Məhkəmə qərarları › İş №2(105)-3331/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3331/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3331/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)- 2201/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-2201/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15 may 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 “Yelo Bank" ASC-nin xeyrinə 2018-cü il 15 may tarixli kredit müqaviləsi üzrə 17752.63 manat əsas, 1353.04 manat faiz, 228.98 manat cərimə borcu, cəmi 19334.65 (on doqquz min üç yüz otuz dörd manat altmış beş qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 60 (altmış) manatın tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 38.000 (otuz səkkiz min) manat müəyyən edilməsi, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq iddiaçı “Yelo Bank" ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mülki iş üzrə aparılmış məhkəmə– əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 150 (bir yüz əlli) manatın Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Cavabdeh1 oğlu apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-2201/2021 saylı qətnaməsinin ləğv edilməsi, borcun faktiki qalan hissəsinin qrafik üzrə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 “Yelo Bank" ASC-nin xeyrinə 2018-cü il 15 may tarixli kredit müqaviləsi üzrə 17752.63 manat əsas, 1353.04 manat faiz, 228.98 manat cərimə borcu olmaqla cəmi 19334.65 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən, 2 otaqlı, 39.9 kv.m ümumi, 27.5 kv. m yaşayış sahədən ibarət 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15 may 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən açıqaydın görünür ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməklə, özünün heç bir hüquqi və faktiki əsası olmayan mülahizələrini öz dəlillərinin əsası kimi qəbul etməklə formal əsaslan¬dırma ilə, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında bildirmişdir ki, iddianı qismən qəbul edir. Bankla aralarında müqavilə bağlanmış, borc götürmüş və onu övladının təhsilinə yönəltmi¬ş, lakin bütün dünyanı cənginə almış pandemiya ilə bağlı karantin rejiminin tətbiqi ilə əlaqədar pulu ödəməkdə çətinlik çəkmişdir. Əgər bankla aralarında yeni cədvəl tərtib edilərsə, borcu hissə-hissə ödəməyə razıdır. Karantin rejimi tətbiq edildiyi dövrə də bank tərəfindən faizlər hesablanıb. Bunu əsassız hesab edir və məhkəmədən faiz və cərimənin silinməsini xahiş etmişdir. Əsas borcu ödəməkdən boyun qaçırmadığını, Bank tərəfindən şərait yaradılarsa öhdəliklərini hissə-hissə icra etməyə hazır olduğunu bildirmişdir. Lakin keçən müddət ərzində ölkə ərazisində baş verənlərlə əlaqədar 18 oktyabr 2020-ci il tarixli ərizə ilə iddiaçıya, 29 oktyabr 2020-ci il tarixli ərizələrlə Mərkəzi Banka, Azərbaycan Respublikası Prezidentinin aparatına müvafiq vəziy¬yətlə bağlı köməklik göstərilməsi xahişi ilə müraciətlər ünvanlasa da iddiaçı tərəf borcun qaytarılmasında heç bir güzəşt etməmişdir. Hər bir kredit götürən şəxs kimi, o da kredit götürməklə öz problemlərinin bir qismini həll etməyə ümid etmişdir. Kredit götürdükdən bir müddət sonra vəziyyətin onun iradəsindən asılı olmayan səbəblər üzündən kəskin dəyişməsi, maddi durumu ilə bağlı digər mühüm amillərin də əhəmiyyətli dərəcədə dəyişməsinə birbaşa təsir göstərmişdir. Kreditor İddiaçı ASC-nin məhkəməyə ünvanladığı tələbdə, götürülmüş kreditdən qaytarılmış məbləğ, həmin məbləğin ümumi məbləğə nisbəti və faktiki faiz dərəcəsi, ödənişin nə vaxtdan edilməməsi, bunun səbəbləri, eləcə də borc məbləğin yaranma əsasları barədə məlumatlar nədənsə acıqlanmamış və bunlara dair ətraflı izah verilməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2201/2021 №-li, 30 iyul 2021-ci il tarixli, 2(060)-6803/2017 №-li qətnaməsinin ləğv edib, borcun faktiki qalan hissəsi¬nin qrafik üzrə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, 2018-ci il 15 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt" filialından illik 20%-lə 60 ay müddətinə 24.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən, 2 otaqlı, 39.9 kv.m ümumi 27.5 kv.m yaşayış sahədən ibarət 3/40 nömrəli evin 26 nömrəli mənzili 2018-ci il 15 may tarixli sonrakı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 15 may tarixli kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi saylır və müqavilənin 2.5-ci bəndinə əsasən bank 72 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh1 2018-ci il 15 may tarixli kredit müqaviləsi üzrə banka 17752.63 manat əsas, 1353.04 manat faiz, 228.98 manat cərimə borcu olmaqla ümumilikdə 19334.65 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, biriunci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, cavabdeh iddia tələbinin təmin edilən hissəsindən apellyasiya şikayəti vermis, iddia tələbinin təmin edilməmiş hissəsindən apellyasiya şikayəti verilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində müzakirə edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 15 may 2018ci il tarixli, 4-G-1-2-0-236-18 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 24000 AZN məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın banka olan əsas borcu 17752,63 manat əsas, 1353,04 manat faiz, 228,98 manat cərimə, cəmi borc 19334,65 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 15 may 2018ci il tarixli, 4-G-1-2-0-236-18 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən, 15 may 2018-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 40.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanına dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 76 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində, 22.05.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 04.11.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarında olan "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 14-cü məhəll, ev 3/40, 26 saylı mənzilin bazar dəyəri 45.000 manat, likvid dəyəri 38.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan iş materiallarına istinadən tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməsi, lakin cavabdehin kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməməsini, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməməsini müəyyən edərək iddianı yuxarıda qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2, 269.1, 269.4, 319-cu və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə haqlı olaraq Cavabdeh1 ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirərək Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin ləğv edilməsi tələbini qanuni saymış və hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv olunmalıdır. Bundan əlavə məhkəmə kollegiyası müqavilə üzrə Cavabdeh1 17752.63 manat əsas və 1353.04 manat faiz borcunun tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh M.Abbaov arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilə üzrə Cavabdeh1 17752.63 manat əsas və 1353.04 manat faiz borcu olması da iş materiallarında olan 12.01.2021-ci il tarixli maliyyə arayışı (i.v.7) ilə təsdiqini tapır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit razılaşmasının 2.5-ci bəndində əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən əsas borca görə 228,98 manat cərimə borcu tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 17752,63 manat əsas borca görə 228,98 manat cərimə borcunun müəyyən edilməsi ağlabatandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın ödədiyi məhkəmə xərclərinin əvəzi olaraq cəmi 60 (altmış) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi idda tələbinin tələbin Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 38.000 (otuz səkkiz min) manat müəyyən edilməsi, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq iddiaçı “Yelo Bank" ASC-nə ödənilməsi hissəsində də iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, kredit müaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 15 may 2018ci il tarixli, 4-G-1-2-0- 236-18 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən, 15 may 2018-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 40.000 manat məbləğində qiymətləndirilmişdir. Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. İş materiallarında olan "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 14-cü məhəll, ev 3/40, 26 saylı mənzilin bazar dəyəri 45.000 manat, likvid dəyəri 38.000 manat təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın likvid dəyərinin 38000 manat müəyyən edilməsi barədə gəldiyi nəticə də əsaslı olmuşdur. Bundan əlavə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə gəldiyi nəticədə də məhkəmə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq iddiaçı “Yelo Bank" ASC-nə ödənilməsi barədə də gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası faiz və cərimə borcunun silinməsi qalan borcun qrafik üzrə ödənilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Həmçinin cərimə borcunun silinməsinə qiymət verərək məhkəmə kollegiayası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi qanunvericilikdə cərimə borcunun azaldılması nəzərdə tutulsa da, cərimə borcunun silinməsi nəzərdə tutulmamışdır. Həmçinin qalan borcun qrafik üzrə ödənilməsi barədə dəlilə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən, müqavilə üzrə ödənişlərin qrafik üzrə ödənilməsi mümkün deyildir. Bundan əlavə qeyd edilən hal üzrə cavabdeh iddiaçı banka müraciət edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-2201/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-2201/2021 saylı qətnaməsi qəyişdirilmədən saxlanılsın Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar