Məhkəmə qərarları › İş №2(105)-2655/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2655/2020

06.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2655/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçının, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5756/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5756/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 680 manat dəyərində 8 qram çəkidə 750 əyarlı nişan üzüyü, 180 manat dəyərində 3 qram çəkidə 583 əyarlı tək gül üzük, 180 manat dəyərində 3 qram çəkidə 583 əyarlı tək qaş üzük, 420 manat dəyərində 7 qram çəkidə 583 əyarlı komplekt üzük, 1020 manat dəyərində 17 qram çəkidə 583 əyarlı boyunbağı, 240 manat dəyərində 4 qram çəkidə 583 əyarlı kulon, 420 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qolbağın, bu əşyalar qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyaların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5756/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3598/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 7 adda və 3260 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və ailəsi ilə münasibətlər kəskinləşdiyi üçün o, azyaşlı uşağını da götürüb evdən çıxmışdır. Başqa sözlə, evdən cavabdeh və ailəsi tərəfindən dava-dalaş zamanı qovulmuşdur. Hazırda valideynlərinin evində yaşayır. Evdən dava-dalaşla çıxdığı üçün ona məxsus qızıl-zinət əşyalarını götürə bilməmişdir. Həmin əşyalar bunlardır: qızıl-nişan üzüyü əyarı 750, çəkisi 8 qram, qiyməti 680 manat; qızıl tək gül üzük, əyarı 583 çəkisi 3 qram qiyməti 200 manat; qızıl tək qaş üzük əyarı 583, çəkisi 3 qram qiyməti 260 manat; qızıl komplekt üzük sırğa əyarı 583, çəkisi 7 qram qiyməti 560 manat; qızıl boyunbağı əyarı 583 çəkisi 17 qram qiyməti 850 manat; qızıl kulon əyarı 583 çəkisi 4 qram qiyməti 360 manat; qızıl qolbaq əyarı 583 çəkisi 7 qram qiyməti 350 manat. Hazırda həmin əşyalarını tələb etməyinə baxmayaraq, cavabdeh əşyalarını ona qaytarmaqdan imtina edir. Halbuki, həmin əşyalar ona məxsusdur və cavabdeh həmin əşyaları saxlamaqda haqlı deyildir. Buna görə də həmin əşyalar məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə xx.xx.2017ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan bir uşaqları vardır. Yaşadıqları az bir müddət ərzində Reyhan ilə xasiyyətləri uyğun gəlmədiyindən bir-birilərini başa düşməmişlər və ailə münasibətləri tədricən pozulmuşdur. Reyhan gedəndə özünə məxsus bəzi əşyalarını və iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Birlikdə yaşadıqları zaman iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını həmişə üzərində gəzdirmiş və özü saxlamışdır. O, iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının iddiaçıya alınmasını və həmin qızıl-zinət əşyalarının iddiaçının istifadəsində olmasını inkar etmir. Lakin, iddiaçı birgə yaşadığı mənzili könüllü tərk edərkən özünə məxsus şəxsi əşyalarını və qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Hesab edir ki, iddiaçının iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməli və iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək əlavə etdi ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları onun yox, iddiaçının şəxsi istifadəsində olmuşdur. İddiaçı həmin əşyaları onun sahibliyinə və ya istifadəsinə verməmişdir və həmin əşyalar heç bir halda onda ola bilməzdi. İddiaçının öz üzərində gəzdirdiyi əşyaların onda qalmasını düşünmək ağlabatan deyildir. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində izahat verərkən etiraf etdi ki, ona məxsus nişan üzüyü də özündədir. Belə halda sual yaranır ki, ərinə məxsus nişan üzüyünü götürən iddiaçı nə üçün öz qızıllarını götürmür? Halbuki, ailəyə məxsus qızıllar həmişə bir yerdə saxlanılırdı. İddiaçı evdən gedəndə o özü evdə olmamışdır. İddiaçının guya evdən davadalaşla çıxması barədə dedikləri həqiqət deyildir. O, sakit şəraitdə bütün cehiz əmlaklarını, o cümlədən qızıllarını da götürüb gedib. Əgər iddiaçının dediyi kimi o, döyülüb evdən qovulsaydı çoxdan 102 xidmətinə zəng vurardı. Sonda cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5756/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib əlavə etdi ki, həqiqətən də birinci instansiya məhkəməsində izahat verərkən cavabdehə məxsus nişan üzüyünü götürdüyün etiraf edib. Bu isə onu sübut edir ki, əgər yalan danışsaydı cavabdehə məxsus nişan üzüyünü götürdüyünü etiraf etməzdi. Lakin o, cavabdeh ona məxsus qızılları götürdüyü üçün belə hərəkət edib. Bundan əlavə, cavabdeh tərəf iddia edir ki, guya iddiaçı atası evinə gedəndə qızılları da özüylə götürüb. Bu ağlabatan bir mühakimə deyil. Belə ki, iddiaçı ziynət əşyalarını nümayiş etdirməyə deyil, ona təzyiq edilən evdən qaçıb getmişdir. Sonda iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan nikah haqqında AZ-İİ 192423 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx xxx 2017-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Feyziyeva soyadı verilmişdir. Yenə işdə olan doğum haqqında AZ-İV 143883 saylı şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx xxxx 2018-ci ildə Musa adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçıya hədiyyə verilməsi şübhə doğurmayan 7 adda qızıl-zinət əşyasının iddiaçının üzərində olması əks olunmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 22052 saylı rəyindən görünür ki, tələb olunan qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiymətləri-8 qram çəkidə 750 əyarlı nişan üzüyü-680 manat, 3 qram çəkidə 583 əyarlı tək gül üzük 180-manat, 3 qram çəkidə 583 əyarlı tək qaş üzük-180 manat, 7 qram çəkidə 583 əyarlı komplekt üzük-420 manat, 17 qram çəkidə 583 əyarlı boyunbağı-1020 manat, 4 qram çəkidə 583 əyarlı klon-240 manat, 7 qram çəkidə 583 əyarlı qolbaq-420 manat, ümumi dəyəri təxminən 3140 manat müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, AR MPM-in 420-ci maddəsinin tələblərinə uyğun Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx xxx 2017-ci il tarixdə ailə qurmuşlar. Bu nikahdan onların xx xxxx 2018-ci il tarixdə Musa adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlməmiş, ailə münasibətləri pozulmuşdur. Hazırda iddiaçı məhkəmədə ona məxsus olan 7 adda qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması barədə iddia qaldırmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Eyni məzmunlu müddəanı nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İsinad olunan maddənin dispozisiyasından göründüyü kimi tələb olunan əmlak tələbkarın mülkiyyətində, özgənin isə qanunsuz sahibliyində olmalıdır. Hazırki halda tələb edilən qızıl-zinət əşyalarının hədiyyə şəklində verildiyindən iddiaçının mülkiyyətində olması mübahisə doğurmasa da, həmin əşyaların cavabdehdə olması sübut olunmur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı 680 manat dəyərində 8 qram çəkidə 750 əyarlı nişan üzüyünün, 200 manat dəyərində 3 qram çəkidə 583 əyarlı tək gül üzüyün, 260 manat dəyərində 3 qram çəkidə 583 əyarlı tək qaş üzüyün, 560 manat dəyərində 7 qram çəkidə 583 əyarlı komplekt üzüyün, 850 manat dəyərində 17 qram çəkidə 583 əyarlı boyunbağının, 360 manat dəyərində 4 qram çəkidə 583 əyarlı kulonun və 350 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qolbağın, yaxud da onların ümumi dəyəri olan 3260 manat pulun ona qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, həmin əmlakların məhz bu və ya az dəyərdə olması barədə iddiaçı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Doğrudur, iş materiallarında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 22052 saylı rəyi ilə bu qiymət 3140 manat məbləğində müəyyənləşdirilmişdir. Lakin iddiaçının iddia etdiyi kimi göstərilən qızılların onda olmaması halı mövcuddursa, iddiaçının belə dəqiqliklə onların çəkisini, əyarını və qiymətini necə müəyyən etməsi məhkəmə kollegiyasında şübhə doğurur. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf qızıl-ziynət əşyalarının cavabdehdə qalmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir və belə olan halda, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin bu cür həll olunması işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da əsas götürür ki, iddiaçının evi tərk edərkən qızıl-zinət əşyalarını özü ilə götürməməsi və onları evdə qoyması ağlabatan dəlil deyildir. Belə ki, iş materiallarında iddiaçıya cavabdeh və ya ailəsi tərəfindən hər hansı təzyiq, zor tətbiq etmə və ya hədələmə halları ilə bağlı hər hansı sübut mövcud deyildir. Sakit şəraitdə evi tərk edən iddiaçıya qızıl-ziynət əşyalarının özü ilə götürməsinə heç bir maneçilik ola bilməzdi. Bundan əlavə, məhkəmə iclasında hər iki tərəfin izahatı ilə təsdiq olunmuşdur ki, iddiaçı cavabdehə məxsus nişan üzüyünü götürüb. Ailələrinə məxsus qızıllar eyni yerdə saxlanıldığı halda, iddiaçının özünə məxsus qızılları saxlayıb cavabdehə məxsus üzüyü götürməsi isə ağlabatan deyildir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5756/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasəniddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən verilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməli, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 30,80 manat dövlət rüsumları İddiaçı tutularaq Cavabdeh qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri olan 120 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5756/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin və iddia təmin olunmasın. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 30,80 manat dövlət rüsumları İddiaçı tutularaq Cavabdeh qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən verilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab N:AZ34CTRE********************) keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar