Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2610/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh1, Zamin və Cavabdeh2-yə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)- 858/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinə dair Quba Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(027)-858/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı2 ASC-nin xeyrinə 492.317,21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz və 20 dolları məbləğində cərimə olmaqla, cəmi 535.335,19 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və cavabdeh Zamin və “X1.Azerbaijan” MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)-858/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bu qərardaddan Cavabdeh1 tərəfindən verilən şikayət Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1076/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli və onunla bağlı 25 fevral 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə yenidən Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)-858/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin bu iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)-858/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsi geri qaytarılmış, həmin qərardaddan sonuncu tərəfindən verilən şikayət isə məhkəmənin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(027)-858/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən qətnamədən ilk dəfə verilən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən məhkəmə tərəfindən geri qaytarılmış, bundan sonra cavabdeh yuxarıda qeyd olunan ardıcıllıqla hər dəfə iş üzrə qəbul edilmiş məhkəmə aktlarından şikayət vermiş, şikayət vermək hüququ bitdikdən sonra müəyyən müddət ötürülməklə yenidən mübahisələndirdiyi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə ərizəni təmin etməmiş, bu barədə qəbul edilmiş qərardad isə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə cavabdeh yenidən eyni əsaslarla, heç bir əlavə sübut təqdim edilmədən eyni forma və məzmunda tərtib edilən müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir ki, kollegiya yuxarıda sadalananların davamı olaraq qeyd edir ki, müddətin bərpası barədə ərizəyə artıq məhkəmə tərəfindən yekun hüquqi qiymət verilmiş və bu barədə qəbul edilmiş məhkəmə aktı qüvvədədir. Hazırkı halda isə həmin ərizənin təmin olunmasına dair cavabdehin hər hansı ciddi sübutu yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini və müddətin bərpası barədə ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(027)-858/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2610/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2610/2022
27.12.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver