Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3522/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(012)-895/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(012)-895/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, bir ədəd mətbəx mebeli - 780 manat, mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat, “Eurolux” markalı soyuducu - 1650 manat, sini dəridən olan - 120 manat, pufık (uzun) - 120 manatın, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin və dövlət rüsumuna görə 15 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(012)-895/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavədə və əlavə iddia ərizəsində iddia olunan əşyaların, olmadığı təqdirdə isə onların dəyərlərinin, dəqiqləşmə ərizəsində yarasız hala salınmış və aşkar edilməyən cehiz əmlaklarına görə 20720 manat, qızıl-zinət əşyasına görə 500 manat məbləğində pulun Cavabdeh tutulması, nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərinin orijinal CD-lərinə görə 5000 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini, sonrakı dəqiqləşmə ərizəsində isə ərizədə qeyd edilən çatmayan əmlaklarının və ya onlarının dəyərinin, yarasız hala salınmış əmlaklara görə 2670 manat, aşkar edilməyən cehiz əmlaklarına görə 18050 manat, aşkar edilməyən qızıl-zinət əşyasına görə 500 manat məbləğində pulun Cavabdeh tutulması, nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərinin orijinal CD-lərin verilməsi, onların orijinalının qaytarılması mümkün olmadıqda 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17.08.2017-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra, iddiaçının cehiz əşyaları gəlin köçdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Zeynalabdin Tağıyev küçəsi, dalan 6, ev 8 ünvanındakı (“Xəzinə Palace”ın yanı) 3 otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə aparılmışdır və o, həmin evdə yaşamağa başlamışdır. Tərəflərin ilk vaxtlar münasibətləri normal olsa da, sonradan kəskin şəkildə pisləşmişdir. 2017-ci ilin noyabr ayının 17-də cavabdeh iddiaçını evdən qovmuş, nəticədə iddiaçı atasıgildə qalmağa məcbur olmuşdur. Evdən çıxarkən iddiaçının özü ilə birlikdə heç bir əşyanı götürüb aparmağa imkanı olmamışdır. Daha sonra, cavabdeh həmin ünvanda yerləşən fərdi yaşayış evini sökmüşdür. Bu zaman iddiaçının bütün cehiz və qızıl əşyalarını həmin evdən çıxarmışdır. Hazırda onların harada olması barədə onun məlumatı yoxdur. Evdən çıxarıldığı gündən 2 gün sonra, 19 noyabr 2017-ci il tarixində cavabdeh iddiaçının kirayə qaldığı evə 106 ekran LG markalı televizor, taxt döşəyi, balaca xalça, yataq otağının xalçası, yataq otağının pərdəsi, yorğan, 2 balış, 1 yataq dəsti, 3 çəngəl, 2-3 boşbaq, 1 bıçaq, bir balaca qazan və ona məxsus paltar gətirmişdir. Bundan başqa, nişan üzüyü evdən çıxarkən iddiaçının əlində olmuşdur. Ailə qurarkən iddiaçı yuxarıda qeyd olunan cehiz və qızıl-zinət əşyalarını gəlin köçdüyü evə aparmışdır. Bunlardan başqa, toy, nişan və “xınayaxdı” mərasimlərinin videoçəkilişlərinin orijinalı hazırda cavabdehdədir. Həmin CD-lərin əsli iddiaçıda yoxdur, buna görə də onların orijinalının ona qaytarılması zəruridir. Cavabdehin iddiaçıya məxsus əşyaları geri qaytarmaq fikri yoxdur. Bu səbəbdən də ona məxsus əşyalar cehiz əşyaları: mətbəx mebeli - 780 manat; mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat; “Eurolux” markalı paltaryuyan - 850 manat; “Eurolux” markalı soyuducu - 1650 manat; qaz sobası- 250 manat; aspirator 3 çətirli - 750 manat; əl-üz yuma sifonu və krantı- 160 manat; qazan dəsti 6 ədədli - 440 manat; tava dəsti 5 ədədli- 320 manat; tək böyük tava - 90 manat; “Emsa” tava qazan dəsti - 780 manat; böyük aş qazanı - 130 manat; mantı qazanı - 150 manat; 6 ədəd balaca piti qabı- 90 manat; mətbəx üçün jalüz - 100 manat; həm qazan həm tava dəsti - 400 manat; “Eurolux” markalı mətbəx robotu - 220 manat; mikser dəsti - 90 manat; “Eurolux” markalı blender - 55 manat; “Eurolux” markalı çay qızdırıcı çaydan 60 manat; qəhvədan - 50 manat; böyük çaydan - 30 manat; balaca çaydan- 20 manat; “Eurolux” markalı ət maşını - 180 manat; soba - 270 manat; mətbəx aksesuarı ədva dəsti - 160 manat; ədva dəsti -60 manat; böyük ədva dəsti 90 manat; çəngəl və bıçaq dəsti - 250 manat; çəngəl və bıçaq böyük dəst - 350 manat; 24 çəngəl 24 qaşıq 24 çay qaşığı 24 tort çəngəli 12 limon çəngəli sadə dəst - 150 manat; 12 ədəd aş qaşığı - 90 manat; Moskvadan alınmış, qutuda bıçaq balaca qaşıq böyük qaşıq çəngəl dəsti - 100 manat; gümüş 4 ədəd aş qaşığı - 200 manat; gümüş bıçaq (tort götürən) - 120 manat; mətbəx üçün 24 kasa böyük, 24 ədəd balaca, 24 böyük orta balaca boşqab - 250 manat; Karacadan 12 dənəli nahar dəsti servis - 1200 manat; sini ikili dəst - 100 manat; sini dəridən olan - 120 manat; sini dördlü dəst 220 manat; bürüncdən olan böyük sini - 200 manat; mətbəx üçün müxtəlif xırda ləvazimatlar - 250 manat; nəlbəki 36 ədəd - 80 manat; mürəbbə yeyilən balaca nəlbəki 36 ədəd - 60 manat; qorka ucun qablar: qrafın, bir guldan, iki boyuk konfet qabı - 750 manat; iki büllur qayıq meyvə qabı - 650 manat; iki hündür meyvə qabı büllur orta hesabla - 400 manat; stəkan dəsti - 220 manat; böyük üç mərtəbəli konfet dəsti - 100 manat; iki ədəd hündür büllur şirniyyat qabı - 440 manat; iki orta hündür büllur şirniyyat qabı - 180 manat; iki ədəd orta büllur qənd qabı - 100 manat; qonaq üçün boşqab dəsti: 24 ədəd dördbucaq boşqab, 8 ədəd böyük bulud, 8 ədəd orta bulud, 8 ədəd balaca bulud, 12 ədəd uzunsov və dərin ve dolma buludu - 900 manat; 24 ədəd qaşıq böyük, 24 ədəd qaşıq balaca, 12 meyvə bıçağı – 230 manat; gündəlik işlətməyə sadə şüşə qablar orta hesabla - 1000 manat; 24 ədəd kompot stəkanı - 180 manat; 12 ədəd xrustal araq badəsi - 90 manat; 5x4-ə xalça - 750 manat; 12 ədəd sadə bokallar - 40manat; 12 ədəd bokal - 50 manat; büllur stəkan, nəbləki, mürəbbə üçün balaca nəlbəki hər biri 36 ədəd olmaqla - 450 manat; 60 ədəd mürəbbə və kompot balonu - 500 manat; “LG” markalı DVD - 50 manat; LED pultlu çilçıraq - 550 manat; kranşteyn - 40 manat; qonaq otaği künc divanı - 850 manat; stol - 850 manat; hər biri 90 manat olmaqla 6 ədəd stul - 540 manat; qorka - 200 manat; “Eurolux” markalı kondensioner (madam coco) - 250 manat; öprtük tac - 170 manat; biri 90 manat olmaqla, 2 ədəd örtük yay üçün - 180 manat; 2 nəfərlik tüklü örtük - 170 manat; 2 ədəd tək nəfərlik örtük 90 manat; yorğan 3 ədəd iki nəfərlik - 300 manat; “TAC” firmasından yorğan, balış və prostin dəsti - 250 manat; sintefon balış, yorğan və prostin dəsti - 120 manat; qu-quşu tükündən 2 ədəd balış - 220 manat; 2 ədəd tək adamlıq döşək - 250 manat; 3 ədəd tək adamlıq sentifon yorğan - 200 manat; “Eurolux” markalı ütü - 200 manat; ütü altı - 80 manat; saç ütü-feni - 40 manat; saç feni - 50 manat; paltarlar orta hesabla - 1000 manat; kosmetikalar - 200 manat; “Faberlic” markalı ətirlər, şampun, balzam, bədən, əl, ayaq, daban kremləri, saç üçün müxtəlif maskalar və s. orta hesabla - 470 manat; “Sholen” daban üçün aparat - 45 manat; hamam dəsti (xalat və s.) - 180 manat; 60 ədəd çay dəsmalı - 200 manat; əl-üz dəsmalları - 280 manat; 6 ədəd hədiyyəlik qutuda dəsmal dəsti - 55 manat; can dəsmalı 18 ədəd 450 manat; 8 ədəd süfrə - 1200 manat; 24 ədəd uşaq üçün dəsmal - 80 manat və yataq otağı üçün çilçıraq - 100 manat; qızıl-zinət əşyaları: sadə boyunbağı 1 ədəd, bilərzik 1 ədəd, sırğa 1 ədəd, üzük 1 ədəd, 585 əyar ümumi çəkisi 30 qram olmaqla ümumi qiyməti - 3000 manat; nənəsinin hədiyyə etdiyi 5,5 qram brilyant qaşlı üzük - 500 manat, nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərininin orijinal CD-ləri cavabdehdə qalmışdır. Həmin əmlaklar ona məxsus olduğundan özünə qaytarılmalıdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir. Belə ki, tərəflər 17.08.2017-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdehlə ailə həyatı qurduqdan sonra onun cehiz əşyaları gəlin köçdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Zeynalabdin Tağıyev küçəsi, dalan 6, ev 8 ünvanındakı (“Xəzinə Palace”-ın yanı) 3 otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə aparılmışdır. Bu evdən qovularkən, özü ilə birlikdə heç bir əşyanı götürüb aparmağa imkanı olmamışdır. Daha sonra, cavabdeh həmin ünvanda yerləşən fərdi yaşayış evini sökmüşdür. Bu zaman bütün cehiz və qızıl əşyaları həmin evdən çıxarılmışdır. Daha sonra, cehiz əmlak və qızıl-zinət əşyalarının geri verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə prossesinin gedişində həmin əşyalardan bəziləri cavabdeh tərəfindən geri qaytarılmışdır. Buna baxmayaraq, iddia ərizəsində qeyd edilən əşyaların bir çoxu aşkar edilməmiş, bəziləri isə yararsız vəziyyətə salınmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin əşyaların dəyərinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə isə onun iştirakı olmadan açıq-aşkar onun ziyanına qətnamə qəbul etmişdir. İşin gedişində məhkəməyə iddia tələbinin dəqiqləşdirirlməsinə dair ərizə ilə müraciət edilmişdir. Bu zaman iddia tələbi aşağıdakı kimi olmuşdur: 1) Yararsız hala salınmış cehiz əmlaka görə 2670 manat, aşkar olunmayan cehiz əmlaka görə 18050 manat və aşkar olunmayan qızılzinət əşyasına görə 500 manat məbləğində pulun Cavabdeh tutulması; 2) Nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərininin orijinal CD-lərinin cavabdehdən alınaraq ona qaytarılması; 3) Nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərininin orijinal CD-lərinin qaytarılması mümkün olmadıqda, 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi. Göründüyü kimi, iddianın həcmi və predmeti dəyişdirilmiş, məhkəmədən cehiz əşyaları yox, onların dəyəri tələb olunmuşdur. Məhkəmədən yalnız toy və xına mərasimindən olan foto və video çəkilişlərin diskləri faktiki olaraq tələb edilmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsi ilə isə həmin əmlakların cavabdehdən alınıb qaytarılması təmin edilmişdir. Göründüyü kimi, məhkəmə bu hissədə kobud prosessual pozuntuya yol vermişdir. İşə baxan məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əhəmiyyət verməmişdir. Bu isə məhkəmənin işə laqeyd yanaşdığının, mülki işlə yaxından tanış olmadan qətnamə qəbul etdiyinin göstəricisidir. İşin gedişində cehiz əşyalarının saxlanıldığı yerə baxış keçirilmişdir və bu barədə akt tərtib olunmuşdur. Bu zaman cehiz əşyalarının bir hissəsi aşkar edilərək götürülmüş, bir hissəsinin isə yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Cehiz əmlakın böyük bir qismi isə aşkar edilməmişdir. Məhkəmə qətnaməsində isə bu barədə ümumiyyətlə heç bir qeyd yoxdur. Məhkəmə tamamilə əsassız olaraq cavabdehdə olan yararsız əşyaların alınaraq ona verilməsi barədə qərar qəbul etmiş, naturada aşkar olunmayan əşyalara isə münasibət bildirilməmişdir. İşə baxan məhkəmə mübahisəyə birtərəfli və qərəzli yanaşmış, onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsi üçün məhkəməyə kifayət qədər sübutlar təqdim etdiklərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Onun vəkili və nümayəndəsi Vəkil da eyni məzmunlu izahat verdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2, habelə onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Z.Şeydayev əlavə olaraq bildirdi ki, evdə iddiaçının cəmi 6 adda əşyası qalıb və onu qaytarmaq istəsələr də onun tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin təsdiq etdiyi 18.03.2021-ci il tarixli aktdan görünür ki, icra məmurları hazırkı mübahisə üzrə iddianın təmini tədbiri barədə qərardadın icrası ilə bağlı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Zeynalabdin Tağıyev küçəsi, dalan 6, ev 8 ünvanındakı 3 otaqlı özbaşına tikilmiş fərdi yaşayış evində olmuş, tələb edilən əmlaklardan 28 ədədi aşkar edilməmiş, 62 ədədi tələbkara təhvil verilmiş, 6 ədədi yararsız olduğundan qəbul edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin və onların nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(012)-895/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər 17 avqust 2017-ci il tarixdə nikah münasibətlərinə daxil olmuş və nikahlarını rəsmiləşdirmişlər. İddiaçı toydan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Zeynalabdin Tağıyev küçəsi, dalan 6, ev 8 ünvanındakı (“Xəzinə Palace”-ın yanı) 3 otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə gəlin köçmüş, tərəflər orada yaşamışlar. İddiaçı iddia edir ki, adıçəkilən cehiz əşyaları, qızıl-zinət əşyaları və digər əşyaları cavabdehdədir. Onların bir qismi qaytarılmış, bir qismi yararsız hala salınmış, bir qismi isə sıradan çıxarılmışdır. Cavabdeh isə iddia tələbini qismən qəbul edir. Bu əmlaklarla bağlı onların arasında mübahisə yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi kifayət qədər sübut olmaması səbəbilə iddianı bir hissədə rədd etmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Eyni məzmunlu müddəanı nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İsinad olunan maddənin dispozisiyasından göründüyü kimi tələb olunan əmlak tələbkarın mülkiyyətində, özgənin isə qanunsuz sahibliyində olmalıdır. İşdən görünür ki, iddiaçının 17.08.2017-ci ildə gəlin köçüb yaşadığı ev Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Zeynalabdin Tağıyev küçəsi, dalan 6, ev 8 ünvanındakı (“Xəzinə Palace”-ın yanı) 3 otaqlı özbaşına tikili olmuşdur. Həmin tikili, iddiaçı 2017-ci ilin sonlarında (17.11.2017-ci il) həmin evdən çıxıb gedəndən sonra mülkiyyətçi tərəfindən sökülmüş və hazırda mövcud deyildir. İşin məhkəmə baxışında cavabdeh tərəfin razılığı ilə iddiaçı tərəf iddia olunan əmlaklardan götürdüyündən, iddiaçı sonradan tələbini dəqiqləşdirmişdir. Bundan sonra, müəyyən edilmişdir ki, iddia olunan əmlaklardan-mətbəx mebeli - 780 manat, mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat, “Eurolux” markalı soyuducu - 1650 manat, dəridən olan sini- 120 manat, uzun pufık - 120 manat evdə olmuş, lakin iddiaçı onlarda müəyyən qüsurlar olduğundan imtina etmişdir. Məhkəmə baxışında iddiaçının razılığı ilə cavabdeh tərəfə vaxt verilmiş, həmin əmlaklarda olan cızıq və s. bu kimi qüsurlar aradan qaldırılsa da, yenə də iddiaçı tərəfindən qəbul edilməmişdir. Qeyd edilən əmlakların gündəlik məişətdə tərəflərin hələ birgə nikah zamanı istifadə etməsi istisna olunmur. Bu baxımdan onların bu və ya digər dərəcəsədə hansı müddətdə yararsız hala düşməsini müəyyən etmək mümkün deyildir Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi iddia olunan əmlaklardan- mətbəx mebeli - 780 manat, mətbəx mebelinin arxa fonu (mozaikası) - 150 manat, “Eurolux” markalı soyuducu - 1650 manat, dəridən olan sini - 120 manat, uzun pufik - 120 manat hissəsində əsaslı olmaqla təmin edilməli, həmin əmlaklar, onlar mövcud olmadığı halda isə dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən qalan əmlakların və qızıl-zinət əşyalarının cavabdehin qanunsuz istifadəsində qalmasına dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ona istinad edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinin əsaslarına dair dəlillərini iddia etdiyi həcmdə tam sübut edə bilməmiş, özünə məxsus qalan cehiz əmlakların, ümumi dəyəri 500 manat olan qızıl-zinət əşyalarının, həmçinin nişan, “xınayaxdı” və toy mərasimlərinin videoçəkilişlərinin orijinal CD-lərin cavabdehin qanunsuz istifadəsində qalmasına dair məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(012)- 895/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3522/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3522/2021
28.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver