Məhkəmə qərarları › İş №2(105)-2769/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2769/2020

13.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2769/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3407/2020 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3407/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizəsi qismən təmin edilmiş,Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0481 ha torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə və başqaşəxslərə qadağan olunması, iddianı təmin tədbiri barədə ərizənin Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə və başqa şəxslərə qadağan olunması hissəsinin rədd edilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun mülkiyyətində olan 0,0481 ha torpaq sahəsində qanunsuz inşa olunmuş evin və digər tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0481 ha torpaq sahəsi və ona bitişik Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırılaraq, Cavabdeh tərəfindən mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki 0,0481 ha torpaq sahəsində qanunsuz inşa olunmuş evin və digər tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması xahiş olunmuşdur. İddia ərizəsindən və iddiaya əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh heç bir məsafə saxlamadan, tikinti norma və qaydalarını kobudcasına pozaraq, hasar belə çəkmədən, yanğın və sair təhlükəsizlik qaydalarına riayət etmədən özbaşına olaraq 2 mərtəbəli ev inşa edir və bunlar azmış kimi onun mülkiyyətində olan sahəyə tərəf bütün qapı və pəncərələrini açmışdır. Hazırda da cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına zidd olaraq yaşama və yanaşma normativlərinin şərtlərinə əməl olunmadan tikinti işləri görülür. İddianın təmin edilməsi tədbiri kimi işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0481 ha torpaq sahəsi və ona bitişik Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılması cavabdehə və başqa şəxslərə qadağan olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ərizənin qalan hissədə “Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparlmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsinın təmin edilməməsi” hissəsində dəyişdirilməli və həmin hissədə də iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməlidir. İddianı təmin tədbiri barədə ərizənin qismən təmin edilməsi o deməkdir ki, ərizəni qismən təmin etməklə məhkəmə əslində cavabdehə öz ərazisində qanunsuz işlərin davam etdirməsinə rəvac vermişdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, cavabdeh öz qanunsuz işlərini əsasən özünə məxsus sahədə, bir hissəsini isə onun sahəsində aparır və iddianı təmin tədbirinin qismən təmin olunmasının heç bir effekti yoxdur. Belə ki, iddiada təmin edilməli olan tədbirlər demək olar ki, həyata keçirilməyəcək və bu da gələcəkdə xoşagəlməz və qarşısıalınmaz hadisələrin baş verməsi ilə nəticələnə bilər. Cavabdeh torpaq sahəsində qeyriqanuni şəkildə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikint Məcəlləsinin normalarının tələblərini pozaraq ara məsafəsi qoymadan, hasar çəkmədən, yanğın və sair təhlükəsizlik qaydalarına riayət etmədən, eləcə də onun mülkiyyətində olan sahəsinə tərəf bütün qapı və pəncərələrini açmaqla 2 mərtəbəli fərdi yaşayış evinin tez bir zamanda inşa edilməsi üçün əraziyə çox sayda işçiləri cəlb etmişdir. Gələcəkdə həmin tikilinin sökülməsinə sərf olunacaq vaxta və vəsaitə qənaət etmək baxımından, iddianı təmin tədbiri barədə ərizənin Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi hissəsinin də təmin olunmasına zərurət vardır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ərizənin qalan hissəsində, yəni Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsinin təmin edilməməsi hissəsində dəyişdirilib, həmin hissədə ərizənin təmin olunması barədə qərardad çıxarılması xahiş olunmuşdur. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadınıniddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməyən hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi Cavabdeh tərəfindən onun mülkiyyətində olan 0,0481 ha torpaq sahəsində qanunsuz inşa olunmuş evin və digər tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədədir. İddiaçı iddianı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0481 ha torpaq sahəsi və ona bitişik Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni qismən təmin edərkən iddianı təmin tədbiri barədə ərizədə Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının qadağan edilməsi hissəsinin əsaslandırılmamasına, həmçinin yalnız iddiaçının deyil, işdə iştirak edib-etməməsindən asılı olmayaraq digər şəxslərin də qanunla qorunan mənafelərinin nəzərə alınmalı olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək tədbirinə dair ərizənin qismən təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, İddiaçı iddianı təmin tədbiri barədə ərizədə Cavabdeh məxsus torpaq sahəsində hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının qadağan edilməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3407/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar