Məhkəmə qərarları › İş №2(105)-2827/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2827/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2827/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının geri qaytarılması və bu mümkün olmadıqda isə pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının geri qaytarılması və bu mümkün olmadıqda isə pulun ödənilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 825 manat, 14 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 770 manat, 3 qramlıq sep arası qızıl kulon (uşaq üçün)- 2 ədəd - 160 manat, 8 qramlıq qızıl bilərzik (uşaq üçün)- 2 ədəd - 880 manat, 6 qramlıq qızıl qolbaq (uşaq üçün)- 2 ədəd - 660 manat, 3 qramlıq qızıl üzük (uşaq üçün)-2 ədəd - 300 manat, 20 qramlıq qızıl saat kişi üçün (mayak time firması)-1 ədəd - 850 manat, 35 qramlıq qızıl saatın sepi (Rusiya istehsalı)- 1 ədəd - 1900 manat,15 qramlıq qızıl kişi üzüyü brilliant qaşlı - 1 ədəd - 950 manat, 7 qramlıq qızıl kişi üzüyü sadə qaşla - 1 ədəd - 360 manat, 50 qramlıq qızıl sırğa-üzükbilərzik dəsti (Tükiyə istehsalı)-1 ədəd-2500 manat, 25 qramlıq qadın bilərziyi-1 ədəd-1400 manat, 5-7 qramlıq qadın üzüyü-3 ədəd990 manat, 30 qramlıq qadın sepi (paxlava)- 1 ədəd-500 manat məbləğində qızıl zinət əşyalarının, bu mümkün olmadıqda isə həmin əşyaların əvəzinə qızı-zinət əşyalarının hazırki bazar qiyməti dəyərində 11645 manat məbləğində kompensasiya məbləğinin Cavabdeh1 və Hisense 17 ekran televizor-1500 manat, Vestel kondisoneri 45 kv-650 manat, 2 ədəd qədimi xalça800 manat, yorğan döşək dəstləri, lüstür-200 manat, bahalı qab dəstləri, stolüstü qaz pilitəsi-150 manat, ədyal dəsti - 2 ədəd-300 manat, qədimi antik samavar (1925 -ci ilə aiddir), tok samovar və sair əşyaların Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.1991-ci il təvəllüdlü X2 ilə övladı X3 evli olmuş, lakin ailədaxili problemlərinə görə rəsmi olaraq boşanmışlar. Rəsmi nikahdan iki övladları dünyaya gəlmişdir. Hazırkı iddia ərizəsində cavabdeh qismində cəlb edilmiş X2 oğlu Abdulla ilə evli olduqları dövrdə həm Asudə üçün və həm də nəvələri üçün müəyyən miqdarda qızıl-zinət əşyaları alıb vermişdir. Sonradan ona məlum olmuşdur ki, ailənin dağılmasına səbəb olan qeyri-rəsmi yaşadığı Elnur adlı şəxsin təsiri altında cavabdeh A.İ.Məmmədova ona və nəvələrinə alıb verdiyi həmin qızıl-zinət əşyalarını sataraq yerinə sadə bijuteriya malları qoymuşlar. Bu barədə əlində yetərincə sübut və dəllilər mövcuddur. Həmin əşyalara 15 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 825 manat, 14 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 770 manat, 3 qramlıq sep arası qızıl kulon (uşaq üçün)- 2 ədəd - 160 manat, 8 qramlıq qızıl bilərzik (uşaq üçün)- 2 ədəd - 880 manat, 6 qramlıq qızıl qolbaq (uşaq üçün)- 2 ədəd 660 manat, 3 qramlıq qızıl üzük (uşaq üçün)-2 ədəd - 300 manat, 20 qramlıq qızıl saat kişi üçün (mayak time firması)-1 ədəd - 850 manat, 35 qramlıq qızıl saatın sepi (Rusiya istehsalı)- 1 ədəd 1900 manat,15 qramlıq qızıl kişi üzüyü brilliant qaşlı - 1 ədəd - 950 manat, 7 qramlıq qızıl kişi üzüyü sadə qaşla - 1 ədəd - 360 manat, 50 qramlıq qızıl sırğa-üzük-bilərzik dəsti (Tükiyə istehsalı)1 ədəd-2500 manat, 25 qramlıq qadın bilərziyi-1 ədəd-1400 manat, 5-7 qramlıq qadın üzüyü-3 ədəd-990 manat, 30 qramlıq qadın sepi (paxlava)- 1 ədəd-500 manat məbləğində qızıl zinət əşyaları daxildir. Hisense 17 ekran televizor-1500 manat, Vestel kondisoneri 45 kv-650 manat, 2 ədəd qədimi xalça-800 manat, yorğan döşək dəstləri, lüstür-200 manat, bahalı qab dəstləri, stolüstü qaz plitəsi-150 manat, ədyal dəsti -2 ədəd-300 manat, qədimi antik samavar (1925 -ci ilə aiddir), tok samovar və sair əşyaların Cavabdeh2 alınaraq ona verilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil gətirmədən bildirmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(012)-1171/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinə uyğun yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə apellyasiya şikayətinə etiraz göndərərək, apellyasiya şikayətinin dəlillərini qəbul etmədiklərini, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını və işə onların iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisə edilən əmlakın cavabdehə verilməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə prosesi zamanı cavabdehlərinin izahatlarından müəyyən edilmişdir ki, Cavabdeh2 cavabdeh qismində cəlb edilməyi üçün əsas olmadığı halda cavabdeh qismində cəlb edilmişdir, belə ki, onun ümumiyyətlə iddia ərizəsində qeyd edilən əşyalar barədə heç məlumatı belə yoxdur, həmin əşyaları görməmiş və onun yaşadığı fərdi yaşayış evinə gətirilməmişdir. Həmçinin digər Cavabdeh1 onun atasın məxsus evin həyətində yerləşən otaqda kirayənişin kimi yaşamış və həmin əşyaların bu otağa gətirilməsini görməmiş və evdən çıxarkən özü ilə heç bir əşya gətirməmişdir. İddiaçı və oğlu onun barəsində müxtəlif orqanlara həqiqətə uyğun olmayan ərizələr yazılmış, ona böhtan atılmış və təbii ki, göstərdikləri xüsusatların heç biri öz təsdiqini tapmamışdır. İddiaçı da həmin əşyaların onun yaşadığı evdə olması və onda olması barədə heç bir sübut əlavə etməmişdir. Qeyd olunmalıdır ki, əşya tələbi irəli sürülərkən ilk növbədə həmin əşyaların mövcudluğu, iddiaçıya məxsus olması və cavabdehin sahibliyində olması sübuta yetirilməlidir . Ümumiyyətlə qeyd edilən əmlakların ona heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, əşyaların qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Bu kimi mübahisələrdə “əşyanın saxlandığı yer” sübut əhəmiyyətinə malik olur. Hər bir əşyanın saxlanıldığı yer olur. Əgər əşyanın saxlanıldığı yerdən aparıldığı barədə sübut təqdim edilməsə, bunun əksi-əşyanın saxlanıldığı yerdə qaldığı sübut olunmuş sayılır. Çünki adından da göründüyü kimi əşya həmin yerdə saxlanılır, əşyanın öz yerində olduğu sübut edilməli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Məhkəmə kollegiyası iddia ərizəsində göstərilən qızıl-zinət və digər əşyların əşyalarının mövcudluğu, həmin əşyaların cavabdehlərdə olması,həmçinin qızıl-zinət əşyaların geri qaytarılması ilə bağlı subyektiv hüququn olması ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı və onun nümayəndəsi bununla bağlı izahatlarından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişlər. İddiaçı və onun nümayəndəsinin izahatı yalnız formal mülahizələrə əsaslandığından məhkəmə həmin izahatlara tənqidi yanaşaraq iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddiaçının izahatında göstərdiyi məlumatları MPM-nin 76-cı maddənin tələbləri baxımından qiymətləndirərək sübut növü kimi qəbul edir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 24 may 2021-ci il tarixli 2(012)-1171/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar