Məhkəmə qərarları › İş №2(105)-3334/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3334/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3334/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-1219/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-1219/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 11.349 manat 21 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manatın iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 194,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 82.500 (səksən iki min beş yüz) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin LPO İddiaçı ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması, 150 manat pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-1219/2021 saylı qətnaməsininin qismən - 1.272 manat 53 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz borc tələbi hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz borcu, 9.571 manat 54 qəpik məbləğində gecikdirməyə görə cərimə məbləği, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 20.620 manat 75 qəpik kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat məbləğində xərcin tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 194,8 m2-dən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi; qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində əmlakın boşaldılması, həmin qeyri-yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi; ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 27.06.2014-cü il tarixli, 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən, cavadeh Cavabdeh1 24 ay müddətinə, illik 19 faiz ödənilmək şərti, 70.000 manat məbləğində kredit vəsaiti verilmişdir. 27.04.2016-cı il tarixli, 2 saylı əlavə razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış 27.06.2014-cü il tarixli, 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 3 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 27 may 2016-cı il, sonuncu ödəniş isə 27 iyun 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. Borc alan istifadə etdiyi kreditə görə kreditora illik 19 faiz ödəyir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 106.CL.270614.00001/c saylı ipoteka müqaviləsi və 27.04.2016-cı il tarixli, 106.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əlavə № 1 bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 194,8 kv.metrdən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 30 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 448.4-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, götürdüyü öhdəliyin pozulmasına səbəb manatın devailvasiyası nəticəsində ölkə iqtisadiyyatına, o cümlədən orta və kiçik biznesə ağır iqtisadi zərər vurulması olmuşdur. Devalivasiya nəticəsində bir çox biznes sahələri, o cümlədən qurduğu kiçik biznes də iflasa uğramışdır. Məhz bundan sonra öhdəliklərini vaxtında və lazımınca icra edə bilməmişdir. Bu səbəb ondan asılı olmayan, əvvəlcədəm görüb, proqnozlaşdıra bilmədiyi, onun cavabdeh olmadığı haldan irəli gəlmiş bir haldır. Bütün bunlar isə üzərinə götürdüyü öhdəliyinin icrasının gecikdirilməsinin ondan asılı olmayan səbəblərdən, təsirli olmadığı obyektiv səbəblərdən baş verdiyini bir daha təsdiq edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - 1.272 manat 53 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz borc tələbi hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-1219/2021 saylı qətnaməsininin qismən - 1.272 manat 53 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz borc tələbi hissəsində mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəlndirilən hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 27.06.2014-cü il tarixli 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 bankdan 24 ay müddətinə, illik 19 faiz ödənilmək şərti, 70.000 manat məbləğində kredit götürmüşdür. 27.04.2016-cı il tarixli 2 saylı əlavə razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış 27.06.2014-cü il tarixli 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 3 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 27 may 2016-cı il, sonuncu ödəniş isə 27 iyun 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 16 sentyabr 2020-ci il tarixə İddiaçı ASCyə 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz, 9.571 manat 54 qəpik məbləğində gecikdirməyə görə cərimə məbləği, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 20.620 manat 75 qəpik borcunun olduğu qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 28.06.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 27.04.2014-cü il tarixli, 106.CL.270614.00001/c saylı ipoteka müqaviləsindən və 27.04.2016-cı il tarixdə ipoteka müqaviləsinə bağlanmış əlavə № 1-dən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, digər Cavabdeh2 ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 194,8 m2-dən ibarət qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur. "xxxx" MMC-nin 18.05.2021-ci il tarixli rəyindən (qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 194,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 18.05.2021-ci il tarixə olan likvid dəyəri 82.500 (səksən iki min beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı və hesabdan çıxarış ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 9571,54 manat cərimə borcu hesablanmışdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən 9571,54 manat məbləğində dəbbənin azaldılaraq, 300 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İddia tələbinin gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 974,78 manat məbləği hissəsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddasinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd olunan hissədə də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın mübahisələndirilən hissədə rədd edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti əsasında ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2.547,31 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-1219/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar