Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-276/2023 16.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi, mənəvi zərər, məhkəmə hökmü,əmlaka vurlmuş ziyan) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3399/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2309 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsindən 1610,7 m3 qumun daşınması nəticəsində dəymiş ziyanın ümumi dəyəri 32214 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27246 nömrəli, xx.xx.2017-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsinə dəymiş ziyanın aradan qaldırılması üçün (sərf olunan materialların fəhlə və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 15276 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə kompleks-bioloji və məhkəmə-əməəşünaslıq ekspertizalarının nəticələrinə dair 16656/16820 №li 06 sentyabr 2019-cu il tarixli ekspert rəyinin məzmunundan görünür ki, təbiətə dəymiş ziyanın məbləği 46080 manat, 88 ədəd ağacın orta bazar qiyməti ümumi dəyəri təxminən 10020 manat olduğu müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)-119/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Cavabdeh cəza təyin edilməməsi hökm edilmişdir, zərərçəkmiş şəxs qismində İddiaçı dəymiş ziyanın məbləği ümumilikdə məbləği 25296 manat olduğu qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(105)-11/2021 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)-119/2019 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(102)- 189/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(105)-11/2021 nömrəli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçın Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 62430 manat manat vurulmuş maddi zərərin, 2000 manat mənəvi zərərin və ödənilmiş 283 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən cavabdeh qanunsuz qazdırıb və talamaqla ümumilikdə 32214 manat məbləğində maddi zərər vurmuşdur. Bundan əlavə, cinayyət işinin materiallarına əlavə olunmuş mütəxxəsis rəyində göstərilmişdir ki, ona məxsus olan həmin bağda məhv edilmiş meyvə bağlarının bəhərindən əldə olunan gəlirin məbləği 7890 manat təşkil edir. Bağ massivində olan tikililərin talanması və məhv edilməsinə görə 12306 manat dəyən zərər məbləği müəyyən edilmişdir.Ağacların məhvinə görə 10020 manat zərər dəymişdir.Mənəvi zərərə görə 2000 manat tutulması ağlabatadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3399/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 25.296 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını və məhkəmə hökmünün preyudisiallığına əsasən iddia tələbi qismən təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 25.296 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçı ona mənəvi zərər dəyməsini nə iddia ərizəsində əsaslandırmamış, nə də məhkəmə iclasında bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi 2000 manat mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2, 181-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.2-ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini cavabdeh tərəfindən onun əmlakını qanunsuz qazdırıb və talamaqla ümumilikdə 32214 manat məbləğində maddi zərər vurulması, bağda məhv edilmiş meyvə bağlarının bəhərindən əldə olunan gəlirin məbləğinin 7890 manat təşkil etməsi, bağ massivində olan tikililərin, asmaların məhv edilməsinə və talanmasına görə ekspert tərəfindən dəyən zərərin məbləğinin 12306 manat müəyyən edilməsi, bağ massivində olan ağacların məhvinə görə ona 10020 zərər dəyməsi,həmin sübutlar nəzərə alınmadığından, iddiaçının əmlak mənafelərinin pozulmasına səbəb olması, ekspert rəyini sübut qismində nəzərə alınmamasının qətnamədə əsaslandırılmaması, istər iddia ərizəsində, istərsə də yekun çıxışında mənəvi zərərlə bağlı tələbin təmin olunmasını xahiş etməsi və zəruriliyini vurğulaması, çıxışında da bildirdiyi kimi iddiaçı öz əmlak mənafelərinə cavabdeh tərəfindən ziyan vurulduğuna görə 4 ildir ki, məhkəmə proseslərində iştirak etdiyi və proses boyunca əhəmiyyətli dərəcədə istər maddi, istərsə də mənəvi ziyana məruz qalmasına baxmayaraq, bu halların əsaslandırılmaması arqumentləri ilə əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı, onun vəkili (nümayəndəsi) və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarda qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə müvafiq məhkəmə hökmü əsasında cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği 25296 manat olduğu (15276 manat bağ sahəsinə dəymiş ziyanın aradan qaldıırlması ilə bağlı, 10020 manat isə ağacların kəsilməsi ilə bağlı dəymiş ziyan olmaqla) müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin əsası kimi isinad edilən maddi zərərin məbləğinin düzgün müəyyən edilməməsi, ekspert rəylərinin nəzərə alınmaması halının əsaslandırılmaması halı ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya (əmlakına) vurulmuş ziyanın məbləği müvafiq cinayəti işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddiaçının iddia tələbi də məhz cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Qeyd edilən hallar isə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin əsası kimi istinad olunan digər halla bağlı onu qeyd edir ki, iddiaçı tərəfin istinad etdiyi müvafiq ekspert rəyləri mülki iş üzrə təyin edilmiş ekspertizanın nəticələri ilə bağlı olmamış, məhz müvafiq cinayət işi üzrə məhkəmə prosesinə aid olmuş, habelə qeyd edilən sübut vasitəsi artıq qanuni qüvvəyə minmiş hökmü üzrə qiymətləndirilmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin mənəvi zərərin tutulmaması halının əsaslandırılmaması əsası ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəf ona mənəvi zərər vurulduğunu sadəcə ümumi sözlərlə ifadə etməklə, heç bir dəlilə istinad etməmiş, habelə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi iztirab, sarsıntı keçirməsi halının konkret olaraq nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da qeyd edilən halın da müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 142 manat məbləğində dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3399/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 142 (bir yüz qırx iki) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-276/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-276/2023
16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver