Məhkəmə qərarları › İş №2(105)-2859/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2859/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2859/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızının iştirakı ilə Quba Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(027)-770/2021 saylı qətnaməsindən cavabdeh T.E.Babayeva (Həmidova) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(027)-770/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızına qarşı pul tələbinə dair iddia qismən təmin edilib, cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızından 20.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh T.E.Babayeva (Həmidova) apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(027)-770/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızından aralarında bağlanmış 03.12.2013-cü il tarixli “Nikahın ləğvinə dair müqavilə”yə əsasən 20.000 ABŞ dolları məbləğində pulun, 5.000 manat mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızı onun keçmiş həyat yoldaşıdır. Onların arasında bağlanmış nikah ləğv edilmiş və aralarında olan mübahisələrə son qoyulması məqsədi ilə 03.12.2013-cü il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən – cavabdeh ondan 3.000 ABŞ dollar məbləğində pul aldığını etiraf etmişdir. Bunun qarşılığında cavabdeh ona məxsus Quba rayonu, Hacıhəsənli kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində tikilmiş yarımtikili evə və orada yerləşən əmlaka dair, alimentlə bağlı heç bir iddia qaldırmayacağı barədə öhdəlik götürmüşdür. Həmin öhdəliyi pozduğu təqdirdə onun cavabdehdən 20.000 ABŞ dolları məbləğində pul tələb etmək hüququnun olduğu bildirilmiş və müqaviləni imzalamışdır. Lakin, cavabdeh öhdəliyi pozaraq məhkəmədə ona qarşı alimentin miqdarının artırılması barədə iddia qaldırmış və həmin işə iştirakı olmadan baxılaraq qətnamə qəbul edilmişdir. O, belə bir qətnamənin qəbul edilməsindən sonradan xəbər tutmuş və cavabdehin bu hərəkətini öhdəliyin pozulması kimi qəbul edir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü 20.000 ABŞ dolları məbləğində pulun ona ödənilməsi öhdəliyinə cəlb olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh T.E.Babayeva (Həmidova) verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 19 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 385.1, 324.1-324.2, 327, 390.1, 390.1, 442-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-324.2, 327, 385.1, 390.1, 442, 443.1, 443.5-ci maddələrinə istinad edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış 03.12.2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh 3.000 ABŞ dolları müqabilində iddiaçıya qarşı heç bir şikayət və tələbinin, iddia tələbinin olmayacağı barədə müqavilə üzrə öhdəlik götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq alimentin miqdarının artırılması barədə Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(027)-498/2020 saylı qətnaməsi ilə 14.05.2008-ci il təvəllüdlü X3 və 23.07.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 2(027)-1057/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən cavabdeh İddiaçı hər uşağa görə hər ay 120 manat olmaqla, iki uşağa görə hər ay cəmi 240 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bununla da, cavabdeh müqavilənin tələblərini pozaraq iddiaçıya qarşı məhkəmə qarşısında iddia tələbi irəli sürmüş və bu səbəbdən də iddiaçı müqavilədə nəzərdə tutulmuş 20.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən- “cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızından 20.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi” hissəsində təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materilları ilə müəyyən olur ki, Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(027)-498/2020 saylı qətnaməsi ilə 14.05.2008-ci il təvəllüdlü X3 və 23.07.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 2(027)1057/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılıb, qeyd edilən qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən cavabdeh İddiaçı hər uşağa görə hər ay 120 manat olmaqla, iki uşağa görə hər ay ümumilikdə 240 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materialına əlavə edilmiş 03 dekabr 2013-cü il tarixli “Nikahın ləğvinə dair müqavilə”nin surətindən görünür ki, Babayeva (Həmidova) Təranə Eynulla qızı etiraf edir ki, İddiaçı 3.000 ABŞ dolları məbləğində pul almışdır. Həmin məbləğin qarşılığında İddiaçı məxsus Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində tikilmiş yarımtikili evə və orada yerləşən ona (birgə nikah dövründə qazandıqları avadanlıqlar olmaqla) məxsus cehiz əşyalarına qarşı, alimentin artırılması barədə və.s məhkəmə qarşısında heç bir iddia tələbi olmayacaqdır. Bundan əlavə uşaqlarla atası İddiaçı görüşünə heç bir zaman etiraz etmiyəcək. Pulu təhvil alan – Babayeva (Həmidova) Təranə Eynulla qızı əgər müqavilənin birinci bəndində göstərdiyi tələbi pozaraq tərəfindən bələdiyyədə, polis şöbəsində, prokurorluqda və məhkəmə qarşısında hər hansı bir iddia qaldıracağı və ya şikayət edəcəyi, uşaqla görüşməyinə hər hansı bir maneə yaradacağı təqdirdə (halda) İddiaçı 20.000 ABŞ dolları məbləğində pul təhvil verməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı Cavabdeh 14.05.2008-ci il təvəllüdlü X3 və 23.07.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 2(027)-1057/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılıb, cavabdeh İddiaçı hər uşağa görə hər ay 120 manat olmaqla, iki uşağa görə hər ay ümumilikdə 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə iddiası tərəfin müqavilə üzrə öhdəliyinin yerinə yetrilməsindən imtinası kimi qəbul edilməməlidir. Nəzərə alınmalıdır ki, aliment davam edən mübahisəyə aiddir və təyin edilən aliment yuxarıda sadalanan qanunvericiliyin müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün təyin müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinin tələblərinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3 və 390.4-cü maddələrinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır. 14.05.2008-ci il təvəllüdlü X3 və 23.07.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin təyin edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında deyil, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 2(027)-1057/2013 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası mövcud qanunverciliyin tələblərinə əsasən iddianın təmin edilən hissəsində tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir. Çünki tədbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına əsasən iddianın həmin hissədə təmin edilməsini istisna etmişdir. Ona görə də İddiaçı və Babayeva (Həmidova) Təranə Eynulla qızı arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli “Nikahın ləğvinə dair müqavilə”nin tələblərinə əsasən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsinə görə hazırkı iddia tələbi əsasında cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızından İddiaçı xeyrinə 20.000 ABŞ dolları məbləğində pulun tutulması əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızından 20.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən iddia əriəzəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh T.E.Babayeva (Həmidova) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(027)-770/2021 saylı qətnaməsi qismən – «cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızından 20.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «İddiaçı cavabdeh Babayeva (Həmidova) Təranə Eynulla qızına qarşı 5000 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməsin» hissəsi dəyişdirilmədən saxlansın. İddia əriəzəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar