Məhkəmə qərarları › İş №2(105)-330/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-330/2024

21.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-330/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X29 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlaka dair payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin e-2(027)-987/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın təmin edilməsi, İddiaçı mərhum atası X5 və X2ndan miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirası faktiki qəbul etməsi və İddiaçı miras əmlaka dair 1/5 hissədə vərəsəlik üzrə payı müəyyən edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Mərhum X2ndan miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın faktiki qəbul olunması və miras əmlaka dair 1/5 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum atası X5 və X2ndan miras qalmış Quba rayonu, Alıc- Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın faktiki qəbul olunması və miras əmlaka dair 1/5 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi Quba rayonu, X32 1977-1979-cu illərə aid Digah kəndi üzrə 13 saylı təsərrüfat başına kitaba əsasən, atası X10 məxsus olmuş, 1977ci ildə atasının vəfatından sonra X6 adının üzərindən xətt çəkilmiş və üzərində X7 yazılmışdır. X2 xx.xx.1991-ci ildə vəfat etmişdir. Bundan sonra, hansısa yolla Quba rayon, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi əmlakın sahibi olan anasına heç bir qohumluq bağı olmayan ögey oğlu X13 adına keçmişdir. O, isə miras qoyan doğma anası X1 orada yaşamış, xəstə anasına baxmış, anasının vəfatından sonra dəfnini təşkil etmiş, hazırda da miras qalmış evdə yaşayır və əmlakı faktiki idarə edir. Əmlakın pay bölgüsündə 1/5 hissə açıq qalmışdır ki, həmin hissə də ona düşən paydır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qətnamədə göstərilir ki, həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İş materiallarında olan sənədlərdən də görünür ki, vərəsəlik 1991-ci ildə açılmışdır. Lakin, iddiaçının vərəsəlik açılan gündən 6 ay müddətində həmin maddədə göstərilən hərəkətləri etməsə də (bununla bağlı sübutlar mövcud deyil), məhkəmə iddiaçının xeyrinə qərar qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının bu vaxtadək susması faktını nəzərə almamışdır. Belə ki, iddiaçı bu illər ərzində susmuşdur. Yəni, iddiaçı vərəsə olduğunu bildiyi halda vərəsəlik açıldığı gündən nəinki altı ay ərzində, hətta bu vaxta qədər mirası qəbul və ya imtina etməsinə dair iradəsini ifadə etmədiyinə görə Mülki Məcəlləsinin 1273- 1-ci maddəsinə görə vərəsəlik hüququnu itirmişdir. Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Belə olan halda iddiaçının payı mirası vaxtında qəbul etmiş vərəsələrin – hazırkı halda atam X13 payına əlavə edilməlidir. Hətta, məhkəməyə təqdim edilmiş “iddia ərizəsinə etiraz” və “iddia ərizəsinə etiraza əlavə” ərizələrində də bu maddəyə istinad edərək iddiaçının iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, qətnamədən də görünür ki, məhkəmə işə baxarkən nəzərə almamışdır. Bu da Mülki Məcəllənin müddəalarının pozulması deməkdir. İş materiallarında olan arxiv arayışlarından da görünür ki, vərəsəlik açıldığı tarixdən, yəni 1991-ci ildən Beybala oğlu miras əmlakın yeganə təsərrüfat başçısı olmuş və ondan başqa heç kimin adı yoxdur. Belə olan halda atası mirası tam qəbul edib idarə etmiş sayılır. Lakin, məhkəmə həmin arayışlara istinad etmədən və bu halı nəzərə almadan işə qiymət vermişdir. Qeyd edilməsi zəruridir ki, işin halları bölməsində bu barədə ətraflı izahat verilmişdir. Məhkəmə hazırkı işə baxarkən AR Mülki Prosessual Məcəlləsinin 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, məhkəmə Mülki Prosessual Məcəllənin 76.1 və 81-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçının sübut kimi təqdim etdiyi və Quba Rayon Məhkəməsinin qətnamə çıxararkən istinad etdiyi Quba rayon İHB-nin Amsar kənd İƏD üzrə nümayəndəliyinin 11 may 2023-cü il tarixli arayışını iddiaçının yazılı sübut kimi xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Arayışın mətnindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə Quba rayon İHB-nin Amsar kənd İƏD üzrə nümayəndəliyinə müraciət etmişdir. Hazırkı iş üzrə hazırlıq iclası isə xx.xx.2023-cü il tarixdə keçirilmiş və xx.xx.2023-cü il tarixə baxış iclası təyin edilmişdir. Göründüyü kimi iddiaçı arayışı əldə etmək üçün müraciətini belə hazırlıq iclası tamamlandığı tarixdən sonrakı müddətdə etmişdir. Eyni zamanda iddiaçı müraciətinə cavab olan xx.xx.2023-cü il tarixli arayışı da əldə edən kimi deyil, xx.xx.2023-cü il tarixdə, yəni baxış iclasından təyin edilən gündə iclas saatından sonra təqdim etmişdir. Beləliklə, iddiaçı ondan asılı olmayan səbəblər olmadan sübutun təqdim edilməsi müddətini ötürmüşdür, həmçinin bu sübutun təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlməmişdir. Bu isə MPM-nin 78.1-ci maddəsinə ziddir. Bu səbəblə məhkəmədə sübutun rədd edilməsi barədə vəsatət qaldırsa da, görünür ki, məhkəmə vəsatəti təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının mərhum atası X5 və X2ndan miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın faktiki qəbul etdiyindən miras əmlaka dair 1/5 hissədə payı müəyyən edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi miras əmlaka dair payın müəyyən edilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1274 və 1275-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası iddia tələbinin mirasın fatiki qəbul edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununl bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. İşdən görünür ki, hazırkı iş üzrə İddiaçı mirasdan imtina etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin miras əmlakın fatiki qəbul edilməsi tələbinə qiymət verilməsi halı aradan qalxdığından, miras əmlakda iddiaçının payı müəyyən edilməlidir. Mübahisəli fərdi yaşayış evin əvvəllər iddiaçının atası, cavabdehin babası Beybala İsrailovun mülkiyyətində olması, X11 xx.xx.1977-ci il tarixdə vəfat etməsi, onun vəfatından sonra iddiaçının anasının sahibliyində və mülkiyyətində olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1159.1.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür (Mülki Məcəllənin 1274-cü maddəsi). Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-240/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Quba rayonu, Digah kəndində yerləşən 0.16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0.08 ha toraq sahəsi və ümumi sahəsi 96.1 kv.m olan fərdi yaşayış evindən İddiaçı və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının istifadə hüquqlarına 2000 manat kompensasiya verilməklə xitam verilmiş, İddiaçı və Paşayeva (Məcidova) X26 rayonu, Digah kəndində yerləşən 0.16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0.08 ha torpaq sahəsi və ümumi sahəsi 96.1 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları, İddiaçı tərəfindən verilmiş qarşılıqlı iddia isə təmin edilməməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-240/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4378/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-72/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırkı işdə Cavabdeh həmin evin vərəsəlik qaydasında atasından qəbul edərək, hazırda onun mülkiyyətində olmasını iddia etsə də, iş materialları ilə, o cümlədən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Cavabdeh mülkiyyət hüququ fərdi yaşayış evinin yalnız 1/5 hissəsi üzərində qeydiyyata alınmışdır. Evin qalan hissələri X13 (3/5 hissədə) və X12 (1/5 hissədə) mülkiyyətində qalmaqdadır. Daha sonra iş materiallarından müəyyən olunur ki, mərhum X12 ölümündən sonra onun övladlarından X19 ilə yanaşı, X17, X18 və X14 mirası notariat orqanına müraciət etməklə qəbul etmiş və sonuncular paylarını iddiaçının atasına satmışlar. Lakin miras əmlakdan 1/5 hissədə pay rəsmi qaydada qəbul olunmamış və açıq saxlanılmışdır. İddiaçı mübahisəli əmlaka mülkiyyət hüququnun olmasını iddia etmiş, bunu atasının ölümündən sonra fərdi yaşayış evinin X2nın mülkiyyətinə keçməsi, sonuncunun ölümündən sonra isə miras əmlakı faktiki qəbul etməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, X8 qalan miras əmlaka 1/5 hissədə pay açıq saxlanılmışdır. Həmin payın hansı vərəsəyə aid olmasına dair həmin işdə sübut olmasa da, onun məhz cavabdehin miras payı olmasını ehtimal etmək üçün kifayət qədər əsaslar vardır. Belə ki, miras qoyanın hazırki vərəsələrdən, cavabdeh İddiaçı, habelə sonuncunun anası (mirasqoyanın arvadı) X3 başqa digər vərəsələrin olması iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi qüvvədə olan məhkəmə aktları ilə miras əmlakdan 1/5 hissədə pay rəsmi qaydada qəbul olunmamış və açıq saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mərhum Bəybala İsrailovdan miras qalan əmlaka 1/5 hissədə pay açıq saxlanıldığından və payın həmin hissəsinə miras qoyanın iddiaçıdan başqa hazırda digər vərəsəsi olmadığından (arvadı X9 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir) iddia tələbi təmin edilməli, iddiaçının atası X5 miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsinə dair İddiaçı vərəsəlik üzrə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mərhum atası X5 miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsinə vərəsəlik üzrə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar