Məhkəmə qərarları › İş №2(105)-2788/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2788/2020

18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2788/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Ərizəçi1 nümayəndəsi X2, maraqlı şəxs DƏDRX-nin 2 saylı X6 nümayəndəsi X1 iştirak ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-11169/2018 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi F.Atakişiyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-11169/2018 saylı qətnaməsi ilə (hakim Z.H.Hüseynov) Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası DƏDRXnin 2 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilib, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində faktiki istifadədə olan 126 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinə dair Ərizəçi1 mülkiyyət hüququnun yaranması faktı müəyn edilmiş və hüququnun dövlət qeydiyyatının aparılması Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı X7 həvalə edilməsi qət edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin rəisi C.Kərimov apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-11169/2018 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, uzun illərdir Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində 400 kv.metr torpaq sahəsindən istifadə edir və həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 2013-cü ildə Sumqayıt bələdiyyəsinə müraciət etmiş və bu müraciət müsbət qarşılanaraq obyektin lahiyələndirilməsinə icazə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin sənədləşdirilməsinin həyata keçirilməsi üçün müvafiq rəyin alınması məqsədilə Sumqayıt bələdiyyəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə xx xxxx 2013-cü il tarixli, 2387 saylı məktubla müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən mövqe planı və obyektin eskiz layihəsi hazırlanmış, Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən müvafiq qaydada təsdiqlənmişdir. Torpaq sahəsində qeyd edilən sənədlər əsasında öz vəsaiti hesabına obyektinin layihəyə uyğun tikinti-quraşdırılmasını həyata keçirərək ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış obyektini inşa edərək bu günədək ondan istifadə edir, ona dair istifadə və sahiblik hüququnu həyata keçirir. Həmin torpaq ahəsi və torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə dair hüquqlarını Dövlət qeydiyyatından keçirmək istəyərkən çətinliklə qarşılaşmışdır. Belə ki, 2007-ci ilin dekabrın 1-dən qüvvəyə minmiş və hazırda qüvvədə olan qanun normalarına əsasən istifadəsində olan 126 kv.metr torpaq sahəsini hərrac, yaxud müsabiqə yolu ilə Sumayıt bələdiyyəsindən əldə etməlidir. Eyni zamanda torpaqda tikili olduğunu bəhanə gətirərək və torpaq üzərində artıq tikili inşa edildiyindən həmin torpağın hərraca, yaxud müsabiqəyə çıxarılması mümkün olmadığı bildirilmişdir. Ona görə də, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində faktiki istifadəsində olan 126 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ faktının müəyyən edilməsinə və hüququn dövlət qeydiyyatının aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Maraqlı şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin rəisi C.Kərimov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.4-cü maddələrinin və Azərbaycan Respublikası MPMnin 14.1, 81, 88, 150.0.7, 152.1.6, 259.0.1 və 261.0.9-cu maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, sözügedən qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi və hüququn dövlət qeydiyyatının aparılması barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında DƏDRX-nin 2 saylı X6 nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi1 nümayəndəsi X2 apelyasiya şikayətin etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Sumqayıt bələdiyyəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, Ərizəçi1 istifadəsində olan torpaq sahəsinin ona ayrılması barədə müraciət etmişdir. Sumqayıt bələdiyyəsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə ünvanladığı xx xxxx 2013-cü il tarixli, 2387 saylı məktubunun surətindən müəyyən olur ki, Ərizəçi1 müraciəti əsasında sənədləşdirilmə işlərinin aparılması üçün Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində faktiki istifadədə olan torpaq sahəsinin icarəyə verilməsinə müvafiq rəyin verilməsi xahiş olunur. İşə əlavə olunmuş təhkim aktının surətindən müəyyən olundu ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Ərizəçi1 ayrılması nəzərdə tutulan ərazinin mövqe planı təsdiqlənmişdir. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq olunmuş eskiz lahiyəyə əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Ərizəçi1 faktiki istifadəsində olan 126 kv.metr torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə etiraz edilməmiş və həmin bina inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsində islahat zamanı əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqların siyahısı müəyyən edilmişdir. Bunlar vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlardır. Qeyri-yaşayış binaların yerləşdiyi torpaq sahələrinin və üzərində yerləşən qeyriyaşayış binalarının əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-ci maddəsinnə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mübahisə predmeti maraqlı şəxsin mübahisələndirdiyi torpaq sahəsi və üzərində olan tikilidir. Hazırkı işə xüsusi icraat qaydasında baxılmışdır. Subyektiv hüquq haqqında mübahisəyə yalnız iddia icraatının qaydaları çərçivəsində baxılması mümkündür. Hazırda maraqlı şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hüququn tətbiq edilməsində səhvə yol verildiyini mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmış və ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxslərə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 357, 362, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Maraqlı şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin rəisi C.Kərimovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-11169/2018 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar