Məhkəmə qərarları › İş №2(105)-3291/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3291/2021

08.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3291/2021 08.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)-27/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)-27/2021 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin tutulması» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)-27/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əldən çıxmış fayda olaraq 57.000 manat və qətnamə icra olunan günədək hər ay üçün 1000 manat pulun, 30.000 manat mənəvi ziyanın, 500 manat hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əldən çıxmış fayda olaraq 64.000 manat, cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsini tərk edənədək hər ay üçün 1000 manat pulun, 50.000 manat mənəvi ziyanın, 500 manat hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi uzun illərdir ki, onun xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin bir hissəsini məcburi köçkün olan cavabdehlər zəbt edərək orada yaşamaqdadırlar. Uzun illərdir ki, Cavabdeh1 onlara qarşı hədə-qorxular gələrək onlara məxsus əmlakı yandıracağı, onların başına oyun açacağını bildirərək onlardan külli miqdarda (300 000 manat) pul və ya ona şəhərin mərkəzi hissələrində 3-4 otaqlı ev almaqlarını tələb edir. Bütün bunlardan təngə gələrək hazırkı cavabdehlərin onun mülkiyyətində olan sahədən çıxarılmaları ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia təmin edildikdən sonra cavabdehlər tərəfindən şikayət verilmədiyindən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən cavabdehlərin adlarına hər hansı yaşayış sahəsinin olub-olmaması ilə bağlı sorğu göndərildikdən sonra məlum olmuşdur ki, Cavabdeh2 adına Xırdalan şəhərində, digər Cavabdeh4 adına isə Nərimanov rayonunda mənzillər vardır. Həmin sorğulara cavab alındıqdan sonra icra məmuru məcburi icra tədbirinin həyata keçirilməsinə başlamışdır. İlk dəfə cavabdehlərin ona məxsus sahədən çıxarılması ilə bağlı həmin ünvana getdikdə Cavabdeh1 apellyasiya şikayəti verəcəyini bildirmişdir. Bu səbəbdən də icra işi təxirə salınmışdır. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə müddətin ötürülməsi səbəbindən qeyri-mümkün hesab edilmişdir. İcra məmurunun yenidən məcburi çıxarılma cəhdi uğursuz olmuşdur. Həmin qərardaddan cavabdehlər tərəfindən kassasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nəhayət, sonuncu dəfə Cavabdeh1 və ailə üzvləri məcburi icra hərəkətləri ilə 06.03.2020-ci il tarixdə onun mülkiyyətiində olan sahədən çıxarılmışdılar. Cavabdeh1 ona 5000 manat pul verilməsini tələb etmiş və onlar da artıq münaqişəyə son qoyulması üçün həmin məbləği ona vermişdilər.Cavabdeh1 çıxarılma ilə bağlı akta imza etmiş, həmçinin iltizam imzalayaraq 1-2 gün içərisində əşyalarını da götürəcəyini bildirmişdir. Sahənin qıfılları dəyişdirilərək ona təhvil verilmişdir. Lakin S. İsmayılov sonradan əlavə olaraq ondan pul tələb etmiş, ona pul verilməyəcəyi təqdirdə qapının qıfıllarını qıracağı, qeyri-yaşayış sahəsinə ziyan yetirəcəyi ilə hədələmişdir. Onun hədə-qorxuları ilə bağlı Nəsimi rayon 20-ci polis bölməsinə müraciət edilsə də, bir nəticəsi olmamışdır. O, cavabdehə əlavə pul verməyəcəyini bildirmişdir. Təxminən 10 gün müddətində iona qarşı hədə-qorxuları davam etdikdən sonra 15.03.2020-ci il tarixdə Cavabdeh1 (özünün deməyinə görə arvadı) qapının qıfıllarını sındıraraq yenidən həmin sahəyə daxil olaraq sahəni təkrar zəbt etmişlər və ordan çıxmayacaqlarını bildirmişlər. Cavabdeh1 qapını sındırması və sahəyə daxil olması ilə bağlı polis orqanlarına müraciətlər edilmiş, hazırda müvafiq polis orqanında araşdırma da davam edir. Lakin Cavabdeh1 onun mülkiyyətində olan sahəni zəbt etməkdə davam etmişdir. Cavabdeh1 həmçinin 07.03.2020-ci il tarixdə qafqaz.info saytına müraciət etmiş, sayt tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə sorğu göndərilmiş və Dövlət Komitəsindən bildirilmişdir ki, Cavabdeh1 həyat yoldaşı və qızının adına mənzillər olduğundan Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasının 2.11.2-ci bəndinə əsasən yaşayış sahəsi verilməyəcəkdir. İradə Xudaverdiyevanın 29.09.2015-ci ildən yaşayış sahəsi əldə etdiyi nəzərə alınsa, müəyyən olunur ki, həmin tarixdən Cavabdeh1 və ailə üzvləri öz mənzilləri olduğu halda, məcburi köçkün statusundan sui-istifadə edərək zəbt etdikləri mülkiyyətdə olan sahədə yaşamağı davam etdirməkləona maddi və mənəvi ziyan vurmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2017ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasının 2.11.2-ci bəndində qeyd olunur ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Cavabdehlər ümumilikdə 58.2 m2 üç otaqdan ibarət sahəni, 9.6 m2 sanitar qovşağı, 16,1 m2 yardımçı sahəni və 50 m2-dən artıq dəhlizi zəbt etmişlər. Ümumilikdə zəbt olunmuş sahə 140 m2-dən artıqdır. Həmin sahəni 29.09.2015ci il tarixdən ən azından 1000 manata icarəyə verilə biləcəyini nəzərə alınsa, 01.07.2020-ci il tarixə qədər 57000 manat əldə edəcəyi gəlirdən məhrum olduğu aydın olur. Buna sübut olaraq poçt şöbəsi ilə bağlanmiş müqaviləyə əsasən 27,5 m2 sahə aylıq 200 manata icarəyə verilmişdir. 27,5 m2 sahənin 200 manata icarəyə verildiyi nəzərə alınsa, 140 m2 sahənin icarə haqqı 1018 manat (140 : 27,5 x 200) təşkil edir. İcarə haqqının həmin sahə üçün az olmasının səbəbi sahənin balaca olması və cavabdehlərin zəbti nəticəsində bitişik sahədən təyinatı üzrə kommersiya obyekti kimi istifadə imkanlarının azalmasıdır. Sahə böyük olduğu təqdirdə, daha yüksək məbləğə icarəyə verilə biləcəyi də nəzərə alınmalıdır. Həmçinin, dəfələrlə müxtəlif şəxslər icarəyə verilən sahənin kiçik olması səbəbindən icarəyə götürməkdən imtina etmişlər. Həmçinin, daha böyük sahə olduğu təqdirdə daha yüksək məbləğə icarə yeri axtaran kifayət qədər şəxs olmuşdur. Göründüyü kimi, cavabdehlərin heç bir qanuni əsas olmadan onun mülkiyyətində olan sahəni zəbt etmələri səbəbindən Azərbaycan Respublikası Konstitusiyasının 59-cu, Mülki Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından məhrum olmuşdur. Cavabdehlərin 29.09.2015-ci il tarixdən mənzillərinin olması və bu səbəbdən də Qaçqınkomun onlara mənzil verilməsindən imtina etməsi, ona məxsus sahədə artıq 29.09.2015-ci il tarixdən yalnız ondan külli miqdarda pul almaq məqsədilə yaşamalarını sübut etməkdədir. Qeyd olunanlara əsasən əldən çıxmış fayda olaraq cavabdehlərdən 57000 manat və qətnamə icra edildiyi tarixədək hər ay üçün 1000 manat tutularaq ona ödənilməlidir. Son olaraq göstərilənlər cavabdehlərdən mənəvi zərərin tutulmasını da zəruri edir. İşin hallarından da görünür ki, cavabdehlərin onun əmlakını zəbt edərək qanunsuz istifadə etmələri, həmçinin 2015-ci ildən öz evləri ola-ola sahəni boşaltmamaları ilə yanaşı, onlara şəhərdə 3 otaqlı ev almasını tələb edərək hədə-qorxu gəlirlər. Bunun hər hansı bir xüsusi olaraq sübuta ehtiyacı yoxdur ki, cavabdehlərin ona məxsus sahədə heç bir hüquqi əsası olmadan məskunlaşmaları, onun uzun illərdir ki, maddi ziyana məruz qalmağı ilə yanaşı, haqlı olduğu halda, cavabdehin əsassız olaraq ona ev almağını tələb etməsi və hədələməsi mənəvi ziyanın tutulması üçün əsasdır. Həmçinin, cavabdehlərin məhkəmə qətnaməsinin icrasından sonra yenidən qapının qıfıllarını sındıraraq sahəyə daxil olmaları, bununla bağlı polis orqanlarına müraciətlər etmələri və s. kimi halar da mənəvi zərərin vurulmasını sübut edir. Mənəvi ziyanın məbləğinin müəyyən edilməsinin hər hansı əsasları olmasa da, məhkəmə tərəfindən mənəvi ziyan tutularkən işin halları,onun mənəvi təzyiqlərə hansı həcmdə və hansı müddətdə məruz qalması, məruz qaldığı maddi ziyanın onun mənəvi durumuna hansı həcmdə təsir etməsi və s. hallar müəyyən edilməlidir. O mənəvi ziyanı 30.000 manat məbləğində qiymətləndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 01 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı, 29.03.2011-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olur ki, ünvan 2 ünvanda yerləşən 459,5 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adınadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli, 2(006)-2251/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Novruzov Qardaşları küçəsi, 10a ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı verilməsi qət edilmişdir. 05.01.2016-cı il və 01.03.2021-ci il tarixli icarə müqavilələrinin surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 27.50 m2 olan hissəsi üzərində icarəyə verən İddiaçı və icarəçi "xxxx" MMC-nin nümayəndəsi arasında icarə müqaviləsi bağlanmışdır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22 yanvar 2021-ci il tarixli №**********33 saylı məktubundan göründüyü kimi cavabdehlərin adına hazırda Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. AZ-İ№ 316381 saylı nikahın pozulması haqqında şəhadətnamənin sürəti ilə müəyyən olur ki, Cavabdeh1 və Cavabdeh2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahin ləğv edilməsi barədə akt qeydləri kitabında 17.05.2019-cu il tarixdə 28 № ilə qeyd edilmişdir. AZ T № 005280 saylı nikah haqqında şəhadətnamənin sürətindən göründüyü kimi X3 ilə X1 arasında 13.06.2012-ci il tarixində nikah bağlanmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, onlar 1993-cü ildə Zəngilan rayonundan qaçqın düşən zaman Gənclikdə məskunlaşmışlar. Sonradan ailə üzvləri ilə birlikdə həmin il indiki yaşadıqları ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsində məskunlaşmışlar. Həmin qeyri yaşayış sahəsində onlardan başqa 8 ailə də məskunlaşmışdır. Qeyri yaşayış sahəsinin bir tərəfində poçt olmuşdur .Poçt indiyədək fəaliyyət göstərir. Həmin vaxtlar iddiaçının atası onlar yaşadığı yerdə sığorta şirkətində işləmişdir. Onlar həmin yerdə yaşaya-yaşaya 1998-ci ildə iddiaçının atası X4 məcburi köçkünlərin yaşadığı qeyri yaşayış sahəsini pulla özəlləşdirmiş və 2008-ci ildə iddiaçının anası Natella xanımın adına qeydiyyata alınmışdır.. Sonra mülk bölünmüş, yarısı Kamrana, yarısı bacısına düşmüşdür. Onlar Kamrana aid olan hissədə qalmışlar.Yaşadıqları yerdə şərait yaxşı olmadığına görə həyat yoldaşı “Kristal Abşeron”dan ipotekaya ev almışdır. Lakin 4 ay ödəniş edə bilmədiyinə görə evi əlindən almışdılar.Həyat yoldaşı ilə münasibətləri pozulduğu üçün boşanmışlar. Yaşamağa başqa yerləri olmadığına görə məskunlaşdığı yerdə ayrı-ayrı otaqlarda yaşamağa məcbur olmuşlar. Qızı Cavabdeh4 2012-ci ilin iyun ayında X3 ilə ailə qurmuş və həmin vaxtdan həyat yoldaşının evində yaşayır. İddiaçı onların yaşadığı qeyri yaşayış sahəsini öz adına keçirdiyi 2011-ci il tarixdən bəri həmin sahədə yaşayan məcburi köçkünləri çıxarmağa çalışmışdır. Sonradan iddiaçı onu məhkəməyə vermiş və yaşadığı yerdən çıxarılması barədə qətnamə çıxarılmışdır. Polislər gəlib onları evdən çıxartmışlar. Yoldaşını yerdə sürümüşlər. Həmin vaxt qudası telefonla çəkiliş etdiyinə görə telefonu əlindən alıb sındırmışlar. Məcbur evdən çıxmışlar ki, ölüm-itim olmasın. Əslində iddiaçının atası kirayə pulunun bir hissəsini ödəyəcəyini bildirmişdir. Lakin sonradan evdən çıxandan sonra kirayə pulunun verməsindən imtina etmişdir. Qalmağa yerləri olmadığına görə yenə evə qayıtmışlar. Heç bir ailə üzvlərinin adına ev yoxdur. İradə onun həyat yoldaşı olub, 2019-cu ilin may ayında boşanmışlar. Hazırda oğlu ilə yaşayır. O, özü həmin mübahisəli ünvanda yaşayır.İcra məmuru da, qaçkınkomda heç bir araşdırma aparmadan onlara aid evlərinin olmasını deyirlər, lakin onların evləri olmamışdır. Hazırda onun yaşamağa başqa bir yeri yoxdur. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahat verərək yuxarıda qeyd olunan faktı eynilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdılar. Həmin qeyri yaşayış sahəsində onlardan başqa 8 ailə də məcburi köçkün kimi orada məskunlaşmışdır. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2011-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir. Yaşadıqları yerdə şərait yaxşı olmadığına görə Cavabdeh2 2016-cı ildə “Kristal Abşeron”dan ipotekaya ev götürmüşdür. Ödənişləri vaxtı vaxtında ödəyə bilmədiyinə görə ev satılaraq, satışdan ona 10.000 manat pul verilmişdir. İddiaçı mülkiyyətində olan sahədən cavabdehlərin çıxarılmaları ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(06)- 2251/2019 saylı 13.03.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi və qətnamənin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nəsimi rayon İcra və probasiya şıbəsinə göndərilmiş, icra tədbirləri zamanı cavabdehlər mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılmışdır, lakin yaşamağa yerləri olmadığına görə yenidən məcburiyyət qarşısında həmin mübahisəli qeyri-yaşayış sahəsinə qayıtmışlar və hal hazırda da həmin sahədə yaşamaqdadırlar. İddiaçı iddia tələbində cavabdehlərin onlara məxsus evlərinin olmasına baxmayaraq onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxmamaqla ona maddi və mənavi ziyan vurulduğunu iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehlər iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsindən çıxarıldığı zaman Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Məhkəmənin cavabdehlərin yaşayış sahəsi ilə təmin olunub-olunmaması və ya hansı əsaslarla təmin olunmadığları ilə bağlı sorğusu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən cavabsız qalmışdır.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 22 yanvar 2021-ci il tarixli №**********33 saylı məktubunda bildirilmişdir ki cavabdehlərin adına hər hansı bir daşınmaz əmlak aşkar olunmamışdır.Belə olan halda, cavabdehlər məcburi köçkün kimi məskunlaşdığı qeyri-yaşayış sahəsi üçün iddiaçı tərəfindən tələb olunan maddi və mənəvi zərərə görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)-27/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar