Məhkəmə qərarları › İş №2(105)-316/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-316/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-316/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X20 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(067)-728/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1191/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (məruzəçi), İ.Şəfiyev və Ə.Əhmədov) kassasiya şikayətinin təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1191/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonunun Çiçi kəndində 1900cü ildə doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə X21 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Həyat yoldaşı X21 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun atası mərhum qaynatası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evini adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, mərhum qaynatasının ölməsi haqqında ölüm şəhadətnaməsi alınmamışdır. Adına işlənmiş xx.xx.1973-cü il tarixli, 2 LK N2 584632 saylı qısa müddətli pasportdan görünür ki, X13 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. X13 xx.xx.1983-cü ildə Xaçmaz şəhərində vəfat etmiş və Qaraqurtlu kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt qaynatasının adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi və Xaçmaz rayonunun Qaraqurtlu kənd qəbristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli rəsmi aktla, habelə qəbir daşındakı yazılarda göstərilən fotoşəkillə təsdiq olunur. Qaynatasının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon X12 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-43/2- 3618/2023 saylı arayışı ilə təsdiq olunur. Ölüm şəhadətnaməsinin alınmaması Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 382 saylı məktubu ilə təsdiqlənir. Həmin məktubda göstərilir ki, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə Xaçmaz rayon Qeydiyyat X2 ölümünün qeydə alınıbalınmaması yoxlanılmış, X13 barəsində Ümumrespublika elektron məlumatları yoxlanılmış, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum X1 barəsində ölüm faktının müəyyən edilməsi yuxarıda göstərildiyi kimi vərəsəlik məsələlərin həlli üçün əhəmiyyət kəsb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki ərizə 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum qayınatası X5 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədədir. Xaçmaz rayon İK-nin Xaçmaz rayon X28 tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İİ-ЛК № 584632 saylı qısa müddətli pasportdan görünür ki, X13 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. Ərinin ölüm haqqında şəhadətnaməsində soyadının Şixiyev, adının Qafar, ata adının isə Nöhu olduğu aydın şəkildə göstərilmişdir. Evlənmə haqqında şəhadətnamədə də həyat yoldaşının soyadının Şixiyev, adının Qafar, ata adının Nuhi olduğu qeyd olunur. Həyat yoldaşının doğum haqqında şəhadətnaməsi rus dilində tərtib edildiyinə görə atasının adı Noqi kimi qeyd edilmişdir. Qaynatasının atasının adının Məmmədrəsul kimi qeyd edilməsi onun ölüm faktının müəyyən edilməməsinə səbəb ola bilməz. Çünki adına verilmiş qısa müddətli pasportda atasının adı Məhəmməd olaraq göstərilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini iş materiallarında olan sənədlərdə ərizəçinin qayınatasının adında və ata adında uyğunsuzluğun olması ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan Ərizəçi qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni sənədlər arasında uyğunsuzluq olmasına əsaslanaraq işin bütün halları aydınlaşdırmadan, ərizəçinin təqdim etdiyi bütün sübutlara hüquqi qiymət vermədən, heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranmasını nəzərə almayaraq əsassız nəticəyə gəlməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə ərizəçinin tələbi mərhum X1 ölüm faktının müəyyən edilməsi barədədir. MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normasından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqin tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. İşdən görünür ki, vəfat etmiş şəxsə şəxsiyyətini təsdiq edən pasport verilmiş və həmin sənəddə onun adının (ad, soyad və ata adının) X14 olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş akta əsasən Xaçmaz şəhər sakinləri Şahid2, Şahid1, X4 həmin aktı tərtib edərək ünvan 2 ünvanında qeydiyyatda olan X6 xx.xx.1983-cü ildə vəfat etməsini və Xaçmaz şəhəri, Qaraqurtlu kənd qəbirstanlığında dəfn edildiyini qeyd etmişlər. Məhkəmə kollegiyası tərəfindən yaranmiş mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü zərurət yarandığından hazırki iş üzrə Ərizəçi qaynatası X8 Xaçmaz rayon İK-nin Xaçmaz rayon X28 tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İİ-LK № 584632 saylı pasportun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi üçün Maraqlı şəxsnə müraciət olunmuş, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli cavab məktubunda Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Şixiyev Nuhi (Nühü) Məhəmməd oğlu barəsində araşdırma aparılarkən X9 ilə xx.xx.1937-ci ildə Quba rayon Çiçi icra nümayəndəliyində rəsmi nikaha daxil olması, xx.xx.1957-ci ildə Xaçmaz rayon Uzunoba icra nümayəndəliyində X15 ilə nikahı aşkarlanmışdır. X10 xx.xx.1952-ci il təvəllüdlü Qafar adlı övladı aşkar olunmuşdur. Qafarın atası X7 qeyd edilmişdir. “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X13 barəsində başqa heç bir məlumat aşkar olunmamışdır. “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1937-ci ildə Quba rayonunda doğulmuş Şixiyev Nuhi (Nühü) Məhəmməd oğlu barəsində araşdırma aparılarkən onun doğumu aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası ərizəçinin qaynatası mərhum X5 xx.xx.1983-cü ildə vəfat etməsi öz təsdiqini tapdığı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Quba rayonunun Çiçi kəndində 1900-cü ildə doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar