Məhkəmə qərarları › İş №2(105)-3083/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3083/2021

10.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3083/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, ərizəçinin nümayəndəsi X5, maraqlarına toxunulan şəxs X2 nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi1 daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək, barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016-003 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Teymur Qurbanov) Ərizəçi1 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə ərizəsinin təmin edilməsi, Şabran şəhər bələdiyyəsinin 31.05.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən Ərizəçi1 mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması və daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi qət edilmişdir. Maraqlarına toxunulan şəxs Ərrəhman Rəsulov qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək Şabran şəhər bələdiyyəsinin 31.05.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən Ərizəçi1 mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 25.03.2013-cü il tarixə Şabran şəhər bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evi tikintisi məqsədilə ona həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Şabran şəhər Bələdiyyəsinin 31.05.2013-cü il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m. torpaq sahəsi ona satılmışdır. 18.10.2013-cü il tarixində AR DT və XK-nin Şabran rayon şəbəsi tərəfindən ona həmin torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Hal-hazırda o istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmək istəyir, lakin reyestr çıxarışı olmadığına görə evin tikintisinə başlaya bilmir. O, reyestr xidmətinin Şabran rayon şöbəsinə müraciət etdikdə xidmətdən ona bildirilir ki, Şabran şəhəri üzrə Şabran Bələdiyyəsinin kadastr planı və çıxarışı olmadığına görə Şabrah əhalisinin sənədlərini rəsmiləşdirmək mümkün deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlarına toxunulan şəxs X1 Rayon Məhkəməsinin 05 may 2016-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi faktları araşdırmamış, hüquq və normaları pozmuş, ərizəçinin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlarına toxunulan şəxs X2 nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 05 may 2016-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 noyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini iş üzrə toplanmış sübutlarla faktın təsdiq edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, Ərizəçi1 Şabran rayonu 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m. torpaq sahəsinin bələdiyyənin qərarına əsasən ona satıldığını və onun faktiki istifadəsində olduğunu əsas gətirərək, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlarına toxunulan şəxs həmin torpaq sahəsinin ona məxsus olması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 306.4. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərədə tutuan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.10. maddəsinə görə hüquq əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 05 may 2016-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.4, 391, 402-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 05 may 2016-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi1 hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi1 yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar