Məhkəmə qərarları › İş №2(105)-2775/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2775/2020

27.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2775/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı İbrahimova( Həsənova) Könül Azər qızının, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-316/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-316/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olan və ünvan 1 ünvanında olan qızıl-zinət əşyaları – qızıl dəsti 500 manat dəyərində, 1 cüt qızıl sırğa 200 manat dəyərində, 1 ədəd qızıl üzük 350 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 280 manat dəyərində, cehiz əşyaları - 1 ədəd yataq mebeli, 1 ədəd 82 diaqonal ekran “Samsung” markalı televizor, 1 ədəd TV-stend televizor altlığı, 1 dəst stol və stul, 1 ədəd beşik, 1 ədəd qonaq otağı üçün pərdə, 1 ədəd yataq otağı üçün pərdə, 2 ədəd gecə lampası, 3 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd paltar ütüləyən stol, 1 ədəd sini dəsti, 2 ədəd çaydan dəsti, 1 dəst nahar servisi, 3 ədəd qazan dəsti (“Tefal” markalı, adi və şirəli), 2 ədəd fincan dəsti, 2 dəst büllur stəkan, 1 ədəd çemodan (qaşıq, çəngəl), 1 ədəd qaşıq, çəngəl dəsti, dəsmallar, asılqanlar, 2 ədəd örtük, ayıcıqlar-oyuncaqlar, 1 dəst yorğan-döşək, özəl əşyalar, paltarlar (uşaq və ana), şəkil qabları, ədyallar, uşaq əşyaları və uşaq vedrələri, 1 ədəd ütü, 1 ədəd şirə çəkən, 1 ədəd ət çəkən, 1 ədəd mikser, 1 ədəd tozsoran, bıçaq dəsti, 1 ədəd blender, meyvə qabı, vaz və güldan dəsti, qaşlı stəkan dəsti, çərəz qabı, mərtəbəli çərəz qabı, qənd qabı, süfrələr, yataq dəstlərinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. (hakim H.Əhmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-316/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilmiş hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda işin baxılması həmin məhkəmənin icraatındadır. Onun cehiz əşyaları ünvan 1-da yerləşir. Hazırda əmlaklarının dağılmasından, satılmasından narahat olduğu üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh ona məxsus qızılların - qızıl dəsti 500 manat, 1 cüt qızıl sırğa 200 manat, 1 ədəd qızıl üzük 350 manat, 1 ədəd qızıl boyunbağı 280 manat olmaqla, ümumilikdə 1330 manat, yataq mebeli 1800 manat, televizor 82 diaqonal ekran “Samsung” markalı 600 manat, TV-stend televizor altlığı 200 manat, stol və stullar 500 manat, beşik 1 ədəd 250 manat, pərdə qonaq otağı üçün 350 manat, pərdə yataq otağı üçün 250 manat, gecə lampası 2 ədəd 150 manat, çilçıraq 3 ədəd 400 manat, xalça 3 ədəd 300+200+170 manat, cəmi 670 manat, paltar ütüləyən stol 200 manat, sini dəsti 80 manat, çaydan 4 dəst 200 manat, nahar servizi 2 dəst, 2 dəst çay servizi 450 manat, qazan dəsti 3 dəst (Tefal markalı, adi və şirəli) 550 manat, fincan dəsti 4 dəst 200 manat, stəkan 3 dəst büllur 300 manat, çemodan (qaşıq, çəngəl) 100 manat, gündəlik qaşıq, çəngəl 100 manat, dəsmallar-sini 400 manat, asılqanlar 50 manat, örtük 4 ədəd 350 manat, ayıcıqlar-oyuncaqlar 200 manat, yorğan-döşək 500 manat, özəl əşyalar, paltarlar (uşaq və ana)-1000 manat, 1 ədəd mələk suveniri 50 manat, hamamda yer silən 45 manat, şəkil qabları 100 manat, ədyallar 280 manat, uşaq əşyaları və uşaq vedrələri 200 manat, piano 400 manat, ütü Tefal markalı 100 manat, Tefal dəsti 250 manat, şirə çəkən 150 manat, ət çəkən 200 manat, mikser 55 manat, tozsoran (Bocsh firması) 500 manat, bıçaq dəsti 100 manat, çaşka dəstləri 170 manat, armudu stəkan 6 dəst (büllur) 100 manat, blender 60 manat, blender 270 manat, kokteyl üçün 200 manat, meyvə qabı 400 manat, vaza və güldan dəsti 150 manat, qaşlı stəkan dəsti 150 manat, çərəz qabı 50 manat, mərtəbəli çərəz qabı 100 manat, qənd qabı 200 manat, mürəbbə qabı 6 ədəd 60 manat, süfrələr 300 manat, yataq dəstləri 450 manat - əmlakların, həmin əmlaklar naturada olmadığı halda onların ümumi dəyəri olan 16.570 manat pul və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumu alınmalı və ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qızıl-zinət əşyalarından 1 cüt sırğa və 1 ədəd qızıl boyunbağını iddiaçı gedərkən özü ilə aparmışdır. 1 ədəd qızıl üzük və qızıl dəsi isə ona 2019-cu ilin avqust ayında təqdim edilmişdir. Bu hallar məhkəmə iclasında qeyd edilsə də, nəzərə alınmamışdır. Məhkəmə cehiz əmlak hissəsində iddianı təmin edərkən icra məmurlarının aktına istinad etmiş, aktda göstərilməyən cehiz əmlak barədə tələbi təmin etməmiş, bu xüsusda sübutetmə yükünün iddiaçının üzərinə düşdüyünü bildirmişdir. İcra məmurlarının aktında qızıl-zinət əşyalarından heç biri qeyd edilməmişdir, buna baxmayaraq məhkəmə qızıl-zinət əşyaları hissəsində sübut etmə yükünün iddiaçının deyil, onun üzərində olduğunu göstərmiş, bununla da ziddiyyətli mövqe sərgiləmişdir. Bundan başqa, qızıl-zinət əşyalarının dəyərinə münasibətdə hər hansı əlavə araşdırma aparmamış, buna dair hər hansı mütəxssis rəyi alınmamışdır. Bu hallara kifayət qədər araşdırılmadığından qətnamə ləğv olunmalı, iddia ərizəsinin təmin edilmiş hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxış iclası zamanı Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Nümayəndə əlavə etdi ki, qızıllardan 3-ünü iddiaçıya təhvil veriblər. Digər 3-ünü isə 750 manata sataraq iddiaçını müalicə etdirmişlər. Sırğa, boyunbağı və üzük girov kimi lombarda qoyulmuşdur. 2 üzük və bilərzik isə iddiaçının anasına təhvil verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İbrahimova( Həsənova) Könül Azər qızı şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, tələb etdiyi bütün qızıllar vaxtilə girov kimi lombarda qoyulmuşdur və sonradan borc ödənilərək girovdan çıxarılmışdır. Nikah zamanı qızılları qayınanasına verirdi, çünki keçmiş əri evdən oğurluq etmişdir. Ər evindən isə keçmiş əri tərəfindən çıxarılmışdı, çünki ərinin öz valideynləri ilə mübahisəsi vardı və onun buna şahidlik etməsini istəmirdi. Nikah zamanı və hazırda o, heç bir xəstəlikdən müalicə olunmayıb, çünki sağlamdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİ 129085 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İbrahimova (Həsənova) Könül Azər qızı xx xxxxxx 2016-cı il tarixdə nikahlarını bağlamışlar. Yenə işdə olan AZ-İV 220624 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yenə də işdə olan “xxxx” MMC tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş GJN 210640 nömrəli girov biletindən görünür ki, Cavabdeh 4,18 qram çəkidə 1 ədəd üzüyü, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon, 1 ədəd sep (sirkon qaşlı) olmaqla, 19,55 qram çəkidə qızıl-zinət əşyalarını girov qoyaraq 700 manat pul götürmüş, sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə ödəniş etmişdir. İşə əlavə edilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Hilal Nəcəfov və Orxan Məmmədov, borclu Cavabdeh, atası X2, anası X4, tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X12, hal şahidləri X8 və X3 iştirakları ilə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında aşağıdakı əmlaklar siyahıya alınmışdır: 1 ədəd yataq mebeli, 1 ədəd 82 diaqonal ekran “Samsung” markalı televizor, 1 ədəd TV-stend televizor altlığı, 1 dəst stol və stul, 1 ədəd beşik, 1 ədəd qonaq otağı üçün pərdə, 1 ədəd yataq otağı üçün pərdə, 2 ədəd gecə lampası, 3 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd paltar ütüləyən stol, 1 ədəd sini dəsti, 2 ədəd çaydan dəsti, 1 dəst nahar servizi, 3 ədəd qazan dəsti (Tefal markalı, adi və şirəli), 2 ədəd fincan dəsti, 2 dəst büllur stəkan, 1 ədəd çemodan (qaşıq, çəngəl), 1 ədəd qaşıq, çəngəl dəsti-gündəlik, dəsmallar, asılqanlar, 2 ədəd örtük, ayıcıqlar-oyuncaqlar, 1 dəst yorğan-döşək, özəl əşyalar, paltarlar (uşaq və ana), şəkil qabları, ədyallar, uşaq əşyaları və uşaq vedrələri, 1 ədəd ütü, 1 ədəd şirə çəkən , 1 ədəd ət çəkən, 1 ədəd mikser, 1 ədəd tozsoran, bıçaq dəsti, 1 ədəd blender, meyvə qabı, vaza və güldan dəsti, qaşlı stəkan dəsti, çərəz qabı, mərtəbəli çərəz qabı, qənd qabı, süfrələr, yataq dəstləri. Siyahıya alınmış həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Adları şəkilən əmlaklar ünvanda aşkar olunmamışdır: qızıl dəsti, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl sep, 1 ədəd xalça, 2 ədəd çaydan dəsti, 1 ədəd nahar servizi, 2 çay dəsti, piano, 2 ədəd fincan dəsti, 1 dəst büllur stəkan, 2 ədəd örtük, 1 ədəd mələk suveniri, 1 ədəd hamam silən, Tefal dəsti, armudu stəkanı 6 ədəd, blender-kokteyl üçün, 6 ədəd mürəbbə qabı, fincan dəstləri. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X5 göstərdi ki, iddiaçının anasıdır. Tələb edilən qızıllar cavabdeh tərəfdədir və ona indiyədək heç bir əmlak təhvil verilməmişdir. Qızı evlərinə qayıdanda üzərində heç nə olmamışdır. Qızılların hamısını keçmiş kürəkəni lombarda qoymuş, pul götürmüş, sonra borcunu ödəmiş və əmlakları girovdan çıxarmışdır. Hazırda isə qızılları vermirlər. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-316/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2018-ci ildə Camal adlı uşaqları vardır. Onların xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçı qeyd edir ki, gəlin köçəndən sonra tələb etdiyi cehiz əmlakları Abşeron rayonu, Masazır kəndi, M.Maqomayev küçəsi, 31 A saylı evə aparmışdır. Ona hədiyyə edilən qızıl-zinət əşyaları da həmin evdə olmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Eyni məzmunlu müddəanı nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İsinad olunan maddənin dispozisiyasından göründüyü kimi tələb olunan əmlak tələbkarın mülkiyyətində, özgənin isə qanunsuz sahibliyində olmalıdır. İş materialları ilə, habelə cavabdeh tərəfin də imzaladığı Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli aktıyla tamamilə təsdiq olunur ki, qət edilən cehiz (məişət) əmlakları cavabdehdədir və bu əmlaklar iddiaçının mülkiyyəti olduğu üçün onun özünə qaytarılmalıdır. Tələb edilən qızıl-zinət əşyalarının isə mövcudluğunu və məhz cavabdehin sərəncamında olmasını iş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş GJN 210640 nömrəli girov bileti təsdiq edir. Cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında qızıl-zinət əşyalarının mövcudluğunu inkar etmədi, lakin olardan üçünün iddiaçının anasına təqdim edildiyini, üçünün isə satılaraq iddiaçının müalicəsinə xərcləndiyini bildirdi, lakin buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədi. Hazırki halda tələb edilən qızıl-zinət əşyalarının hədiyyə şəklində verildiyindən iddiaçının mülkiyyətində olması və həmin əşyaların cavbdehdə olması iş materialları ilə sübut olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf cehiz əmlakın və qızıl-ziynət əşyalarının cavabdehdə qalmasını təsdiq edən sübutları təqdim edə bilmişdir və belə olan halda, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin bu cür həll olunması işin faktiki hallarına uyğun gəlir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilmiş, əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmamışdır. Buna görə də iddiasını sübut edə bilən iddiaçının tələbini qismən təmin edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər formal əsaslara söykənir. Qeyd edildiyi kimi, cehiz əmlakların mövcudluğu və cavabdeh tərəfdə qalması icra məmurlarının aktı ilə, qızıl-zinət əşyaları isə girov bileti ilə təsdiq olunur. Qızıl-zinət əşyalarının qiymətlərinin şişirdilməsinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də əsassızdır. Belə ki, qət edilən zinət əşyalarının ümumi qiyməti 1330 manat təşkil edir. Həmin əşyalar isə 2018-ci ilin sentyabr ayında girov kimi lombarda qoyulmuş, dəyəri 700 manat qiymətləndirilmişdir. Girov qoyulmuş qızıl əşyalarının lombard tərəfindən dəyərindən iki qat aşağı salınması isə ağlabatan haldır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Cavabdeh isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 316/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar