Məhkəmə qərarları › İş №2(105)-27/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-27/2023

20.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-27/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(027)-234/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə iddianın təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-137F, KOD 30304018 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,17 ha torpaq sahəsinin 0,02 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilməsi, həmin torpaq sahəsində iddiaçıya məxsus cavabdehlər tərəfindən sökülmüş hasarın cavabdehlərin hesabına yenidən bərpa edilməsi qət edilmişdir. Cavabdehlər Fatma və Cavabdeh2lar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, onların ailə üzvləri və onlara məxsus əmlaklar, 23 iyul 1998-ci il tarixli “Qeydiyyat vəsiqəsi” və Torpağın mülkiyyətə verilməsinə dair” JN - 137F nömrəli KOD 30304018 kodlu Şəhadətnamə əsasında ona məxsus torpaq sahəsindən çıxarılmasını və torpağın mulkiyyətə verilməsinə dair” JN - 137F nömrəli, KOD 30304018 kodlu Şəhadətnamə əsasında ona məxsus həyətyanı torpaq sahəsində Cavabdeh1 və onun oğlu Cavabdeh2 tərəfindən sökülmüş hasar onların şəxsi vəsaiti hesabına hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Alekseyevka kənd ərazisində yerləşən ümumi sahəsi 116,8 kv metr, yaşayış sahəsi 72,6 kv m. olan 3 otaqdan ibarət fərdi yaşayış evi, 1998-ci il dövründə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatım həyata keçirən Azərbaycan Respublikası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin reyestr kitabında 23 iyul 1998-ci il tarixdə, 634a reyestr nömrəsi ilə dövlət qeydinə alınmışdır. Quba rayon aqrar islahat komissiyası tərəfindən həmin evin yerləşdiyi 0,17 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN - 137F nömrəli, KOD 30304018 kodlu Şəhadətnamə verilmişdir. Onunla qonşuluqda yaşayan cavabdehlər Cavabdeh1 və onun oğlu X2 ona məxsus torpaq sahəsində tərəfindən mişar daşından hörülmüş hasarını sökərək ona məxsus torpaq sahəsinə təxminən 1 (bir) metr uzunluqda girərək həyətyanı torpaq sahəsini zəbt etmişlər. Qanunsuz əməllərdən çəkinərək torpaq sahəsindən çıxmalarını onlardan dəfələrlə xahiş etsə də onlar qanunsuz əməllərini davam etdirərək onun mülkiyyət hüququnu pozmuşlar. Bundan başqa onlar torpaq sahəsini zəbt edərkən həmin ərazidə ona məxsus 1 ədəd gilas, bir neçə fındıq və gavalı ağaclarını kəsərək məhv etmişlər. Bununla birgə onlar 1 gilas ağacının qabığını soyaraq ağaca zərər vurmuşlar. Qanunsuz əməllərdən çəkinməyi Fatmadan və onun oğlundan tələb etməyi davam etdirərkən Fatma ona “sən mənə ilişmə, onsuz da mənə bata bilməzsən” cavabını vermişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanunla qorunan mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia cavabdehlərdən Cavabdeh2 qarşı düzgün verilməmişdir. Belə ki, Cavabdeh2 qeyd olunan ünvanda yaşamır, təsərrüfata onun heç bir aidiyyatı yoxdur və Cavabdeh1 adına işlənmiş toprağın mülkiyyətə verilməsinə dair JN-138F, Kod-30304018 saylı şəhadətnamədə onun adı da yoxdur. Onun yaşayış yerim tamamilə başqadır. Bu səbəbdən o, cavabdehlər sırasından çıxarılmalıdır. Qeyd olunan mütəxəssis rəyində “torpaq sahəsinin müəyyən hissəsinin” guya zəbt edilməsi, həmin “müəyyən hissənin” nə qədər olması bilinmir. Başqa sözlə mütəxəssis rəyi konkret deyil, mücərrəddir. Qətnamədə daha sonra göstərilir: “İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin Tikinti Texniki Ekspertizasının xx.xx.2020-ci il tarixli 4583 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin 13.01. 2020-ci il tarixli 1/010 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Quba rayonu Alekseyevka kəndində yerləşən JN-137F, Kod 30304018 saylı Toprağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ona məxsus 0.17 ha torpaq sahəsinin döngə nöqtələri, mövqeyi və ölçüləri yerində tanınmışdır. Həmin torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən hal-hazırda faktiki olaraq istifadə edildiyi müəyyən olunur. Cavabdehlər tərəfindən istifadə olunan 0,02 ha torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir”. Yuxarıda göstərildiyi kimi, mütəxəssis rəyində “torpaq sahəsinin müəyyən hissəsinin” guya zəbt edilməsi, həmin “müəyyən hissənin” nə qədər olması bilinməsə də, məhkəmə birazda irəli gedərək, ekspert rəyinə istinad etməklə torpaq sahəsinin 0.02 ha hissəsinin zəbt edilərək istifadə edilməsini qeyd edir. Halbuki, məhkəmənin istinad etdiyi ekspert rəyini vermiş ekspert ümumiyyətlə ərazidə olmamışdır. Qətnamə tamamilə əsassız və tamamilə qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsi, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün əsas olması ilə əsaslandırmışdır. Cavabdehlər bu nəticədən narazı qalaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarına əsasən xx.xx.2004-cü il tarixdə JN-137F, KOD 30304018 saylı Şəhadətnamə tərtib edilərək 0.17 ha torpaq sahəsi mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində 0,017 ha torpaq sahəsinin olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Quba rayonu Alekseyevka kənd ərazisində yerləşən 0,17 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə edən iddiaçı qonşu sahədə yerləşən cavabdehlərin ona məxsus torpaq sahəsində mişar daşından hörülmüş hasarını sökərək ona məxsus torpaq sahəsinə təxminən 1 (bir) metr uzunluqda girərək həyətyanı torpaq sahəsini zəbt etməsini qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyləri ilə bu hal təkzib olunmuşdur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1269 nömrəli və 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7406 №-li rəyləri ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində göstərildiyi kimi torpağın mülkiyyətə verilməsinə dair kodu 30304018 olan JN-137F saylı şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 2 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Quba rayonu, Alakseyevka kəndində 0,17 ha həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmur. İşdən görünür ki, iddianın təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəyə əsaslanmışdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin, ziddiyyətlərin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə və ya təkrar ekspertizaların keçirilməsidir (Mülki Prosessual Məcəlləsinin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər. Nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə- rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 101.3 və 205.1-ci maddələri). Bu baxımdan məhkəmə kollegiyası "xxxx" MMC-nin mütəxəssis rəyi əsasında verilmiş ekspert rəyinə münasibətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən verilmiş rəy əsasında tərtib edilmiş ekspert rəylərində göstərilən məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar iş materialları ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmadığından, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50+50=100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, birinci instansiya məhkəməsində baxış zamanı mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 300 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar