Məhkəmə qərarları › İş №2(105)-2948/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2948/2021

26.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2948/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2, onun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 2000 (iki min) manat dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ona məxsus “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının və məhkəməyə iddia qaldırması üçün ödədiyi 30 manat dövlət rüsumunun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsindən görünür ki, Cavabdeh2 ona məxsus “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının həmin şəxs tərəfindən yararsız hala salınması nəticəsində dəymiş 3000 manat məbləğində zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini kobud şəkildə pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPMnin 9.1. maddəsinin tələblərini pozmaqla qanunsuz qətnamə çıxarmışdır. AR MPM-nin 14.1 .ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmaqla işin obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə də AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin vermiş olduğu rəyə istinad etməklə ondan 2000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin hallarını mübahisə predmeti olan maşının ona iddiaçı tərəfindən hansı vəziyyətdə təqdim edilməsini və ona pul verməli olduğunu əsaslandıra bilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd edilən avtomaşın iddiaçının mülkiyyətində olsa da, o maşını ona etibarnamə əsasında idarə etmək üçün vermişdir. Maşın onun idarəçiliyində olan vaxt istifadəyə yararlı olmuş və maşından istifadə etdiyi müddətdə onunla hər hansı bir qəza törətməmişdir. Maşını iddiaçı ona hansı vəziyətdə təqdim etmişsə, həmin vəziyyətdə onu polisə təhvil vermiş və maşın aylarla Sumqayıt şəhər DYPİ-nin cərimə meydançasında qalmışdır. İddiaçı maşını ona verərkən həmin maşının texniki vəziyyəti, həmin vaxt istifadəyə yararlı olub-olmaması ilə bağlı müqavilə bağlamamış, aralarında təhvil-təslim aktı olmamışdır. Göründüyü kimi bu maşın 30 ilin maşınıdır aşınmaya məruz qala bilər, bəzi hissələr isə köhnələrək öz yararlılıq müddətini keçə bilər. Lakin ekspert tərəfindən maşına dəymiş ziyan qiymətləndirilərkən bu hallar nəzərə alınmamış ümumilikdə ekspert maşının təmirə ehtiyacı olan hissələrini qiymətləndirmişdir. Lakin məhkəmə həmin hissələrin təmirə ehtiyacının hansı səbəbdən yarandığını müəyyən etməmiş və maşının bütün təmir xərcini onun üzərinə qoymuşdur. Halbuki bir daha bildirir ki, həmin maşını iddiaçının ona verdiyi vəziyyətdə polisə təhvil vermiş, maşın köhnə olsa da istifadəyə yararlı vəziyyətdə olmuşdur. İddiaçı 2018-ci ilin yanvar ayında həmin maşını idarə etmək hüququ ilə ona etibarnamə vermiş və 2020-ci ilin iyul ayında isə həmin etibarnaməni ləğv etdirmişdir. Maşın da bir neçə ay sonra polis əməkdaşları tərəfindən yolda saxlanılaraq cərimə meydançasına aparılmışdır. Həmin maşınla hər hansı bir yol-nəqliyyat hadisəsi törətməmiş və maşının hərəkətdə olarkən saxlanması onun həmin vaxt yararlı bir vəziyyətdə olmasına dəlalət edir. Lakin cərimə meydançasında bu müddət ərzində maşının yararsız vəziyyətə gətirilməsinə görə o, məsuliyyət daşımır və buna görə də qətnaməni tam qanunsuz hesab edir. Qeyd etdiklərimə əsasən apellyasiya şikayətimin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)- 954/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehin izahatını təsdiq edir, əlavə olaraq onu bildirir ki, iddiaçı onun keçmiş qaynıdır, hazırda məhkəmə iclasında nümayəndə qismində iddiaçının təmsil edən şəxs də qaynının atası, yəni keçmiş qaynatasıdır. Bu mübahisə arvadı ilə boşanandan sonra süni formada yaradılıb. Maşını öz puluna alıb və faktiki olaraq həmişə onun və ailəsinin istifadəsində olub. Sadəcə formal olaraq iddiaçının adına sənədləşdirilib. Maşının alınmasının iddiaçıya heç bir aidiyyəti yoxdur, maşını öz pulu ilə almışdır. Sadəcə olaraq özü hərbiçidir, adında hər hansı əmlakın olmasına icazəsi yoxdur. Bu səbəbdən münasibətləri normal olduğundan sənədləşdirməni qaynınmın adına etmişdir. Özü işdə olur, maşının iddiaçılara heç bir aidiyyəti yoxdur ki, ona dəymiş ziyan da onlara dəymiş hesab olunsun. Qeyd edilən maşını özü istifadə edib. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyib göstərdi ki, Cavabdeh2 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq maşını könüllü surətdə təhvil verməmişdir. Sonralar yazılmış şikayət ərizəsinə əsasən yol polis idarəsinin əməkdaşları maşını saxlamış və xəbərdarlıq etmişdir ki, maşını mülkiyyətçiyə qaytarsın. Həmin vaxtlar Cavabdeh1 maşını 11 -ci mikrorayon ərazidə yerləşən boş bir əraziyə qoyaraq çıxıb getmişdir. Sumqayıt şəhər Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi bir neçə aydan sonra məktub göndərərək bildirmişdir ki, maşın 11-ci mikrorayon ərazisində boş bir sahədə saxlanılmışdır, maşınınızı götürə bilər. Bu haqda polisin məktubu da vardır. İddia ərizəsinə əlavə edilmişdir. İddiaçı maşını təhvil alarkən onun yararsız halda sökülüb dağıdılmış vəziyyətdə olduğunu görmüş, təhvil-təslim aktına imza etməmiş və maşının fotoşəkillərini çəkmişdir. Bu fotoşəkillərdən tam aydın görünür ki, maşın sökülmüş, dağıdılmış və heç bir cavabdehlik daşımayan sahəyə buraxılmışdır. “OPEL ASTRA” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının axtarışı ilə əlaqədar 2020-ci ilin iyun ayında AR DİN-nin DYPİ-nə müraciət etmişdir. Onlara məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavab məktubunu aldıqdan sonra sənədləri hazırlayıb, məhkəməyə müraciət etmişlər. Bunu eşidən keçmiş kürəkəni Nümayəndə3 məsələni yerindəcə həll etmək üçün öz yaxın tanışı polis kapitanı X3 müraciət etmişdir. O da maşını məhkəmənin heç bir qərarı olmadan saxlamış və boş bir əraziyə atmaqla Cavabdeh2 xeyrinə işi həll etmək istəmişdir. Həmin vaxtları çəkilmiş fotoşəkillər və video görüntülərdən də aydın görünür ki, maşının yararsız və dağıdılmış halda təhvil vermək istəsə də, yalnız açarları və texniki pasportu götürməklə kifayətlənmişdir. Ancaq orada baş vermiş hadisələri sübut etmək üçün fotoşəkillər və video görüntülər vardır. 19.10.2021-ci il tarixində AR DİN-nin DYPİ-nin 164 saylı arayışına əsasən aydın şəkildə görünür ki, OPEL ASTRA markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının duracağa yerləşdirilməsi barədə AR DİN MİS bazasında heç bir məlumat qeydiyyata alınmamışdır. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 Axtarış üzrə polis X1 özbaşınalığı da aydın görünür, o, maşını Cavabdeh2 yox, Nümayəndə3 təhvil-təslim almaq fikrinə düşmüşdür. Belə olmasaydı, o maşını Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisindən boş bir ərazidə təhvil verməzdi. Haqlı olaraq iddiaçı maşını yararsız vəziyyətdə olmasını görüb, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 Axtarış üzrə Polis X1 iştirakı ilə video çəkiliş etmişdir. Buna onun da etirazı olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsini, cavabdehi və onun nümayəndəsini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 26.10.2020-ci il tarixli arayışdan görünür ki, 13.01.2018-ci il tarixdə 7E-634 reyestrdə ** VB *** qeydiyyat nişanlı “Opel Astra” minik markalı nəqliyyat vasitəsini etibar edilmişin başqasına etibaretmə qaydasında Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamə onun 10.07.2020-ci il tarixli, 8İ-3719 reyestrli ərizəsinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 22.10.2020-ci il tarixli məktubundan görünür ki, “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı məxsusdur. İş materiallarında olan AD № 000286 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Opel Astra” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhəri Polis İdarəsinin İddiaçı ünvanladıqları 11.01.2020-ci il tarixli məktubundan görünür ki, “Opel” markalı ** VB *** qeydiyyat nişanlı avtomobil müəyyən olunaraq Sumqayıt ŞPİ DYP şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/1579 nömrəli ekspert rəyindən görünür ki, “Şahin-95” firmasının 21.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2000 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmasını, avtomobilinə dəymiş zərəriin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/1579 nömrəli ekspert rəyinə əsasən 2000 manat müəyyən edilməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır və hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli nəqliyyat vasitəsi Cavabdeh2 istifadəsində olmuş və etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmişdir. Nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə iddiaçı tərəfindən 10.07.2020-ci il tarixli, 8İ-3719 reyestrli ərizəsinə əsasən ləğv edilmiş, “Opel” markalı ** VB *** qeydiyyat nişanlı avtomobil müəyyən olunaraq Sumqayıt ŞPİ DYP şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış ünvan 2ubdan görünür ki, Opel markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobil müəyən olunaraq Sumqayıt ŞPİ DYP Şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. İddia tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Cavabdeh2 07.12.2020-ci il tarixdə yazılmış izahatında göstərmişdir ki, nəqliyyat vasitəsi Sumqayıt şəhəri, Bədəlbəyli-Çerkasssi küçəsinin kəsişməsində olan dayanacaqdadır. Həmin avtomobili 3 aydır idarə etmir. Avtomobilin İddiaçı qaytarılmasına etiraz etmir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, mübahisələndirilən avtomobil satılması üçün 03.06.2020-ci il tarixdə “Turbo.Az” internet portalına yüklənmiş, oraya əlavə edilmiş fotoşəkillərdə avtomobil tam yararlı vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsi satılması üçün internet portalına yükləndikdən sonra avtomobilə dair verilmiş etibarnamə 10.07.2020-ci il tarixdə iddiaçının ərizəsi əsasında ləğv edilmişdir. Göründüyü kimi, nəqliyyat vasitəsinə verilmiş etibarnamə iddiaçının ərizəsi tərəfindən ləğv edilmiş, bundan sonra nəqliyyat vasitəsi cavabdehdən alınaraq müvvəqqəti duracağa yerləşdirilmişdir. Bununla da mübahsiləndirilən nəqliyyat vasitəsi cavabdehin istifadəsindən alınaraq duracağa yerləşdirilmişdir. Məhkəmə kollegiyası nəqliyyat vasitəsinə dəymiş ziyana dair qeyd edir ki, avtomobilə dəymiş ziyan ekspert rəyində göstərilən “Şahin-95” firmasının 21.04.2021-ci il tarixli qüsur aktı əsasında müəyyən edilsə də, qeyd edilən “Şahin-95” firmasının 21.04.2021-ci il tarixli qüsur aktı iş materiallarında mövcud deyildir. Məhkəmə isə iddianı təmin edkrən ekspert rəyinə istinad etmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən avtomobilə göstərilən məbləğdə ziyanın vurulması bildirilsə də nəqliyyat vasitəsinin müvəqqəti duracağa yerləşdirilməsi zamanı avtomobilin qeyd edilən vəziyyətdə, yararsız olması, məhz cavabdeh tərəfindən yararsız vəziyyətə salınması, eləcə də nəqliyyat vasitəsinə qeyd edilən məbləğdə zərərin məhz cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçı həmin maşını saz vəziyyətdə cavabdehə təhvil verməsini, ondan yararsız vəziyyətdə almasına dair hər hansı bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Qeyd edilən məbləğdə zərərin cavabdeh tərəfindən vurulması ilə bağlı hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X6 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X6 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda, nəqliyyat vasitəsinə zərərin cavabdeh tərəfindən vurulmasını müəyyən edərək iddia tələbini qismən təmin etməklə, maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-954/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar