Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2884/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı1 Cavabdeh və cavabdehin iddiaçıya qarşı ilkin və qarşılıqlı əmlak tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-86/2021 saylı qətnaməsindən ilkin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-86/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, dəyəri 200 manat olan şkaf və dəyəri 50 manat olan güzgülü trümonun və ödənilmiş 1,1 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Ə.Q.Ələkbərov). Qətnamədən narazı qalan ilkin İddiaçı1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-86/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İlkin iddia üzrə İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus 23 adda olan cehiz əmlakının və ya onun dəyərinin, həmçinin dəyəri 1200 manat, çəkisi 12 qram, əyyarı 583 olan bir dəst üzük və sırğa, dəyəri 200 manat, çəkisi 3 qram, əyyarı 583 olan bir ədəd üzük, dəyəri 350 manat, çəkisi 5 qram, əyyarı 583 olan bir ədəd ağ qaşlı üzük, dəyəri 200 manat olan, çəkisi 3 qram, əyyarı 583 olan bir cüt sırğadan ibarət qızıl zinyət əşyalarının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ilkin iddia tələbinin qismən təmin edilməsini (1 ədəd şkaf və 1 ədəd güzgülü trümo hissəsində), ilkin iddianın qalan hissədə rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1 ona məxsus olan 600 manat dəyərində televizor, 1300 manat dəyərində mətbəx mebeli, 700 manat dəyərində paltaryuyan maşın, 600 manat dəyərində qaz plitəsi, 350 manat dəyərində 2 kameralı soyuducu, 3000 rus rublu dəyərində çörək peçi, 4000 rus rublu dəyərində samovar, 6000 rus rublu dəyərində odun doğrayan cihaz, 4000 rus rublu dəyərində yazı stolu, 6000 rus rublu dəyərində video kamera, direl bolqarka, 8 ədəd tük balınc, 1 ədəd taxt döşəyi, 1 ədəd ¾ metr xalça, 1 ədəd 1,5/2 metr xalça, taxt üçün yorğan, 2 ədəd yorğan, ətçəkən maşın, tozsoran, 12 ördək, 45 çolpa, 2000 rus rublu dəyərində 12 şiş və tək yataq yorğanı, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyərinin İddiaçı1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 06 yanvar 2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 17.02.2008-ci il təvəllüdlü Məhəmmədəli və 05.04.2009-cu il təvəllüdlü Sədaqət adlı uşaqları doğülmüşdür. O, Cavabdeh adına olan Xəzər bağları massivində yerləşən evə gəlin köçmüş, cehiz əmlakı həmin evə yerləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Bildirdi ki, hazırda ona məxsus cehiz əmlakları, yəni dəyəri 1200 manat olan 1 ədəd şkaf, dəyəri 400 manat olan 1 ədəd güzgülü trümo, dəyəri 400 manat olan l ədəd stol, dəyəri 300 manat olan 6 ədəd stul, dəyəri 250 manat olan 1 ədəd masa, dəyəri 700 manat olan 1 ədəd bənövşəyi rəngli yemək servizi, dəyəri 400 manat olan 1 ədəd bənövşəyi rəngli çay servizi, dəyəri 200 manat olan 2 ədəd böyük dərin boşqab, dəyəri 100 manat olan 2 ədəd böyük düz boşqab, dəyəri 80 manat olan 1 ədəd xrustal qrafın dəsti, dəyəri 60 manat olan 6 ədəd bogema qədəh, dəyəri 160 manat olan 2 ədəd böyük bogema meyvə qabı, dəyəri 100 manat olan 2 ədəd kiçik bogema meyvə qabı, dəyəri 200 manat olan 2 ədəd xrustal çilçıraq, dəyəri 20 manat olan 2 ədəd xrustal külqabı, dəyəri 50 manat olan 6 ədəd xrustal qənd qabı, dəyəri 20 manat olan 6 ədəd xrustal armudu stəkan və nəlbəki, dəyəri 100 manat olan 3 ədəd karniz, dəyəri 10 manat olan 6 ədəd nəlbəki, dəyəri 100 manat olan 1 ədəd qaşıq, çəngəl, bıçaq dəsti, dəyəri 60 manat olan 6 ədəd böyük kasa, dəyəri 20 manat olan 6 ədəd kiçik kasa, dəyəri 30 manat olan 1 ədəd məcməyi dəstinin, həmçinin dəyəri 1200 manat, çəkisi 12 qram, əyyarı 583 olan bir dəst üzük və sırğa, dəyəri 200 manat, çəkisi 3 qram, əyyarı 583 olan bir ədəd üzük, dəyəri 350 manat, çəkisi 5 qram, əyyarı 583 olan bir ədəd ağ qaşlı üzük, dəyəri 200 manat, çəkisi 3 qram, əyyarı 585 olan bir cüt sırğadan ibarət qızıl-zinət əşyaları cavabdehin qeyri-qanuni olaraq sahibliyindədir. Qeyd etdiyini təsdiq edən foto, video görüntüləri, eləcə də səs yazıları da vardır. Lakin buna baxmayaraq məhkəmə qeyd olunanları və təqdim edilmiş sübutları nəzərə almamışdır. Daha sonra qeyd etmişdir ki, əvvəl Sumqayıt şəhərində yaşamış, sonra isə Göyçay rayonuna köçmüşlər. Cehizləri Göyçaya aparılanda o, orada olmamışdır. Qızıllar adətən onda olmuş, sonra 4 il bundan qabaq cavabdeh onları lombarda və artıq lombarddan götürülüb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-86/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qardaşına iddiaçının heç bir cehiz əşyası lazım deyil. İddiaçı nəyə iddia edirsə demək olar ki, hamısını evdən gedəndə özü ilə aparıb. Qızıllar da evlənən gündən iddiaçının özündə olub. Qardaşı Cavabdeh özünə məxsus paltarlarını belə götürmədən evdən çıxaraq Rusiya Federasiyasına işləməyə gedib. Evi, qalan şeylərin hamısını arvadına və uşaqlarına saxlayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-86/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayətindən görünür ki, ilkin İddiaçı1 qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Yəni müəyyən olunur ki, apelyant qətnamənin ləğv edilməsini qeyd etsə də qətnaməni qismən, ilkin iddianın təmin edilməməsinə dair hissədə mübahisələndirir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2623/2020 saylı, 02.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında olan nikah pozulmuş, 17.02.2008-ci il təvəllüdlü Xəlilov Məhəmmədəli Vahid oğlu və 05.04.2009-cu il təvəllüdlü X1 iddiaçının himayəsinə verilmiş və cavdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 06.01.2007-ci ildə rəsmi nikah bağlamış, birgə nikahdan iki uşaqları doğulmuş, tərəflər əvvəl Sumqayıt şəhəri, Xəzər bağları ərazisindəki evdə, sonra Rusiya Federasiyasında, oradan qayıdandan etibarən 3 ilə yaxın müddətdə Göyçay rayonunda yaşamışlar. İddiaçı cehiz əmlakını əvvəl Sumqayıt şəhərində, sonra isə Göyçay rayonunda yaşadıqları ünvanlara aparmışdır, aralarında olan nikah 02.08.2019-cu il tarixli qətnamə ilə pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi əmlakların cavabdehdə olması iş materialları ilə təsdiqini tapmadı, eləcə də tərəf bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddia edilən əmlaklardan yalnız ikisinin - 1 ədəd şkaf və 1 ədəd güzgülü trümonun onda olduğunu etiraf etmişdir. Onların dəyəri barədə iddiaçı məhkəməyə sübut təqdim etmədiyindən cavabdehin qəbul etdiyi qiymət əsas götürülməlidir. Bundan başqa qarşılıqlı iddiada göstərilən əmlakların Cavabdeh məxsusluğu, bunların iddiaçı tərəfindən aparılması və onun qanunsuz sahibliyində olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia qismən təmin olunmalı, 200 manat dəyərində şkaf və 50 manat dəyərində güzgülü trümo Cavabdeh alınaraq İddiaçı1 verilməli, qarşılıqlı iddia təmin olunmamalıdır. İlkin iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 1,1 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə ilkin iddia tələbini yuxarıda göstərilmiş qaydada qismən təmin etməkdə, qarşılıqlı iddianı isə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasın xahiş etsə də buna dair sübut təqdim edə bilməmiş, dəlillərini əsaslandıra bilməmişdir, onun dəlilləri isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-86/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı1 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2884/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2884/2021
28.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver