırma aparmadan iş üzrə əsassız olaraq qərardad qəbul etdiyini bildirmişdir. Halbuki, cavabdeh tərəf özü mübahisələndirilən ərazinin ona aidiyyatının olub-olmamasını və həqiqətən də icarə müqaviləsinin mövcud olub-olmadığını, olsa belə, həmin icarə müqaviləsinin mübahisələndirilən sahə ilə üst-üstə düşüb-düşmədiyinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin, icarə müqaviləsinin müddəti artıq bitdiyini, iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasına dair məsələlər məhkəmə mübahisəsinin araşdırması predmetidir. Göstərilənləri məhkəmə araşdırmadan əsassız olaraq iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsi cavabdehlərin daş karxanasında qanunsuz fəaliyyətlərinin davam etdirilməsinə gətirib çıxartmışdır. Cavabdehlərin daş karxanasındakı qanunsuz fəaliyyətləri və xammalın qanunsuz olaraq istehsalı gələcəkdə məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün, o cümlədən iddiaçı üçün əhəmiyyətsiz edə bilər. İş üzrə çıxarılacaq qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul ediləcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mükünsüz ola biləcəyi qənaətidir. Hazırki mübahisənin predmetinin nəzərə alaraq, mülki işə mahiyyəti üzrə baxılana kimi Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km. məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km. məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4 Hacıbaba oğlu, Cavabdeh1 Cəlil oğlu və Cavabdeh5 və hər hansı 3-cü şəxslər tərəfindən tikinti, qazıntı işlərinin aparılması və istifadə edilməsi və s. bu kimi digər hərəkətlər həmin şəxslərə qadağan edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, cavabdeh T.Musayevin şikayətinə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini iddianın digər cavabdehlərlə yanaşı, Cavabdeh4 qarşı qaldırıldığını, Cavabdeh4 isə iş üzrə cavabdeh olmadığını, (cavabdehin ata adı “Hacıbaba”dır), iddiaçının istinad etdiyi mübahisəli torpaqların hal-hazırda icarə müqaviləsinə əsasən Cavabdeh4 Hacıbaba oğlunun istifadəsində olan torpağa aid olub-olmadığını müəyyən etməyin mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə İddiaçı tərəfindən mübahisələndirilmiş, Abşeron rayon məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək işə mahiyyəti üzrə baxılıb həll edilənədək Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh1 Gəlil oğlu, Cavabdeh5 və hər hansı 3-cü şəxslər tərəfindən tikinti, qazıntı işlərinin aparılması, istifadə edilməsi və s. bu kimi digər hərəkətlərin aparılmasının həmin şəxslərə müvəqqəti qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmiş, Cavabdeh4 bu nəticədən narazı qalaraq qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsi isə şikayəti təmin edərək iddianın təmin tədbiri barədə ərizəni təmin etməmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə tədbirlər sırasına iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməsi ilə bağlı qərardadın ləğvi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələblərini əhəmiyyət verməmiş, ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmamış və bu tədbirin tətbiq edilməməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və yaxud qeyri mümkün edə biləcəyinin mümkünlüyünü ətraflı müzakirə etməmişdir. Digər tərəfdən şikayətə baxan məhkəmə iddianı təmin tədbirini barədə qərardadı ləğv etsə də, ərizəyə münasibət (təmin və ya rədd edilməsinə) bildirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli və onunla bağlı 01 iyul 2021-ci il tarixli qərardadları ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə 18 may 2021-ci il tarixli qərardadından yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli və onunla bağlı 01 iyul 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbiri barədə 18 may 2021-ci il tarixli qərardadından şikayətə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar