Məhkəmə qərarları › İş №2(105)-2851/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2851/2021

27.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2851/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi X4, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(012)-842/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(012)-842/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi, əmlakın qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(012)-842/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh bağışlanması barədə 05 avqust 2020-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin evin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh bağışlamışdır. Həmin müqavilə imzalanarkən qızının adından onun anası Qanuni nümayəndə iştirak etmişdir. Əmlak bağışlanıldıqdan sonra Qanuni nümayəndə ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Bundan başqa, onun bağışladığı evi başqa bir şəxsə satmaq istəyir və həmin şəxsdən beh almışdır. Ona görə də həmin evin bağışlanmasından imtina etmək istəyir, çünki mövcud hal Qanuni nümayəndə əsassız varlanmasına gətirib çıxarır. Həmin əmlakdan qızının istənilən zaman faydalanmaq hüququ vardır və gələcəkdə də vərəsəlik qaydasında qızına məxsus olacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 16 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinin, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 337.2, 337.3, 337.4, 340.1, 666.1, 670.3, 668.1.5, 673.1, 673.2, 673.2.2, 673.2.3-cü maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 89.1, 89.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Beiə ki, , Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Qanuni nümayəndə ilə aralarında olan nikah ləğv edilmiş və qızı Cavabdeh bağışladığı fərdi yaşayış evini digər şəxsə satmaq istəyir. Həmin şəxsdən beh almışdır. Keçmiş həyat yoldaşı ilə aralarında olan razılaşmaya əsasən qızı Cavabdeh fərdi yaşayış evini bağışladıqdan sonra o, yetkinlik yaşına çatanadək mənzilin heç bir şəxsə satılmayacaq və nikah pozulmadan 1-ci qrup əlil kimi qulluğunda duracaqdır. Lakin Qanuni nümayəndə onu aldatmış və hazırda başqa bir şəxslə ailə həyatı quraraq azyaşlı qızını da özü ilə aparmışdır.Məhkəmə həmin halları qeyd etsə də heç bir hüquqi qiymət verilməmişdir.Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili X5 apellyaisya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və Qanuni nümayəndə nikahlarını 05.05.2008-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbə icra nümayəndəliyində qeyd etdirməklə evlənmişlər və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Zəhra adlı uşaqları doğulmuşdur. İş materiallarında olan 896458 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh atası İddiaçı, anası Qanuni nümayəndədır. 05 avqust 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, hədiyyə verən Əliyev X3 rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsi, dalan 2, ev 16 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. Həmin müqaviləni hədiyyə verən İddiaçı və hədiyyə alan Cavabdeh adından anası Qanuni nümayəndə imzalamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 12.08.2020-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(012)-3287/2020 saylı qətnaməsi ilə iddiaçı Qanuni nümayəndə cavabdeh İddiaçı Bbaxan oğluna qarşı nikahın ləğvi, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia tələbi təmin edilmiş, tərəflər arasında 05 may 2008-ci il tarixli nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından anadan olan Zəhra adlı qızları anasının himayəsində saxlanmış, həmin uşağın saxlanması üçün hər ay 130 manat alimentə görə pulun 12.08.2020-ci il tarixdən başlayaraq cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən göründüyü kimi iddiçı nikahın ləğvinə dair iddia tələbi ilə məhkəməyə 12.08. 2020-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 05 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qızı- Cavabdeh bağışlamış və bundan sonra 12.08.2020-ci il tarixdə Qanuni nümayəndə iddiaçıya qarşı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MM-nin 666.1.maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 666.3-cü maddəsinə görə mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Həmin Məcəllənin 673.1 – 673.1.3-cü maddələrinə görə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.2-673.2.3-cü maddələrinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni əsası kimi göstərmişdir ki, iş materiallarında olan bağışlama müqaviləsinin məzmunundan göründüyü ki, müqavilə hər hansı şərtlə məhdudlaşdırılmamışdır. İddiaçı mülkiyyətində olan evi keçmiş arvadı Qanuni nümayəndə deyil, öz qızı Cavabdeh bağışlamışdır. Qanuni nümayəndə iddiaçıya qarşı nikahın ləğvinə dair iddia qaldırması, onun bağışlama müqaviləsindən imtina etməsi üçün əsas ola bilməz. Bundan başqa, iş materiallarından göründüyü kimi, iddiaçı hal-hazırda bağışlanan evdə qeydiyyatda olmaqla orada yaşayır və iddiaçının həmin evdən istifadə hüququ mövcuddur. Həmçinin, işin araşdırılan halları ilə mübahisəli evin satılması məqsədilə cavabdeh tərəfin kimdənsə beh alması öz təsdiqini tapmamış və iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(012)-842/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar