Məhkəmə qərarları › İş №2(105)-3081/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3081/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3081/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-307/2021 saylı qətnaməsindən ilkin iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) ilkin iddia üzrə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinin təminindən imtina olunması, Cavabdeh İddiaçı QSC BOKT-a qarşı müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İlkin iddiaçı "xxxx" QSC BOKT qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4923,71 manat, faiz borcu üzrə 893,93 manat, cəmi 5817,64 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-EC-*** dqn-lı, “VAZ 21905 minik” markalı minik (buraxılış ili 2012-ci il, Ban- XTA219050DO115641, rəngli-Ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, həmin vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, vəsait kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2032 saylı, 26.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh arasında 27.03.2013-cü il tarixli, 270/313 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 36 ay müddətinə 9100 (doqquz min yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21905 MİNİK” markalı minik avtomobili (buraxılış ili 2012-ci il, Ban - XTA219050DƏ115641, rəngi - Ağ) 27.03.2013-cü il tarixdə, İ-270/313 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 27.03.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 4923,71 (dörd min doqquz yüz iyirmi üç manat,71 qəpik) manat, faiz borcu 893,93 (səkkiz yüz doxsan üç manat,93 qəpik) manat, cəmi 5817,64 (beş min səkkiz yüz on yeddi manat, 64 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh arasında 27.03.2013-cü il tarixində bağlanmış 270/313 saylı Kredit Müqaviləsinin təminatı kimi qoyulan, Cavabdeh mülkiyyətində olan **-EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ, 21905 MİNİK” markalı minik avtomobilin (buraxılış ili 2012-ci il, Ban - XTA219050D0115641, rəngi - Ağ) "xxxx" ASC-nin Abşeron filialı ipoteka ilə yüklü edilməsinə dair 27.03.2013-cü il tarixdə, 270/313 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin avtomobilin ipotekadan (girovdan) azad edilməsi, 27.03.2013-cü il tarixdə, 270/313 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh mülkiyyətində olan 99-EC144 dövlət qeydiyyat nişanlı, “VAZ, 21905 MİNİK” markalı minik avtomobilin (buraxılış ili 2012-ci il, Ban - XTA219050DƏ115641, rəngi - Ağ) qeydiyyat şəhadətnaməsində ipoteka (girova) dair) aparılan qeydin silinməsi, 27.03.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, AqrarKredit QSC 27.03.2013-cü il tarixli 270/313 Kredit Müqaviləsi əsasında 28.03.2016-cı il tarixindən başlayaraq 3 il müddətində Cavabdeh qarşı həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün tələb irəli sürə bilər. Mülki Məcəllənin tələblərinə görə, müqavilə üzrə öhdəliklərin icra olunmalı tarixdən 3 ilin keçməsi ilə iddia müddəti ötürülmüş öhdəlik hesab olunur. İddiaçı tərəf cavabdehə qarşı bu tələbini 07.07.2020-ci il tarixində, yəni 4 il 3 ay sonra məhkəmədə iddia qaldıraraq irəli sürmüşdür. Bu səbəblə də, ipotekaya qoyulmuş avtomobilin ipotekadan azad edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmır və 27.03.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li “ipoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və ilkin iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsasların olmaması ilə əsaslandırmışdır. İlkin iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalaraq apellyasiya şikayəti vermiş, qətnaməni ilkin iddia tələbinə aid hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə ilkin iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi kredit borcunun qaytarılması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, tərəflər arasında 27.03.2013-cü il tarixdə illik 19 faizlə 36 ay müddətinə kredit müqaviləsi bağlanmış və həmin kreditin təminatı kimi “VAZ- 21905 minik” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin ilkin iddiaçı həmin müqavilə üzrə borcun tutulması ilə bağlı məhkəməyə 19 iyun 2020-ci il tarixdə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi ilkin iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar