Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-309/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı (Açar sözlər: sığortaçının subroqasiya hüququnun yaranması, sübutların tədqiqi və qiymətləndirilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-732/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 5415 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
2. 04912/2022 saylı Sığorta ödənişi ilə bağlı Aktdan görünür ki, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək kasko sığorta qaydasında sığortalanmış “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 5515 manat, azadolma məbləği 100 manat, hesablanmış sığorta ödənişi 5415 manatdır.
3. xx.xx.2022-ci il tarixli, 46954 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5415 manat məbləğində pul X3 hesabına köçürülmüşdür.
4. xx.xx.2022-ci il tarixli Hermes Auto tərəfindən verilmiş servis kartından görünür ki, “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 5515 manat qiymətləndirilmişdir.
5. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdır.
6. X12 İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Cavabdeh idarə etdiyi “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
7. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur.
8. İşdə olan Rövşən Talıbov tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin sığorta şirkətinin müqavilə bağladığı, avtomobillərin təmir işləri üzrə mütəxəssisi X7 tərəfindən təmir olunduğu nəzərə alınaraq ayrılan vəsaitin X3 hesabına köçürülməsinə sərəncam verilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (İcraçı) ilə X7 (sifarişçi) arasında bağlanmış 21 iyun 2022-ci il tarxili xidmət müqaviləsindən görünür k, həmin müaviləyə əsasən “İcraçı" “Sifarişçi” tərəfindən sığorta olunmuş və sığorta hadisəsi nəticəsində zədələnmiş nəqliyyat vasitələrinə, həmçinin sığorta olunmuş nəqliyyat vasitələrinin zərər vurmuş olduğu digər zədələnmiş nəqliyyat vasitələrinə 1.2-ci bənddə qeyd olunan xidmətləri göstərməyi, “Sifarişçi” isə göstərilən xidmətləri qəbul edib xidmət haqqını ödəməyi öhdəsinə götürür. Bu Müqavilə üzrə göstərilən xidmətlər aşağıdakılardan ibarətdir: 1.2.1. zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirilməsi; 1.2.2. zərərin qiymətləndirilməsi və zərər aktının tərtib edilməsi; 1.2.3. təmir işlərinin aparılması (ehtiyat hissəsinin dəyişdirilməsi tələb olunduğu halda); 1.3. Göstərilən xidmətlərin həcmi bu Müqaviləyə elavə edilən qiymətlilərin Razılaşma Protokolu ilə müəyyənləşdirilir. 1.4. Xidmət Haqqı və ödəmə qaydaları göstərilən xidmətlərin dəyəri hazırki Müqaviləyə əsasən manatla (AZN) müəyyən olunur. 1.5. Xidmət haqqı Tərəflər arasında qarşılıqlı Təhvil-Təslim aktı imzalandığı tarixində “İcraçı” tərəfindən müvafiq hesab-faktura və elektron qaimə təqdim olunandan sonra 15 (on beş) gün ərzində ödənilir.
10. “X13” QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cəmiyyətə məxsus “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirə yönəldilməsi və təhvil-təslim işlərinin aparılması Cəmiyyətin Nəqliyyat Şöbəsinin müdiri X6 həvalə edilmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş:
11. Qiymətləndirmə və Consulting Mərkəzinin 06-053/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli mütəxəssis rəyində “X13” MMC-yə məxsus 2012-ci il istehsalı olan “Mitsubishi Outlander” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 2022-2023cü il üzrə təmir bərpasına çəkiləsi xərcin məbləği 4140 manat həcmində qiymətləndirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5415 AZN (beş min dörd yüz on beş manat) məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 74.45 (yetmiş dörd manat qırx beş qəpik) manat dövlət rüsumunun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində kasko sığorta növü ilə sığortalanmış “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X5 tərəfindən idarə edilərkən Cavabdeh tərəfindən idarə edilən “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat avtomobillə toqquşmuş nəticədə sığortalı “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 5515 AZN zərər dəyməsi müəyyən edilmişdir. Şirkət tərəfindən dəymiş zərər aradan qaldırılaraq “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5415 AZN sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş, barəsində ******* saylı X12 Protokol tərtib edilmiş və ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
14. Sonradan iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4019 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 74.45 manat dövlət rüsumunun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh məhkəməyə bir neçə dəfə etiraz təqdim edərək sonuncu etirazında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Nissan X-Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 tərəfindən idarə edilmiş “Mitsubishi Outlander” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5415 manat ziyan vurulması ilə razı deyil. Hesab edir ki, iştirakı olmadan hesablanmış ziyanın məbləği 2-3 qat şişirdilmişdir. Hazırki etiraz ərizəsindən əvvəl məhkəməyə etiraz ərizəsi və yazılı vəsatətlər təqdim etsə də, onlardan yalnız biri, yəni məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi təmin olunmuş, lakin digər məsələlərə aydınlıq gətirilməmiş, müvafiq sənədlər tələb edilməmiş, iddiaçının nümayəndəsi dəvət olunsa da məhkəmədə iştirak etməmiş, onun tərəfindən məhkəməyə hadisə barədə rəsmi sənədlər və qəza yerində çəkilmiş fotoşəkillər, videogörüntülər təqdim olunmamışdır. Əgər bu görüntülər təqdim olunsaydı, ekspert tərəfindən də obyektiv rəy verilmiş olardı. Aydınlaşdırılması üçün aşağıdakı məsələlərin araşdırılmasını xahiş edir: 1) Yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan barədə müvafiq sənədləşmə nə üçün dərhal tərtib olunmamış, bu məqsədlə hadisənin baş verdiyi Qusar rayonunda, eləcə də ona yaxın Quba və Xaçmaz rayonlarında çox sayda servislər, avtomobil təmiri müəssisələri, ehtiyyat hissələri mağazaları olduğu halda, onun iştirakı təmin edilmədən və hansı məqsədlə 1 aydan sonra Bakı şəhərində yerləşən “Hermes Auto” müəssisəsindən Servis Kartı alınmışdır? 2) “Nissan X-Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Plastik materialdan olan ön qoruyucunun sol hissəsi ilə “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa qanadların, sol iki qapıların, sol ayaqaltının tamamilə yararsız vəziyyətə düşməsi mümkündürmü? Halbuki, hadisə vaxtı “Mitsubishi Qutlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa qanadları, sol iki qapıları tam sıradan çıxmamış, qismən əzilmiş və cızıqlar yaranmışdır. Həmin vaxt avtomobilin ayaqaltısına zərər dəyməsi müşahidə olunmamışdır. 3) “Mitsubishi Qutlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği Sığorta şirkəti tərəfindən avtomobilin mənsub olduğu müəssisənin hesabına və ya guya əzilmiş hissələri yenisi ilə əvəz etmiş “Hermes Auto” müəssisəsinin hesabına köçürülməmişdir. Hansı məqsədlə fiziki şəxsin hesabına köçürülmüşdür? Bu onu göstərir ki, Sığorta şirkəti ilə “Hermes Auto” müəssisəsi arasında şübhəli əlaqələr vardır. 4) Məhkəməyə təqdim etdiyi vəsatət əsasında əmtəəşünaslıq ekspertizası təyin olunaraq rəy alınmışdır. Rəylə tanışlıqdan sonra məlum olmuşdur ki, rəy “HERMES AUTO” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Servis Kartında göstərilmiş rəqəmlər əsasında tərtib olunmuşdur. Aydınlaşdırılması üçün onun ekspertiza qarşısında qaldırdığı vəsatətlərin heç biri nəzərə alınmamışdır. Belə ki, “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə baxış keçirilməmiş, faktiki hansı hissələrin dəyişdirilməsi barədə iddiaçının təqdim etdiyi sənədlərə əsasən rəy tərtib olunmuşdur. Ekspert rəyində yalnız avtomobilin istismarda olduğu 9 il müddəti üçün (sürücünün deməsinə görə, onun idarə etdiyi avtomobil 2007-ci ildən, rəydə isə 2012-ci ildən istismarda olduğu qeyd edilmişdir) aşınmanın 4 %-dən nəzərə alındığı göstərilmişdir. Bu hesabla 4015 manatdan çıxılacaq məbləğ (9 x 4 = 36 %, yəni 4015-1445 = 2570 manat təşkil etməlidir. Lakin rəydə bu məbləğ 4019- 1346= 2669 manat qeyd olunmuşdur. Hadisə yerində DYP bölməsinin və Sığorta şirkətinin əməkdaşları tərəfindən hadisə yeri və avtomobillərin fotoşəkilləri çəkilmiş və ümumi görüntülər diskə köçürülmüşdir. Həmin disk və fotoşəkillərdə əks olunmuş görüntülərin onun tərəfindən əldə edilməsi mümkün olmadığından, qeyd olunan təşkilatlardan tələb edilməklə ekspertizaya təqdim olunaraq obyektiv rəy verilməsini xahiş etmişdi. Lakin görüntülər məhkəməyə və ekspertizaya təqdim olunmamışdır. 5) O, 2021-ci ilin mart ayının 06-da Bakı şəhərində yaşayan vətəndaş X4 adına olan “Nissan X-Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili notariatda təsdiq olunmuş rəsmi Etibarnamə ilə almışdır və həmin vaxt avtomobilin 2022-ci ilin mart ayına kimi sığortasının olduğu bildirilmiş və bu fakt Etibarnamədə də qeyd olunmuşdur. Sığorta şirkəti tərəfindən həmin avtomobilin sığorta olunub-olunmaması, müddətinin nə vaxta kimi olması dəqiqləşdirilməmiş və bu barədə iddiaçı tərəfindən ona və məhkəməyə rəsmi olaraq məlumat verilməmişdir. 6) Məlum hadisə vaxtı “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa qanadları, sol iki qapıları səthi olaraq əzilmişdir. Onun idarə etdiyi avtomobilin də plastik materialdan olan ön qoruyucunun sol hissəsi, sol ön və arxa qanadları və ön və arxa qapılar eyni dərəcədə əzilmişdir. Lakin ona sığorta ödənişi verilməmişdir. Avtomobili aldığı vaxtdan qəza törədilmiş 28 fevral 2022-ci il tarixə kimi, yəni 1 ilə bir neçə gün qalmış müntəzəm olaraq Şəmkir-Gəncə-Göygöl, ŞəmkirGəncə-Bakı, Bakı-Quba-Qusar və əks istiqamatlərə idarə edib. Lakin, həmin magistralda olan minlərlə radar avtomobilin sığortasız olmasını qeydə almamış, DYP əməkdaşları tərəfindən ona şəxsən bildirilməmiş və mobil telefonuna SMS daxil olmamışdır. Məlum olduğu kimi, sığortasız avtomobillər radarlar vasitəsilə dərhal aşkar olunaraq DYP-nin müvafiq qurumlarına məlumatlar ötürülür. Lakin Sığorta şirkəti onun idarə etdiyi avtomobilin hadisə vaxtı sığortasız olduğunu iddia edir. Qeyd olunanlara əsasən “Hermes Auto” tərəfindən hesablanmış məbləğin həddindən artıq şişirdilməsi, ziyan hesablanarkən iştirakının təmin edilməməsi, bunun 2 ilə yaxın vaxt keçdikdən sonra bəyan edilməsi iddiaçının hesablamalarına əsaslı şübhələr yaranmışdır. O, 1995-ci ildən hərbi qulluqda olub, 2023cü ilin əvvəlində 28 illik xidmətdən sonra polkovnik-leytenant hərbi rütbədə ehtiyata buraxılıb. Ailəsi 4 nəfərdən ibarətdir, oğlu Məhəmmədəli Əmirzadə anadangəlmə xəstədir, xəstəliyi müxtəlif tibb müəssisələrində qeydiyyatda olmaqla, xəstəliyi Respublika TSEK-sı tərəfindən təsdiqlənmişdir. Onu da nəzərə çatdırır ki, uzun illər Azərbaycan Ordusunda mənfur düşmənə qarşı mübarizə apardığı, səngərlərdə və ağır şəraitlərdə Vətəninə şərəflə xidmət etdikləri dövrlərdə, evində və ailəsinin yanında rahat yaşamış şəxslərdən Qalib Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı hörmət gözlədiyi halda, əksinə, ədalətsizliyə məruz qalıb. Artıq 9 aydır ki, bu ədalətsizlik ona rahatlıq vermir, əzab çəkir. Cavabdeh yuxarıda göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-732/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 3919,60 məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 52 manat hissəsinin tutulması və iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 35 manat, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 15 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ********************saylı bank hesabına köçürülməsi qət edilmişdir.
17. Məhkəmə hesab edib ki, sığorta olunana dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkəti ödədiyi sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin cavabdeh etirazında “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğini mübahisələndirmiş, bununla əlaqədar məhkəmə tərəfindən maşına dəymiş ziyanın (avtomaşının ehtiyat hissələrinin pərakəndə satış qiyməti və avtomaşının bərpa olunması üçün təmir xərci göstərilməklə) tam və dəqiq şəkildə müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininm 06 may 2024-cü il tarixli, 9/2516 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan edilmiş “Hermes Auto” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5365,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyində “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği dəyişilməli hissələrin qiyməti 2669 manat və bərpa işlərinin qiyməti 1350 manat olmaqla, 4019 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 3919.60 (2569,60+1350) manat məbləğində pul vəsaiti tutulmalıdır.
18. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.4 və 22.2.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926, 927, 936, 1096, 1108-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 103 119, 206 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-732/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir
20. Cavabdehin apellyasiya şikayətinin məzmunu iddia tələbinə etirazla analoji məzmunda tərtib olunmuşdur. Şikayətdə göstərilir ki, o hərbçidir və hərbi xidmətdə olduğu dövrdə, 2021-ci ilin mart ayının 06-da Bakı şəhərində yaşayan vətəndaş X4 adına olan “Nissan X- Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili notariat qaydada rəsmi təsdiq edilmiş etibarnamə ilə almış və həmin vaxtdan da avtomobili özü idarə etmişdir. Avtomobili aldığı vaxt onun 2022-ci ilin mart ayına kimi sığortasının olduğu bildirilmiş və notariatda təsdiq olunmuş etibarnamədə də bu qeyd olunmuşdur. Onun sonuncu xidmət yeri Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissə olmuşdur. Özü Göygöl şəhərindəki hərbi şəhərcikdə yaşayıb. Oradan hər gün idarə etdiyi avtomobillə Şəmkir şəhərinə gedibqayıtmışdır. Ailəsi Qusar şəhərində yerləşən hərbi şəhərcikdə yaşadıqlarından ayda 1-2 dəfə onlara baş çəkmək üçün qısa müddətlərdə Qusar şəhərinə gedib-gəlib. Bu müddət ərzində heç vaxt ona sığortasız avtomobil idarə edilməsi ilə bağlı cərimə, sms xəbərdarlıq gəlməmişdir. 27 fevral 2022-ci il tarixdə idarə etdiyi “Nissan X-Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonundan Bakı şəhərinə gəlmiş, hərbi müşavirədə iştirak etdikdən sonra, 28 fevral 2022-ci il tarixdə həmin avtomobillə Bakı şəhərindən Qusar şəhərinə yola düşmüşdür. Hava dumanlı və çiskinli olduğundan avtomobili aşağı sürətlə idarə edib. Həmin gün saat 16:30 radələrində yolun Quba rayonunun Digah kəndi ərazisində Qusar rayonu istiqamətində hərəkətdə olduğu vaxt, qəflətən bir sürü qoyun yolun sağ tərəfindən qaçaraq yolun hərəkət hissəsinə çıxdığından, abtomobili dərhal saxlamaq mümkün olmamış, sürüdəki qoyunları və onların arxasınca qaçan şəxsi vurmamaq məqsədilə avtomobili yolun sağ hərəkət istiqamətindən bir qədər yolun sol hərəkəti istiqamətinə çəkmək məcburiyyətində qalmışdır. Bu vaxt ani olaraq idarə etdiyi avtomobil qarşıdan gələn “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Hadisədən sonra o mobil telefonla Quba RPŞ-nin DYPB-nə, digər avtomobilin sürücüsü isə avtomobilin mənsub olduğu “X13” QSC-yə məlumat vermişdir. Hadisə yerinə gəlmiş DYPB-nin əməkdaşı hadisə yerinə və avtomobillərə baxış keçirmiş, foto və video çəkilişləri aparmış, barəsində İXM-nin 327.2-ci maddəsi ilə İnzibati protokol tərtib olunmuş, digər avtomobilin mənsub olduğu “X13” QSC-nin və çağrılmış sığorta şirkətinin nümayəndələri də avtomobillərə baxış keçirib video və fotoşəkillər çəkmişlər. Məlum oldu ki, “X13” QSC-ə məxsus “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və arxa qapıları, sol ön və arxa qanad hissələri səthi olaraq əzilmiş və cızılmışdır. Eyni zamanda onun idarə etdiyi avtomobilin də plastik kütlədən olan ön qoruyucusunun sol hissəsi, sol ön və arxa qanadları və qapılar eyni dərəcədə əzilib və cızılmışdır. Maşınların avtoservis müəssisələrində və ya təmir sexlərində təmir edilməsi mümkün idi. Hadisə yerində idarə etdiyi avtomobilin sığortasının olmasını müəyyən etmək mümkün olmamışdır. Onun hərbi qulluqçu və digər avtomobilin sürücüsünün isə qazi olması, avtomobillərə dəymiş ziyanın az miqdar təşkil etməsi və hər hansı bir hissənin yenisi ilə əvəzlənməsinə zərurət yaranmadığını nəzərə alınaraq razılaşıblar ki, sığorta ödənişinə ehtiyac yoxdur, tərəflər öz vəsaitləri hesabına avtomobilləri bərpa edə bilərlər. “X13” QSC-nin nümayəndəsi onlara məxsus avtomobili hadisə yerindən öz hərəkəti ilə aparmışdır. Hadisə yerində sığorta şirkətinin və avtomobilin mənsub olduğu müəssisənin nümayəndələrinə istifadəsində olan mobil telefonun nömrəsini vermişdir. DYPB-nin əməkdaşının dəvəti ilə bundan sonra Quba RPŞ-nə gedib, hadisə barədə izahat vermiş və barəsində tərtib olunmuş inzibati xətaya görə 60 manat miqdarında cərimə olunmuşdur. Hadisədən 1 il 8 aydan artıq müddət keçdikdən sonra Sığorta şirkətindən telefonla bildirilmişdir ki, guya hadisə vaxtı “X13” QSC-yə məxsus avtomobilə 5515 manat ziyan dəymişdir və həmin ziyanı ödəməlidir. Onun idarə etdiyi avtomobilin isə sığortasız olması iddia edildi. Ziyan məbləğinin dəfələrlə şişirdilməsini, bununla razı olmadığını bildirdi. Həmin avtomobilə guya bir aydan sonra Bakı şəhərində baxış keçirilərək ziyanın məbləği müəyyən edilmişdir. O, isə oraya dəvət olunmamış və bu haqda heç bir məlumat almamışdır. Daha sonra isə hazırkı mübahisə ilə bağlı məhkəməyə çağırılmışdır. Məhkəmə tərəfindən təşkil olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 may 2024-cü il tarixli 9/2516 saylı rəyi ilə vurulmuş ziyanın məbləği avtomobilin istismarda olduğu illərə görə aşılanma faizləri çıxılmaqla ziyan azaldılaraq 4019 manat olması göstərilmişdir. Rəylə tanışlıqdan sonra məlum oldu ki, rəy “Hermes Auto” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Servis Kartında göstərilmiş rəqəmlər əsasında tərtib olunmuşdur. Aydınlaşdırılma üçün onun ekspertiza qarşısında qaldırdığı vəsatətlərin heç biri nəzərə alınmamışdır. Belə ki, “Mitsubishi Outlander” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə baxış keçirilməmiş, faktiki hansı hissələrin dəyişdirilməsi barədə iddiaçının təqdim etdiyi sənədlərə əsasən rəy tərtib olunmuşdur. Dəyişdirilmiş ehtiyyat hissələrinin “Hermes Auto” müəssisəsinə nə vaxt, haradan və hansı qiymətə mədaxil edilməsi, satış mağazalarında qiymətlər barədə rəsmi sənəd alınmamışdır. Eyni zamanda ehtiyyat hissələrin xarici ölkədən ölkəyə hansı qiymətə başa gəlməsi barədə Gömrük və Vergi orqanlarından müvafiq sənəd alınmamışdır. Ekspert rəyində yalnız avtomobilin istismarda olduğu 9 il müddəti üçün aşınmanın 4 %-dən nəzərə alındığı göstərilmişdir. Bu hesabla 4015 manatdan çıxılacaq məbləğ (9 x 4 = 36 %, yəni 4015-1445 = 2570 manat təşkil etməlidir. Lakin rəydə bu məbləğ 4019-1346= 2669 manat qeyd olunmuşdur. Bundan başqa məhkəmənin qətnaməsində göstərilmişdir ki, iş materialında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “X18” oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 5415 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Bildirir ki, hazırkı mülki iş üzrə tərəflərdən “X8” adlı şəxs yoxdur. Əgər bu hal ona istinadla göstərilmişdirsə, ona xx.xx.2023-cü il tarixdə deyil, 2023-cü ilin oktyabr ayının axırlarında mobil telefona zəng edilərək, 5500 manat məbləğində ziyanın ödənilməsi təklif olunmuşdur. Göründüyü kimi işə baxan məhkəmə qeyd olunan hallara əhəmiyyət verməmiş, iddianı formal əsaslarla təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, qiymətləndiricinin rəyi həqiqəti əks etdirmir. Belə ki, məhkəmə tərəfindən yenidən qiymətləndirmə (ekspertiza) təyin edilməsi barədə qəbul edilmiş qərardadda hər bir hal təfsilatı ilə yazılmışdır. Qiymətləndirici isə məhkəmə tərəfindən ona ünvanlanmış sənədə baxmadan qiymətləndirmə aparmışdır. Qiymətləndirici tərəfindən “Hermes auto” şirkətinin tərtib etdiyi qiymət cədvəli əsasında qiymətləndirmə aparılmışdır. Halbuki aşınma və digər hallar da nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasından sonra aşınma halı nəzərə alınmaqla 3919,60 manat məbləğində pulun tutulması qərara alınmışdı. Həmin məbləğdən narazı olduğu halda qiymətləndirici daha artıq məbləğdə zərər əvəzi müəyyən etmişdir ki, bu hal əsaslı deyildir. 10 ildən artıq istismarda olan avtomobillərə münasibətdə aşınma halı nəzərə alınmalı idi. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını bildirmiş və məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
26. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.)
27. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372.2-.əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə\ 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-732/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Hazırda mübahisələndirilən məsələ baş vermiş yol - nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə sığorta şirkəti tərəfindən ödənilmiş pulun subroqasiya qaydasında cavabdehdən tutulması barədədir.
33. Məhkəmə kollegiyası razılaşır ki, hazırki işdə cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmaqla, sonuncunun barəsində təqsirli olmasını təsdiq edən müvafiq səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı mövcuddur. Bu işin mübahisəsiz halıdır.
34. Bundan əlavə hazırkı işdə cavabdehin inzibati məsuliyyəti deyil, deliktə görə mülki məsuliyyət daşıması araşdırılmalı, onun mülki məsuliyyət daşıyıb-daşımamasına hüquqi qiymət verilməlidir.
35. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yolnəqliyyat hadisəsində təqsiri mülki qanunvericiliyin deliktlə əlaqədar normalarına uyğun müəyyən edilməlidir.
36. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Cavabdeh idarə etdiyi “Nissan X-Trail” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobilə ziyan dəymişdir. Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmiş və bu qərarla sonuncu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur.
37. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən vurulmuş zərərə görə mülki məsuliyyətin müəyyən olunması məqsədi ilə işdə olan bütün sənədləri tədqiq etməklə və onlara hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir.
38. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsaslı olmadığından təmin edilməməlidir.
39. Belə ki, cavabdeh apellyasiya şikayətində hadisənin törədildiyi vaxt istifadəsində olan avtonəqliyyat vasitəsinin icbari sığortasının olduğunu bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
40. Kollegiya şikayətin bu dəlili ilə də həm də ona görə razılaşmır ki, apellyatorun mübahisələndiridiyi dəlillərlə bağlı artıq qanuni qüvvədə olan inzibati qərar mövcuddur.
41. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
42. Cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin “şişirdiyildiyini”, bu məbləğin əslində daha az olduğunu bildirsə də, bununla bağlı hər hansı ciddi, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmiş, etirazlarını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Bununla belə məhkəmə kollegiyası mübahisənin ağırlığını, cavabdeh tərəfin arqumentlərini nəzərə alaraq iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
43. Qiymətləndirmə və Consulting Mərkəzinin əldə edilmiş mütəxəssis rəyində “X13” MMC-yə məxsus 2012-ci il istehsalı olan “Mitsubishi Outlander” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 2022-2023-cü il üzrə təmir bərpasına çəkiləsi xərcin məbləği 4140 manat həcmində qiymətləndirilmişdir. Göründüyü kimi cavabdehin yol nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfin nəqliyyat vasitəsinə vurulan ziyanın daha az məbləğdə olması barədə qeyd etdiyi hallar mütəxəssis rəyinə əsasən təkzib edilmişdir. Konkret olaraq qiymətləndiricinin əsaslandırılmış mütəxəssis rəyində avtoqəza nəticəsində zərər görən avtonəqliyyat vasitəsinin təmir bərpasına ümumilikdə lazım olan xərcin məbləği iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən daha çoxdur.
44. Həmin ekspert rəyinin məzmunundan görünür ki, ekspert Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 10 il (2012-2022) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyərini təxminən 2669,00 manat müəyyən etmişdir. Bu məbləği (4015,00-4%)-9 dəfə qaydasında hesablanmaqla müəyyən etdiyini qeyd etmişdir. Məhkəmə bu qaydada hesablama aparmış və həmin məbləğin 2569,60 (4015-1445,4) manat təşkil etdiyi müəyyən etmişdir.
45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini nəzərə alaraq qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsində dəyən ziyan məbləği kimi cavabdehdən tutulması qət edilən məbləğ, iş üzrə müstəqil qiymətləndiricinin hesabatındakı məbləğdən daha az olduğundan və iddiaçı tərəf bu qətnamədən apellyasiya şikayəti vermədiyindən kollegiya iş üzrə mübahisənin həllinə tətbiq edilməli mötəbər sübut kimi məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2024-cü il tarixli, 9/2516 nömrəli ekspert rəyini daha əsaslı hesab edir.
46. Bu hissədə kollegiya həm də qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
47. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyan məbləği kimi mötəbər sübut qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinad edilməsi barədə işə baxan məhkəmənin mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.
49. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə mübahisəli avtonəqliyyat vasitəsinin yenidən qiymətləndirilməsi məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə cavabdeh tərəf vəsatət verdiyindən Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2025-ci il tarixli hesabatında nəzərdə tutulan 300 manat hesab xərci cavabdehdən alınaraq Qiymətləndirmə və Consulting Mərkəzinə ödənilməlidir.
50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmamаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
51. Kollegiya qeyd edir ki, hazırkı halda qətnamənin mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-732/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Müstəqil qiymətləndirmənin icrası ilə əlaqədar 300 manat hesab xərci Cavabdeh alınaraq "xxxx" MMC-nin VÖEN **********, AZ06AİİB400600C**********103, Kapital Bank ASC, Yasamal filialı 200037 VÖEN ********** S.W.İ.F.T, AİİBAZ2X, AZ37NABZ******************** hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.