Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2725/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 3300 (üç min üç yüz) manat və 320 (üç yüz iyirmi) ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 (beş yüz) manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 (bir yüz əlli iki) manatı, iddia tələbi üzrə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 (on bir manat 40 qəpik) manatıın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim Bəylər Ələkbərov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehlərin apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Siyəzən şəhəri ərazisində (Xalqbankın yanı) yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30.01.2003-cü il tarixli 1-9 nömrəli qərarı və torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə cavabdehlərin mərhum atası X2 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində 44 kv.m ölçüdə məişət cihazlarının təmiri yeri kimi fəaliyyət göstərən 44 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi mövcuddur. Lakin həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin obyektdə məişət cihazlarının təmiri ilə məşğul olan əvvəldən tanıdığı Fuad usta bir dəfə söhbət əsnasında ona bildirmişdir ki, sahibi həmin obyekti satmaq niyyətinindədir. Maraqlanıb öyrənmişdir ki, həmin yerin sahibi vəfat edib, hazırda övladları Raman və Kamilə məxsusdur. Həmin yeri almaq qərarına gəlmiş və bu barədə dostu Şahinlə məsləhətləşərkən, Şahin bildirdi ki, həmin yerin sahibi Raman onun sinif yoldaşıdır. Beləliklə Şahin vasitəsilə Ramanı tapmış və 2020-ci ilin yanvar ayının sonlarında onlar birlikdə görüşüb danışmışlar. Söhbət əsnasında məlum oldu ki, həmin obyektin heç bir sənədi yoxdur, lakin torpaq sənədi Ramanın mərhum atasına məxsusdur. Raman bildirdi ki, həmin yeri 20000 (iyirmi min) manat satmaq istəyir, söhbətləşib razılaşmışlar ki, Raman həmin yeri ona 18000 (on səkkiz min) manata satsın. Bu zaman Raman bildirdi ki, torpağın sənədini vərəsəlik qaydasında öz adına keçirməlidir. Bunun üçün də müəyyən qədər pul vəsaitinə ehtiyac vardır. Onunla razılaşmışdır ki, lazım olan pulları ona ödəsin, o sənədləri qaydasına salsın və yekunda sənədləşməyə çəkilən xərclər razılaşdıqları 18000 (on səkkiz min) manat məbləğindən çıxılsın. Bundan əlavə Raman ona bildirdi ki, obyektin arxasında 90 kv.m boş torpaq sahəsi var, həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün Bələdiyyəyə müraciət edib. Təklif etdi ki, həmin yeri də alsın. Onunla razılaşmışlar ki, boş torpaq sahəsini də sənədləşdirsin və sənəd üzrə neçə kv.m. olarsa bir kvadrat metri 220 (iki yüz iyirmi) manatdan ona satsın. 2020-ci ilin fevral ayının 20-də Siyəzən rayonun girişində yerləşən Bənövşə kafesi kimi tanınan yerdə 200 (iki yüz) ABŞ dolları məbləğində pulu Cavabdeh1 vermişdir ki, sənədləşdirmə işlərini aparsın. Bundan 1-2 gün sonra o, 15 günlük iş növbəsinə getmiş və fevral ayının 25-i Raman ona zəng edərək daha 200 (iki yüz) manat pul lazım olduğunu bildirdi. İşdə olduğu üçün xalası oğlu Muxtardan xahiş etmışdir ki, evdən 200 (iki yüz) manatın dollar ekvivalenti olan 120 (yüz iyirmi) ABŞ dolları məbləğində pulu götürüb Ramana çatdırsın. 26 fevral tarixində xalası oğlu Muxtar 120 (yüz iyirmi) dollar məbləğində pulu Xalqbankda mühafizədə işləyən qaynı Əjdərə vermiş, Raman da gəlib Əjdərdən götürmüşdür. Martın əvvəlində Raman yenə zəng edərək sənədləşmə üçün əlavə 120 (yüz iyirmi) manat da lazım olduğunu bildirmiş və dostu Şahindən xahiş etmişdir ki, 120 manat pulu Ramana versin, özü işdən gələndə həmin pulu ona qaytarar. Beləliklə dostu Şahin onun adından Ramana 120 (yüz iyirmi) manat pul verdi. Martın 7-si işdən çıxmış və dərhal Şahinin verdiyi 120 (yüz iyirmi) manatı qaytarmışdır. Raman yenə də ona zəng elədi ki, Bələdiyyəyə icarə və ya vergi borcunu ödəmək üçün 200 manat pul lazımdır. Mart ayının 7-si axşam saatlarında Siyəzən rayonun girişində yerləşən Bənövşə kafesi kimi tanınan yerdə 200 (iki yüz) manat məbləğində pulu Ramana vermiş, Raman ona bildirmişdir ki, telefonuna sms gəlib, sənədlər martın 10-u tam hazır olacaq, alğı-satqıya gedə bilərlər. Qeyd edir ki, öncədən Ramana bildirmişdir ki, bu yeri almaq üçün hazırda nağd pulu yoxdur, ona məxsus ‘Mercedes -E” markalı ** VC *** dövlət nömrə nişanlı avtomobilini satacaq və bankdan kredit götürəcək. Buna görə martın 8-də özünə məxsus avtomobili real bazar qiymətindən 2000-2500 ucuz qiymətə yəni 13300 (on üç min üç yüz) manata maşın alverçisinə satmış, üstündən 3-5 gün keçdikdən sonra alverçi həmin maşını 15800 manata internet portalına satışa qoymuşdu. Bundan sonra martın 10-da “Beynəlxalq Bankın” Siyəzən filialından 6000 manat kredit götürmüş, ona bank xərcləri çıxıldıqdan sonra 5940 manat məbləğində pul verilmişdir. Həmin pulu 24 ay müddətində banka qaytarmalıdır və yekunda ödəniləcək ümumi məbləğ 7837.48 manatdır. Beləliklə avtomobili satdıqdan və kredit götürdükdən sonra 11 mart 2021-ci il tarixdə onlar, yəni özü, Cavabdeh1 və Cavabdeh2 alğı-satqı etmək üçün Siyəzən rayonuna gəlmiş, Səyyar ASAN Xidmət avtobusuna yaxınlaşmışlar. Qeyd edir ki, onlar yalnız obyektin alğı-satqısını etməli idilər. Obyektin arxasındakı torpağın sənədi hələ tam hazır olmadığından həmin yeri sonra alğ-satqı edəcəkdilər. Lakin burada sənədlərin tam qaydasında olmadığı bildirilmiş və alqı-satqı baş tutmamışdır. Bu zaman Raman öz qaynatası Sabirə zəng edərək vəziyyət barədə məlumat vermiş, bir yerdə Şabran rayon notariat kontoruna getmişlər. Burada onlara bildirilmişdir ki, torpaq bələdiyyə mülkiyyəti olduğu üçün bələdiyyədən razılıq almaq lazımdır. Onlar yenidən Siyəzənə qayıtmış və bələdiyyəyə gəlmişlər. Bələdiyyə sədri Azər müəllim onlara təklif etmişdir ki, ən yaxşı variant notariusda etibarnamə verməkdir. Buna etiraz etdikdə, bələdiyyə sədri ona izah etdi ki, həmin torpaq sahəsini indiki vəziyyədə Ramanın adına sənədləşdirmək daha məqsədəmüvafiqdir. Çünki, o, başçıdan xahiş edəcək ki, həmin yer Sabirin yeznəsi Ramanın adına sənədləşdirir, başçı Sabiri tanıdığı üçün buna etiraz etməyəcək. Bələdiyyədən çıxmış və o, yenə də razılaşmamışdır ki, bu qədər pulu verib etibarnamə ala bilməz, onun sənədləri tam qaydasında olsun. Bu zaman Ramanın. qaynatası Sabir onlara dedi ki, pul qalsın gedin etibarnamə verin, Vüqar təmirə başlasın və obyekti işlətsin, ona qədər də bütün sənədlər hazırlansın və birdəfəlik alğı-satqı edilsin. Bu zaman Raman və Kamil ona təklif etdilər ki, heç olmazsa 3000 manat məbləğində onlara pul versin ki, obyektin arxasındakı torpağı da sənədləşdirib ona satsınlar. Bir daha orada razılaşmışlar ki, cavabdehlərə 3000 (üç min) manat pul ödəsin, cavabdehlər ona etibarnamə versinlər, daha sonra isə, obyektin arxasındakı boş torpaq sahəsini də sənədləşdirib kvadrat metrini 220 manatdan ona satsınlar. Beləliklə, 11 mart 2020-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 Siyəzən rayon dövlət notariat ofisində ona 1 il müddətinə etibarnamə verdilər, onlar birlikdə “Bənövşə” kafesinə getmiş və orada 3000 manat məbləğində pulu Ramana vermiş, Raman da həmin pulun 1000 (min) manatını Kamilə vermişdir. Bundan 3 gün sonra, martın 14-də məişət cihazları təmiri ilə məşğul olan Fuad obyekti boşaltmış və Raman obyekti ona təhvil vermişdir. Bu zaman ondan 100 manat da aldı ki, Fuada verməlidir. Beləliklə, fevral - mart ayları ərzində o, Ramana 320 ABŞ dolları və 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pul vermiş, bundan əlavə, aprelin 3-də 200 (iki yüz) manat, aprelin 22-də 20 (iyirmi) manat, aprelin 25-də 50 (əlli) manat, mayın 12-də 50 (əlli) manat məbləğində Ramana pul vermişdir. Martın 15-dən etibarən obyektdə təmir işlərinə başlamış və obyektin təmirinə usta pulu da daxil olmaqla 4450 (dörd min dörd yüz əlli) manat məbləğində pul xərcləmiş və aprelin sonunadək təmiri bitirmişdir. Orada gözəllik salonu açmış və avadanlıqların alınmasına da əlavə olaraq 3750 (üç min yeddi yüz əlli) manat pul xərcləmişdir. Pandemiya şərtlərinə görə, mayın 5-dən gözəllik salonlarının fəaliyyətinə icazə verildi və o vaxtdan salon fəaliyyətə başladı. Daha sonra yenə sərt karantin oldu və təxminən 15 gün işləməmişdir. Karantin bitəndən sonra yenidən fəaliyyətə başlamışdır. Sentyabrın 4-ü Raman ona zəng edərək görüşə çağırmış və onunla yenə də Bənövşə kafesində görüşmüşdür. Bu zaman Raman ona bildirdi ki, ona əlavə olaraq 3000 (üç min) manat da versin ki, almaq istədiyi evə beh versin. Buna etiraz edərək demişdir ki, gedək obyekti onun adına keçir dedikdən sonra bütün pulu verər, obyektin arxasındakı torpağın sənədi nə zaman hazır olarsa, o zaman onu da ayrıca alğısatqı edərlər. Bu zaman Raman bildirdi ki, arxadakı torpağın qiymətini ucuz deyib, oranın kvadratını 220 manata deyil, 500 manata satır. O,isə, ona bildirmişdir ki, bu qiymətə yox, razılaşdıqları 220 manata ala bilər. Bundan 3 gün sonra sentyabrda Raman və Kamil ona verdikləri etibarnaməni ləğv elətdiriblər və hazırda obyektdən çıxmağını tələb edirlər və ona hədə-qorxu gəlirlər. O, isə onlardan tələb edir ki, nağd verdiyi pulları, təmirə və avadanlıqlara çəkilmiş xərcləri ona qaytarsınlar. Çünki, yer olmadıqdan sonra onun nə avadanlığa ehtiyacı var, nə də ki, təmiri dağıda və ya mebelləri söküb apara bilməz. Hesab edir ki, cavabdehlərə ödədiyi 320 (üç yüz iyirmi) ABŞ dolları və 3740 manat məbləğində nağd pul, təmirə xərclədiyi 4450 (manat və avadanlıqların alınmasına və quraşdırılmasına çəkilmiş 3750 manat məbləğində pul, habelə, vəkilə ödədiyi 1000 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın və bankdan kredit götürdüyünə görə, ödəməli olduğu 1837,48 manat və kredit alarkən bank xərclərinə çəkilmiş 60 (altmış) manat, ümumilikdə, 320 (üç yüz iyirmi) ABŞ dolları və 16807,48 manat məbləğində pul və əsəb stres keçirdiyinə, psixoloji gərginlik və narahatlıq yaşadığına görə, ona vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini, cavabdehlərin apellyasiya şikayıtinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbində göstərilənlər həqiqətə uyğun deyildir. Bütövlükdə əsassızdır. Məhkəmə işi birtərəfli aparmış, qeyri-obyektiv qətnamə qəbul etmişdir. İddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnlz dost və qohumlarından ibarət şahidləri məhkəməyə gətirmiş, onlar da ziddiyyətli ifadələr vermişlər. Odur ki, , Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı tərəfi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İddiaçı yaxın dostudur, Cavabdeh1la da əvvəllər yaxşı münasibətləri olmuşdur. 2020-ci ilin yanvar ayında cavabdehlərin satmaq istədikləri sözügedən obyekti almaq niyyətinin olduğunu İddiaçı ona bildirdikdə, Cavabdeh1la da münasibətləri yaxşı olduğu üçün iddiaçını və Cavabdeh1 Siyəzən şəhərinin girişində yerləşən sonuncuya məxsus “Bənövşə” kafesində görüşdürmüşdür. Həmin söhbət zamanı İddiaçı və Cavabdeh1 mübahisəli obyektin qiymətini 18 000 manata razılaşmış və razılığa görə sənədlər qaydasına düşəndən sonra bu obyektin arxa hissəsində olan torpaq sahəsini də iddiaçı cavabdehdən alacaqdı. Həmçinin, obyektin sənədləri tam hazır olandan sonra tərəflər arasında alqı-satqı da olmalı idi. 2020-ci ilin mart ayının əvvəlində İddiaçı ondan 120 manat pulu cavabdeh Ramana Sədrəddinova verməsini xahiş etmiş, o, da bu pulu cavabdehə vermişdir. Daha sonra, İddiaçı Ramana verdiyi həmin məbləğdə pulu ona qaytarmışdır. Bundan əlavə, onun yanında digər Cavabdeh2la danışıqlar olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, İddiaçı üçün sözügedən obyektdə kafel vurmuş, obyektdə işləyərkən Cavabdeh1 da bu obyektə gəlib-getmişdir. 2020-ci ilin aprel ayında obyektdə işləyərkən Raman Vüqardan bir dəfə onun yanında 20 manat pul istəmiş, həmin vaxt Vüqarda pul olmadığı üçün bu pulu sonuncunun əvəzinə Ramana o, vermiş, sonradan İddiaçı bu pulu ona qaytarmışdır. Bir dəfə də obyektdə işləyərkən İddiaçı onun yanında cavabdeh Ramana 50 manat pul vermişdir. Bundan əlavə Vüqardan Ramanın pulu hansı məqsədlə istəməsinin səbəbini soruşmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstədi ki, İddiaçı bacanağının yeznəsidir. O, da sözügedən obyektdə 2020-ci ilin mart-aprel aylarında usta işləyərək, suvaq, elektrik işi və santexnik işlərini görmüşdür. İddiaçı bunun müqabilində ona 1200 manat zəhmət haqqı da vermişdir. Cavabdeh1 həmin vaxt obyektə gəlib, orada usta işlədiyini görsə də, buna heç bir etiraz bildirməmişdir. 2020-ci ilin aprel ayının əvvəlində o, obyektdə işləyərkən iddiaçı Vüqar cavabdeh Ramana onun yanında 200 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun bacısı oğludur. Cavabdeh1 da Siyəzən şəhər sakini kimi tanıyır. İddiaçı Cavabdeh1la mübahisəli obyektə dair razılaşmadan sonra, sonuncuya müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, o cümlədən bir dəfə 3000 manat pul verdiyini bildirdikdə, o, bu pulları verərkən notarial müqavilə bağlamamasını bacısı oğluna irad tutmuşdur. İddiaçı isə Cavabdeh1 notariat orqanına getməkdən yayındığını, həmçinin, cavabdehin pulları ondan şənbə-bazar günlərində (notariat orqanının işləmədiyi vaxt) istədiyini bildirmişdir. Sonradan bir dəfə Cavabdeh1 məxsus “Bənövşə” kafesində Vüqar, o və Raman bu mövzu ilə əlaqədar söhbətləşərkən, sonuncu Vüqardan 3000 manat pul aldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı qaynının oğlu, Cavabdeh1 da uzaq qohumudur. Mübahisə yarandıqdan sonra Cavabdeh1 qaynatası olan qohumu Sabir Zeynalovun evinə barışıq əldə edilməsi üçün Vüqarla birlikdə getmişlər. Həmin vaxt orada Raman, Sabir və Vüqar olmuş, o zaman Raman Vüqardan obyektin açarlarını almaq istədikdə, o, iddiaçının cavabdehə aid obyektin təmirinə, avadanlıqların alınmasına xeyli miqdarda xərc çəkdiyini bildirib, açarları təhvil verməsinə mane olmuşdur. Bundan başqa, söhbət zamanı cavabdeh Raman iddiaçı Vüqarın ona 4000 manat pul verdiyini də bildirmişdir. Lakin, həmin vaxt onun yanında iddiaçı Vüqar cavabdeh Ramana hər hansı məbləğdə pul verməmişdir. İşdə olan Siyəzən rayonu dövlət notariat ofisinin dövlət notariusu X4 tərəfindən 11 mart 2020-ci il tarixdə reyestrdə 7E-37 nömrə ilə təsdiq edilmiş AR-İİ seriyalı, 033868 nömrəli etibarnamədən, eləcə də “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, Raman və Cavabdeh2lar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏRX-nın müvafiq ərazi idarəsi tərəfindən 02 mart 2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Siyəzən şəhəri ərazisi ünvanında yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmiş, habelə bu etibarnamə 07 sentyabr 2020-ci il tarixdə ləğv edilmişdir. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında 10 mart 2020-ci tarixdə bağlanmış BPM**********81 saylı kredit müqaviləsinə, eləcə də ona əlavə olunmuş 1 nömrəli əlavəyə əsasən bank İddiaçı 24 ay ərzində qaytarmaq şərti ilə illik 20%-lə istehlak məqsədilə 6000 manat məbləğində kredit vermiş, habelə bu məbləğ borcalan tərəfindən faizlərlə birlikdə hər ay 305,4 manat, sonuncu ay isə 304,65 manat olmaqla, ödənilməli idi. İş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarından görünür ki, Siyəzən şəhərindəki 0,0044 ha torpaq sahəsi üzərindəki tikiliyə, habelə torpaq sahəsinin sənədləşdirilməsinə görə Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda 3000 manat, 100 manat, 200 manat olmaqla, cəmi 3300 manat, eləcə də 200 ABŞ dolları pulu şəxsən almış, habelə bu hal onun tərəfindən etiraf edilmişdir. İşdə olan "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 44 kv.m ölçülü qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 4258 manat, ora quraşdırılmış mebellərin və orada olan avadanlıqların işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə ümumi qiyməti 2900 manat müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən 10 mart 2021-ci il tarixdə tərtib edilmiş FİÇ seriyalı, 199313 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı keçirilmiş ekspertiza üçün MMC-nin hesabına 400 manat pul köçürmüşdür. İşdə olan Sumqayıt Regional Vəkil Bürosu tərəfindən 06 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş ĞĞY seriyalı, 346101 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil bürosunun hesabına 1000 manat pul köçürmüşdür. İşdə olan 26 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 362.1, 152.8, 135, 157.2,529,386.1, 390, 405, 406-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bu Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Sözügedən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Mülki Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Bu Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Yenə qeyd olunan Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 157-ci maddəsinin Vİİ hissəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini satılması ilə əlaqədar cavabdehlərə ödəniş etdiyini, onlardan etibarnamə aldığını və etibarnamə əsasında əmlakı istifadə etdiyini bildirmişdir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi və üzərində yerləşdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində deyildir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Belə olan halda həmin torpaq sahəsinin cavabdehlər tərəfindən ona satılması qeyri-mümkündür. Həmçinin mübahisələndirilən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən iddiaçıya satılması iş materialları ilə təsdiqini tapmır. Həmçinin məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş Siyəzən rayonu dövlət notariat ofisinin dövlət notariusu tərəfindən 11 mart 2020-ci il tarixdə reyestrdə 7E- 37 nömrə ilə təsdiq edilmiş AR-İİ seriyalı, 033868 nömrəli etibarnamədən, eləcə də “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən Raman və Cavabdeh2lar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏRX-nın müvafiq ərazi idarəsi tərəfindən 02 mart 2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Siyəzən şəhəri ərazisi ünvanında yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar edilməsi barədə dəlilə qiymət verərək qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla cavabdehlərin mərhum atalarına icarəyə verilmişdir. Həmin torpaq sahəsinin cavabdehlərin adına icarəyə verilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərə 320 ABŞ dolları və 3740 manat nağd pul ödəməsini bildirsə də, buna dair iş materiallarına mötəbər sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin qeyd edilən hissəsi üzrə şahid ifadələrini iddia tələbinin əsaslı olması üçün mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, qeyd edilən şahidlər iddiaçının yaxın tanıdığı şəxslər olduğu üçün və iddiaçının maraqlarını müdafiə etdikləri üçün iddia tələbində dolayısı yolla maraqlı şəxslərdir. Həmçinin qeyd edilən məbləğdə pulun şahidlərin iştirakı ilə cavabdehlərə verilməsini təsdiq edilmir. Göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar cavabdehlərə qeyd edilən məbləğdə pul verməsini sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən iddiaçıya satılması barədə hər hansı müqavilə imzalanmamış, müqavilə üzrə tərəflər üzərilərinə hər hansı öhdəliklər götürməmişlər. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Qeyd edilən məbləğdə pulun cavabdehlərə verilməsi ilə bağlı hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin qeyri-yaşayış sahəsinə 4258 manat təmir xərci çəkilməsi ilə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsinin təmir edilməsi ilə bağlı hər hansı yazılı razılaşma olmamış, oranın təmir edilməsi ilə bağlı çəkilmiş xərclərin ödənilməsi barədə cavabdehlər hər hansı öhdəlik götürməmişlər. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin qeyri-yaşayış sahəsinə avadanlıqların alınmasına və quraşdırılmasına görə cavabdehlərdən 3750 manat məbləğində vəsaitin tutulmasına qiymət verərək qeyd edir ki, qeyri-yaşayış sahəsi üçün alınmaqla, quraşdırılmış avadanlıqlar daşınar əşya olmaqla, tikilidən ayrılması mümkündür və bunların həmin tikilidən ayrılması ora hər hansı bir formada ziyan vurmamaqla, tikilinin təyinatına təsir etmir. Mülki Məcəllənin tələblərindən də göründüyü kimi iddiaçı əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Bu halda isə iddiaçı quraşdırmış olduğu avadanlıqları oradan ayırmaqla, çıxarmaq imkanı istisna edilmədiyindən həmin əşyalara görə cavabdehlərdən hər hansı bir məbləğdə vəsaitin tutulması ağlabatan deyildir. Həmçinin iddia tələbinin avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın tutulması hissəsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünə məxsus avtomobili ucuz qiymətə satılmasında cavabdehlərin hər hansı iştirakı və öhdəçilikləri olmamış, iddiaçı özünə məxsus avtomobili sərbəst şəkildə başqa bir şəxsə satmışdır. İddiaçı özünə məxsus avtomaşını üçüncü şəxsə dəyərindən ucuz satarkən bu zaman ona kənar şəxslər, o cümlədən cavabdehlər tərəfindən təsir və ya təzyiq olmamış, məhz iddiaçının özü sərbəst surətdə iradəsini ifadə etməklə, öz təşəbbüsü və niyyəti ilə avtomaşınını ucuz qiymətə realizə etmişdir. Belə olan təqdirdə qeyd edilənə münasibətdə iddiaçıya cavabdehlər tərəfindən hər hansı bir formada zərər vurulması halı müəyyən edilmir ki, bu zaman da sonunculardan iddiaçının xeyrinə hər hansı bir məbləğdə vəsaitin tutulması istisna edilir. Həmçinin iddiaçının cavabdehlərə pul verilməsi ilə əlaqədar bankdan kredit götürməsi, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faiz və kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin tutulması barədə tələbə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavadbehlər arasında belə bir öhdəlik götürülməmiş, yəni cavabdehlər iddiaçının qarşısında alğı-satqının dəyərinin ödənilməsi üçün kredit alarkən çəkilmiş bank xərclərini ödəmək, eləcə də götürülmüş kreditə görə banka faiz ödənişləri etmək barədə hər hansı müqavilə bağlayaraq öhdəlik götürdükləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin qeyd edilən kreditin sırf cavabdehlərə verilməsi üçün götürülməsi də iş materialları ilə sübuta yetirilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıdığından banka olan xərcin, eyni zamanda borcun da məhz onun tərəfindən ödənilməli olması tam əsaslıdır və mübahisə edilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi yuxarıda sadalanan hissələrdə əsassız olduğundan və təmin edilməməli olduğundan iddiaçının vəkilə ödədiyi 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə tələbi də əsassızdır. Belə ki, qeyd edilən tələb yuxarıda sadalanan və məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilən tələblər əlaqəli olduğundan həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası tələbin psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı ona mənəvi zərərin dəyməsini əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Qanunvericliyin tələbinə görə iddiaçı cavabdehlərə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Bu baxımdan iddianın cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. X14 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X14 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: . Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2725/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2725/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver