Məhkəmə qərarları › İş №2(105)-275/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-275/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-275/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 Həbib oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Həbib oğluna, Cavabdeh2 qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(060)-7246/2108 saylı qətnaməsindən Cavabdeh1 Həbib oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 Həbib oğlundan İddiaçı İKB ASC-nin xeyrinə 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 37371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 65065.66 ABŞ dollarının və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 Həbib oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), G.Tağızadə və L.Məmmədova, 2(105)- 83/2020 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(060)-7246/2018 saylı qətnaməsində dəyişiklik edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 14/49 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 230000 (iki yüz otuz min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı ilə (İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Həbib oğlundan İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsi üzrə banka 37371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 1758.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 66524.34 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsunmunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 Həbib oğlunun mülkiyyətindəki Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 Həbib oğluna məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Həbib oğlu, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 həmin ev və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 Həbib oğlu, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 Həbib oğlu ilə İddiaçı İKB ASC arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Həbib oğlu İddiaçı İKB ASC-nin “Sumqayıt” filialından illik 27 faizlə 60 ay müddətinə 40700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 Həbib oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi 2014-cü il 25 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14- cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il iyunun 20- dək Cavabdeh1 Həbib oğlunun 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsi üzrə banka 37371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 1758.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 66524.34 ABŞ dolları borcu vardır. Bu səbəbdən də kredit üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyinə və gecikdirildiyinə görə ipoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Həbib oğlu Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsini və borcun hissə-hissə tutulması və ipoteka predmeti olan evin hərracda ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mühasibatlıq ekspertizası keçirilib və ekspert rəyi ilə bankın tələb etdiyi borc məbləği təsdiq edilib. Mühasibatlıq ekspertizasının rəyinə etiraz etmir, borc məbləğin hissəsində bankın tələbi ilə razıdır. Amma bu məbləği birdəfəyə ödəyə bilmir. Ödəniş cədvəli tutulmaqla bu pulu hissə-hissə ödəyə bilər. Həmçinin ipoteka predmeti olan evin və həyətyanı torpaq sahəsinin 230000 manat qiymətləndirilməsi barədə rəylə də razıdır. Buna görə də qətnamədə evin qiymətinin 230000 manat olmasını istəyir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 Həbib oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməsi, cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirmişdir. Bu nəticədən narazı qalan iddiaçı bank qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən baxılan iş üzrə torpaq sahəsini nəzərə almaqla yenidən qiymətləndirmə keçirilməsi göstərişi ilə qiymətləndirmənin eyni şirkətə həvalə edilməsinin düzgün olmaması, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnaməni ilkin satış qiymətinin müəyyən edilməsi apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakı qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, əmlakın dəyəri tərəflər arasında bağlanmış ipoteka müqaviləsində 83000 manat göstərilmiş və əvvəlki apellyasiya baxışı zamanı ipoteka ilə yüklü edilmiş həmin əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün iki dəfə ekspertiza keçirilmişdir. "xxxx" Konsaltinq MMC tərəfindən verilmiş birinci ekspert rəyində əmlakın ilkin satış qiyməti 100.000 manat müəyyən edilmiş, ikinci ekspert rəyində isə evin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla 230.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli 02-05/20 № ekspertizası rəyi ilə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.6 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin 18 noyabr 2020-ci il tarixinə likvid dəyəri 231.000 (iki yüz otuz bir min) manat məbləğində müəyyən edilmiş, iddiaçı tərəfindən ekspert rəyi mübahisələndirilmiş, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş üzrə təkrar məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmiş, “B+Ş Audit Konsaltinq” MMC-nin tərəfindən verilmiş 03.03.2021-ci il tarixli №A-01/03 rəy ilə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 180.000 (yüz səksən min) manat, likvid dəyəri 160.000 (yüz altmış min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən yenidən ekspert rəyi mübahisələndirilmiş, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş üzrə təkrar məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli Ç-202 № rəy ilə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 0.08 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində yerləşən 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.6 kv.metr yardımçı sahədən və tikintialtı sahəsi 33,8 kv.m. olan qaraj (liter B), 20.1 kv.m. olan ahsar (liter İ) və darvazadan (liter İİ) ibarət 14/49 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 125.000 (yüz iyirmi beş min) manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair müxtəlif fərqli rəylər verilmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası iş üzrə mübahisə predmeti olan əmlakla bağlı "xxxx" MMC “B+Ş Audit Konsaltinq” MMC və "xxxx" MMC tərəfindən verilmiş rəyləri müqayisə edərək hesab edir ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş rəylərdə göstərilən ipoteka predmetinin qiymətləri reallığı əks etdirmir. Odur ki, iki rəydə göstərilən qiymətlərə münasibətdə “B+Ş Audit Konsaltinq” MMC-nin rəyi daha çox reallığı özündə əks etdirdiyindən, eləcə də tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd olunan əmlakın daşınmaz əmlak bazarındakı qiymətlərə uyğun olduğundan, həmin rəydəki qiymət ipoteka predmetinin likvid dəyəri kimi göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.6 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin likvid dəyəri 160.000 (bir yüz altmış min) manat müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 Həbib oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 300 (üç yüz) manat "xxxx" MMC-nin, 300 (üç yüz) manat “B+Ş Audit Konsaltinq” MMC-nin ( "xxxx" MMC) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 Həbib oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.6 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin likvid dəyəri 160.000 (bir yüz altmış min) manat müəyyən edilsin. Cavabdeh1 Həbib oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 300 (üç yüz) manat "xxxx" MMCnin, 300 (üç yüz) manat “B+Ş Audit Konsaltinq” MMC-nin ("xxxx" MMC) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar