Məhkəmə qərarları › İş №2(105)-330/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-330/2021

09.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-330/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə,İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3516/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3516/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia ərizəsində göstərilən iddiaçıya məxsus 1 ədəd “LG” markalı soyuducu (dəyəri 1260 manat) və ya onun dəyəri cavabdeh X1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın həmi hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona məxsus 1 ədəd televizor (790 manat), 1 ədəd LC markalı soyuducu (1260 manat), divan-kreslo (960 manat) və 1 ədəd döşəkdən (97 manat) ibarət olan cehiz əmlakın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə AR MPM-nin 9.3-cü maddəsinin tələblərini də pozmuşdur. Məhkəmə öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin izahatlarıyla, sənədlərlə əsaslandırmalıdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına miivafıq olaraq qiymət verir .AR Mülki Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin hallarına əsasən onun cavabdehlərlə bir mənzildə yaşamağı, iddia etdiyi əmlakların həmin mənzildə olması, ailənin əmlaklardan istifadə etməsi mübahisələndirilmir. Həmin əmlakların cavabdehlərin istifadə və sərəncam verməsi də məhz həmin əmlaklardan onun tərəfindən istifadəyə imkan verməmələri cavabdehlər tərəfindən mübahisələndirilmir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən və hazırki tələbdən aydındır ki, cavabdehlər onu mənzildən qovub, həmin əmlakları həmin mənzildə saxlamış, üzərində sərəncam vermişlər, hətta həmin əmlakların bir hissəsinin ev sökülərkən söküntü altında qalmasını görmüş, guya söküntü altında qalmışdır, ya da həmin əmlakları başqasına vermiş, satmışdır. Cavabdeh3 əmlakların hamısının mövcud olmasını, televizorun kreditlə alınması, divan kreslonun ev sökülərkən söküntünün altında qalmasını, soyuducunun kreditlə alınmasını, hazırda cavabdeh Faiq Hüseynovda olması, onun və anası Cavabdeh2 iddiaya cavab verməli şəxslər olmamalarını bildirmişdir. Lakin nədənsə məhkəmə onun izahatını sübut kimi qiymətləndirməmişdir. Onun “ Pioner “ilə “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış girov müqaviləsinə əsasən “Pioner” mağazasından alınmış “ LC” markalı televizor və soyuducu verilmiş kreditin təminatı olaraq banka girov qoyulmasını, müqavilədə əşyaların dəyəri 1500 manat göstəriilməsini də sübut kimi qiymətləndirməmişdir. Məhkəmə Cavabdeh3 məhkəmə iclasında “ LC” markalı soyuducunun qardaşı ilə birgə yaşadıqları dövrdə kreditlə alındığını və hal-hazırda qardaşı Faiq Hüsynovda olduğuna da sübut kimi qiymət verməmişdir. Tələbinin sübut olunmasını cavabdehlər də təsdiq edir, “Pioner “ilə “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış girov müqaviləsi də . Həmin müqaviləyə əsasən də təsdiq edilir, divan barədə tələb təmin edilir, televizor barədə tələb təmin edilmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın həmi hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində və izahatında birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi 1 ədəd televizor (790 manat), divan-kreslo (960 manat) hissəsində təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12146/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9 saylı tam orta məktəbin həyətində inşa edilmiş üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və iddiaçı həmin fərdi yaşayış evinə köçürülmüşdür. İş materiallarında olan 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş aktda göstərilmişdir ki, İddiaçı 2006-cı ilin avqust ayından X3 ilə faktiki ailə qurmuş və faktiki nikahdan onun 2007-ci il sentyabrın 20-də oğlu Taleh doğulmuşdur. İddiaçı 3 nəfər ailə tərkibi ilə 2006-cı ildən 2017-ci ilin may ayına qədər Sumqayıt şəhəri, 9 saylı tam orta məktəbin həyətində inşa edilmiş, qaynanası Cavabdeh2 məxsus 4 otaqdan ibarət olan həyət evinin 1 otağında yaşayıb. Həmin otaqda İddiaçı məxsus cehiz əmlakı - 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo və 1 ədəd döşək olmuşdur. 2017ci ilin may ayında İddiaçı oğlu ilə birgə əri tərəfindən evdən qovulmuşdur. xx.xx.2018-ci il tarixdə o, məhkəmə qaydasında həmin evin arxa divarından giriş-çıxış qapısı açılmış 1 otağına köçürülüb. Sonradan əməliyyat olunması və müalicəsi ilə əlaqədar İddiaçı evdə olmamasından istifadə edən ailəsi tərəfindən mənzilin açar və kilidi dəyişdirilmiş, bu səbəbdən İddiaçı və oğlu evə köçə bilməmişlər. 2019-cu ilin may ayında ev sökülərkən İddiaçı məxsus əşyalar X3, anası Cavabdeh2 və digər oğlu Cavabdeh3 tərəfindən aparılmışdır. İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixində bağlanmış girov müqaviləsinə əsasən iddiaçı tərəfindən “Pioneer” mağazasından alınmış “LG” markalı televizor və soyuducu verilmiş kreditin təminatı olaraq banka girov qoyulmuşdur. Müqavilədə əşyaların ümumi dəyəri 1500 manat göstərilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 öz izahatında bildirdi ki, o, iddiaçı və cavabdehlərin qonşusu olmuşdur. O, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktı imzalasa da, onun mahiyyətini tam olaraq başa düşməmişdir. O, həqiqətən də iddiaçının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9 saylı tam orta məktəbin həyətində inşa edilmiş fərdi yaşayış sahəsində yaşadığına şahidlik edir. Lakin iddiaçının həmin ünvana gətirdiyi əşyaların nələrdən ibarət olduğunu bilmir. O, həmin əşyaların həmin evdə yerləşdirilməsində iştirak etməmişdir və evdə iddiaçıya məxsus hansı əşyaların olduğunu bilə bilməzdi. Birinci instansiya məhkəməsi iddiaçı və cavabdeh Faiq Hüseynovun rəsmi nikaha daxil olmadıqları üçün həmin əşyaların birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməməsini, Cavabdeh3 isə soyuducunun həqiqətən mövcud olduğunu və qardaşı Faiq Hüseynovda olduğunu bildirməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbini 1 ədəd televizor (790 manat), divan-kreslo (960 manat) hissəsində təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının “Pioneer” mağazasından 1500 manat dəyərində “LG” markalı televizor və soyuducunu kreditə alması iş materiallarında olan “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixində bağlanmış girov müqaviləsi ilə təsdiq edilir. Lakin birinci instansiya məhkəməsi soyuducunun cavabdeh Faiq Hüseynovda olmasına dair Cavabdeh3 izahatına əsasən həmin hissədə təmin etsə də, soyuducu ilə yanaşı televizorun da kreditə alınmasını və müqavilə ilə girov predmeti olmasını nəzərə almamışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehlərdən Faiq Hüseynov ərarvad münasibətlərində olmuş, qeyd edilən televizor və soyuducu onların birgə yaşadıqları müddətdə iddiaçı tərəfindən alınmışdır. İddiaçı cavabdehlə bir mənzildə yaşadıqdan sonra həmin mənzili o tərk etmişdir. Belə olan halda soyuducu ilə yanaşı, eləcə də divan-kreslo da iddiaçının yaşadığı evdə qalmışdır. Bundan əlavə iş materiallarından görünür ki, əmlakların olduğu və tərəflərin yaşadıqları mənzil sökülərkən divan söküntülər arasında qalmışdır. Bu fakt cavabdehlərin izahatı ilə təsdiq edilir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus olan və kreditə götürülmüş soyuducunun cavabdeh Faiq Hüseynovda qalması və iddiaçının cavabdehə məxsus evə tərk etməsi nəzərə alınarsa, soyuducu ilə yanaşı kreditə alınmış televizorunda həmin mənzildə Faiq Hüseynov istifadəsində qalması ağlabatandır. Bundan başqa tələb olunan divan-kreslonun isə mənzilin söküntüsü zamanı dağıntılar altında qalması barədə cavabdehlərin izahatı nəzərə alınarsa, iddiaçının mənzili tərk edən zaman həmin əmlakın da cavabdeh Faiq Hüseynovun sərəncamında qalması təsdiq edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, idida tələbində göstərilən televizor və divan-kreslo da cavabdeh Faiq Hüseynovun sərəncamında qaldığından həmin əmlaklar da cavabdeh Faiq Hüseynovdan alınaraq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası iddia tələbinin 1 ədəd döşəyin cavabdehdən alınmasına dair hissəsində qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilən əmlakın cavabdehlərdə olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Göründüyü kimi, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də iddiaçı qeyd edlən döşəyin cavabdehlərdə qalmasına dair hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək məhkəmə qətnaməsi qismən, iddia tələbinin 1 ədəd televizor və divan kreslo hissəsində təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vact əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 3516/2020 saylı qətnaməsi 1 ədəd televizor (790 manat) və divan-kreslonun (960 manat) alınmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, 1 ədəd televizor (790 manat) və divan-kreslo (960 manat) cavabdeh X1 alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3516/2020 saylı qətnaməsi 1 ədəd televizor (790 manat) və divan-kreslonun (960 manat) alınmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 1 ədəd televizor (790 manat) və divan-kreslo (960 manat) cavabdeh X1 alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Apelyasiya şikayəti qismən təmin olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar